Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4012/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1, həmin orqanın nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2, həmin MMC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hər ilin sonu uçot və hesabat tərtib edilməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən hesabat təqdim edilməmişdir. Bununla bağlı tərəflərindən məktub ünvanlanmışdır ki, iyulun 18-də inzibati araşdırmada iştirak etsinlər, lakin araşdırmada iştirak etməmişlər. Bu səbəbdən də protokol tərtib etmişlər. Monitorinqin keçirilməsində MMC-nin nümayəndəsi və vəkili də iştirak etmişdir. 2016-cı ildən bu yana MMC-nin uçot və hesabat təqdim etdiyini bilmir. Tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, Şəxs MMC-nin barəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 07 avqust 2024-cü il tarixli aktı və inzibati xəta haqqında protokolu əsassız və qanunsuz hesab edirlər. Belə ki, nə aktın yazılmasında, nə də ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman onlar iştirak etməmişlər və onları oraya heç kim dəvət etməyib. Müəssisənin direktorunun aktı imzalamaqdan imtina etməsi barədə göstərilənlər isə həmin idarənin işçilərinin fantaziyasından başqa bir şey deyildir. Hesabatların guya vaxtında verilməməsi ilə bağlı göstərilənlər də həqiqəti əks etdirmir. Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması mümkün deyil, çünki atmosfer havasına atılan zərərli maddələrə dair, təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair, sudan istifadəyə dair rəsmi statistika hesabatını aparmaq müəsssisələrin özləri tərəfindən müəyyən edilə bilməz. Bunun üçün müəssisədə müəyyən cihazlarla monitorinq keçirilməli, əldə olunan məlumatlar müəssisəyə verilməli və bundan sonra uçot və hesabatdan söhbət gedə bilər. Bütün bunlar hazırkı halda baş verməmişdir. Müəssisə həmin sahə üzrə mütəxəssis deyil və müstəqil şəkildə atmosfer havasına atılan zərərli maddələrin miqdarını, təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətini, sudan istifadə zamanı onun axıdılması və keyfiyyətini müəyyən edə bilməz. Belə olan halda burada inzibati xəta yoxdur. Əvvəlki illərin hesabatlarını məhkəməyə təqdim edirlər, həmin hesabatlar 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi məlumatlar əsasında tərtib olunub və özləri tərəfindən müəssisədən götürülərək razılaşdırılmaq üçün aparılıb və həmin idarədə razılaşdırıldıqdan sonra bir nüsxəsi müəssisəyə qaytarılıb. Bu il isə müəssisədə monitorinq keçirilməyib. Statistik hesabatlar keçən ilki məlumatlar əsasında tərtib olunub. Yəni, statistik hesabatın verilməsi müstəqil olaraq müəssisə tərəfindən həyata keçirilə bilməz. Ümumiyyətlə, İXM-nin 239-cu maddəsi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə inzibati xəta nəzərdə tutur. Şəxs MMC ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti ilə məşğul olmur. Ümumiyyətlə, statistik hesabatın verilməsi, verilməməsi, gecikdirilməsi, düzgün verilməməsi birbaşa Regional İdarənin keçirməli olduğu monitorinqdən asılıdır. Məhkəmə tərəfindən də bu məsələyə aydınlıq gətirilməsi üçün mütləq hesabatların verilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu verilməlidir. Məhkəmə qanunsuz tərtib olunmuş akta və inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-yə qarşı İXM-nin 239-cü maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edə bilməz və qəbul etməməlidir. Əlavə olaraq qeyd edir ki, onlar hər il illik uçot və hesabatı vermişlər. Bu il də yanvar ayında vermişlər. Bir dənə sənəd göstərsinlər ki, onlara məkub göndərmişlər. Əmək Müfəttişliyinin yazdığı aktda qeyd olunmuşdur ki, monitorinq keçirilmişdir. Lakin, monitorinq keçirilməmişdir. Onlar hesabatları vermişlər. Əmək Müfəttişliyi onların izahat yazmalarını bildirmişlər. Ancaq o, izahat yazmaqdan imtina etmişdir ki, nə səbəbə izahat yazmalıdır. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 nümayəndənin dəlillərini müdafiə edib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 07 avqust 2024-cü il tarixli 85550 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən ətraf mühitə atılan çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən formalaşan istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında 2TG (hava, su, tullantı) illik statistik hesabaların təqdim edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, Ç- MB/2624-448 nömrəli rəsmi dəvət məktubu ünvanlanaraq araşdırmaya dəvət olunmuşdur. Müəssisənin rəhbəri X4 araşdırmaya gəlsə də Şəxs MMC tərəfindən ətraf mühitə atılan (axıntılar) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən formalaşan istehsalat və məişət tullantıların həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında 2TG (hava, su, tullantı) illik statistik hesabaları təqdim etməmişdir. Bununla da Şəxs MMC tərəfindən “X6 haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri pozulmuşdur. “X6 haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 1-ci və 3cü hissələrinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat X6 sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 8 aprel 2013-cü il tarixli 24/11 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair” 2-TG (tullantılar) illik hesabat formasından görünür ki, istehsal prosesində təhlükəli tullantılar əmələ gətirən birliklər, müəssisələr, təşkilatlar və idarələr hesabatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə şöbəsi və rayon (şəhər) Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırdıqdan sonra yanvarın 25-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim etməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 mart 2019-cu il tarixli 17/12 nömrəli qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına atılan zərərli maddələrə dair” 2-TG (hava) illik hesabat formasından görünür ki, hesabat atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən fevral ayının 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edilir (regional ekologiya və təbii sərvətlər idarələri ilə razılaşdırıldıqdan sonra). İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Bu, tərtib olunmuş 07 avqust 2024-cü il tarixli aktla və verilmiş izahatlarla öz təsdiqini tapır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə təqsirli bilinib, barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4012/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4012/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver