Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4017/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X6, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-patrul xidməti inspektoru X2 iştirakları ilə, X6 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 02 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 02 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ Yol patrul xidmətinin inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və bu barədə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Sonradan xx.xx.2024-cü il tarixdə barəsində TP6659973 nömrəli elektron qərar qəbul olunmuş və qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, ona 80 manat və 3 bal inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, yolayrıcını keçmə qaydalarının pozulması ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. O, bu qərarla razı deyil və şikayətini aşağıdakı qaydada əsaslandırır. İlk əvvəl qeyd edir ki, protokolda protokolun tərtib edildiyi yer və vaxt göstərilsə də, inzibati xətanın törədildiyi yer və xətanın mahiyyəti qeyd edilməmişdir. Hansı ki, inzibati tənbeh vermə haqqında qərarda “yolayrıcını keçmə qaydalarının pozulması” göstərilmiş və qərar İXP ******* nömrəli protokola əsaslanmışdır. Həmin protokolda isə inzibati xətanın mahiyyəti göstərilməmişdir. Nəzərə alınsa ki, İXM-nin 327.2-ci maddəsində mahiyyət etibarilə fərqlənən ayrı-ayrı inzibati xətanın törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Onda sual yaranır ki, protokol konkret olaraq hansı əmələ görə tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Göründüyü kimi hadisənin baş verdiyi yer və xətanın mahiyyəti protokolda ümumiyyətlə göstərilməmişdir. Qanunvericiliyin tələbinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu təqdirdə, həmin protokolda nə kimi məlumatların düzgün formada qeyd olunması imperativ şəkildə əks olunmuşdur. Buna baxmayaraq yuxarıda da qeyd etdiyi kimi barəsində tərtib olunan protokolda hadisənin harada baş verməsi qeyd olunmamışdır. Hesab edir ki, məhkəmə bu kimi məsələlərə özü hüquqi qiymət verəcəkdir. Tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, ümumiyyətlə inzibati xəta hadisəsinin baş verib-verməməsi məsələsinə gəldikdə, bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində o, istifadəsində olan “Hyundai Sonata minik” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi ilə hərəkət edib “Neftçilər” metrostansiyası tərəfə getmək istəmişdir. Buna görə də Ş.Mirzəyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsinin qarşısında quraşdırılmış svetoforun qırmızı işiğı qarşısında dayanmışdır. Sol tərəfə dönəcəyindən avtomobilin sola dönmə işıq cihazını yandırmışdır. Həmin vaxt həyat yoldaşı X3 da avtomobildə arxa oturacaqda, sağ tərəfdə əyləşmişdir. Yolayrıcı qarşısında quraşdırılmış svetoforun yaşıl işığı yandıqdan sonra dayandığı sol 2-ci zolaqdan düzünə hərəkət edib yolayrıcına daxil olmuşdur. Həmin vaxt qarşı tərəfdən düzünə, sağa və sola avtomobillər hərəkət etmişlər. O, həmin avtomobilləri aydın görmüşdür. Bu səbəbdən yolarıcının mərkəzində, hərəkət etdiyi zolaqda tam dayanıb gözləmişdir. Bütün zolaqlardakı avtomobillər hərəkət edib yolayrıcını tam boşaltmışlar. O, yolayrıcında ona görə dayanmışdır ki, qarşıdan düzünə və sağa hərəkət edən avtomobillərə yol versin. Həmin vaxt qarşı tərəfdə 4-cü zolaqda DYPİ-nin **- YP-*** dövlət qeydiyyat nişanlı avtomobili tam dayanmışdır. Hər hansı işıq siqnalı və səs siqnalını qoşmamışdır. Həmin DYPİ avtomobili daima orada dayanıqlı və hərəkətsiz olur, xidmət aparır. O, qarşıdan düzünə və sağa hərəkət edən avtomobillərin gəlmədiyini, yolayrıcının tam boşaldığını görmüşdür. Qarşı tərəfdə 4-cü zolaqda (hansı ki, yalnız sola dönməyə icazə verən zolaq) dayanan DYPİ avtomobilinin dayanaraq xidmət apardığını, hərəkətsiz olduğunu görüb və ən əsası onun dayandığı 4-cü zolaqdan yalnız sola dönməyə icazə verildiyindən o, avtomobili sola döndərib hərəkətə başlamışdır. Qanun ondan yalnız düzünə və sağa dönən nəqliyyat vasitələrinə yol verməyini tələb edir. Bildirir ki, sola döndüyü Qara Qarayev prospekti 3 zolaqdan ibarətdir. Həmin hissədə yol kifayət qədər enlidir. Belə ki, həmin yolda eyni vaxtda 3 avtomobil sərbəst hərəkət edə bilər. Ən əsası isə avtobuslar üçün nəzərdə tutulmuş sağ 1-ci zolaq tam boş olmuşdur. Həmin zolağa ümumiyyətlə daxil olmamışdır. Sağ 1-ci zolaq yalnız ümumi istifadədə olan nəqliyyat vasitələri və avtobuslar üçün nəzərdə tutulmuşdur. 5.9 nişanı quraşdırılmışdır. Bu səbəbdən sağ 2-ci zolağa daxil olub hərəkəti davam etdirmək istəmişdir. Həmin vaxt qarşı 4-cü zolaqda dayanmış və yalnız sola hərəkətinə icazə verilmiş DYPİ avtomobili qəfildən, çox yüksək sürətlə hərəkət edib onun avtomobilinə saxla əmrini vermişdir. Həmin vaxt onun səs siqnalları qoşulu olmamışdır. Belə ki, qanunun tələbinə görə operativ nəqliyyat vasitəsi eyni anda işıq və səs siqnallarını qoşmalı idi. O, avtomobili qarşı tərəfdə saxlamışdır. İnspektor ona yaxınlaşaraq bildirmişdir ki, qayda pozuntusu etmişdir. Hansı qayda pozuntusunu törətdiyini soruşanda ona dəqiq nəsə deyə bilməmişdir. Gah ona, yəni operativ nəqliyyat vasitəsinə yol vermədiyini, gah da yolayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. O, DYP inspektoruna konkret sual vermişdir ki, o, kimə yol verməmişdir? Bildirmişdir ki, ona, yəni DYP avtomobilinə yol verməmişdir, barəsində protokol tərtib edəcəkdir. O, bununla qəti razılaşmamış, hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. Sonradan DYP idarəsində video görüntüyə baxmışdır. Görüntüyə baxdıqdan sonra da tam əmin olmuşdur ki, ümumiyyətlə qayda pozuntusu törətməmişdir. Məlumat üçün bildirir ki, qarşı tərəfdən gələn yol 4 zolaqlıdır. Sağ 1-ci zolaq yalnız sağa, 2-ci zolaq düzünə və sağa, 3-cü zolaq düzünə və sola, 4-cü zolaq isə yalnız sola dönmək üçün nəzərdə tutulmuşdur. Həmin zolaqlarda hərəkət istiqamətləri yerdə, asfalt üzərində də aydın göstərilmişdir. Bu barədə tərəfindən şəkillər çəkilmiş və diskə əlavə olunmuşdur. Aşağıdakılara görə də ona yazılmış protokol və qərarın əsassız və qanunsuz olduğunu bildirir. Əvvəla, DYPİ-nin avtomobili 4-cü zolaqda dayanmışdı, tam hərəkətsiz idi. Ən əsası həmin zolaq yalnız sola hərəkət etməyə icazə verir. DYP avtomobilinin və digər avtomobilin ümumiyyətlə həmin zolaqdan düzünə və sağa hərəkət etməsi qanunsuzdur. Hesab edilsə ki, həmin vaxt DYP avtomobili özünü operativ nəqliyyat vasitəsi hesab etmişdir, onda gərək operativ nəqliyyat vasitəsi kimi işıq və səs siqnallarını eyni anda qoşmuş olardı. Operativ nəqliyyat vasitəsi deyildirsə, onda niyə vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanun pozuntusu edir? Həmin vaxt DYP avtomobili ümumiyytlə səs və işıq siqnallarını qoşmamışdır. Bu, video görüntüdən də açıq-aydın görünür. Qanuna görə də üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Əgər eyni anda işiq və səs siqnallarını qoşmuş olsaydı, inspektor onda operariv nəqliyyat vasitəsinə yol verməməyə görə inzibati protokol tərtib etməli idi. Dəlilinin və şikayətinin ən əsas hissəsi isə ondan ibarətdir ki, sağa dönən nəqliyyat vasitəsi sağa dönmə işıq siqnalı işə salıb, ona ən yaxın 1-ci sağ zolaqdan dönmə əməliyyatı etməlidir. Belə ki, DYP avtomobili ilk olaraq sağa dönüb avtobus zolağına dönməli idi. Hansı ki, həmin vaxt o zolaq boş idi. Sonra sola dönmə işıq siqnalını yandırıb 2-ci zolağa keçməli idi. Bu norma Yol hərəkəti haqqında Qanunun normalarının tələbidir. Həmin vaxt yolda digər avtomobil və hər hansı maneə yox idi. DYP avtomobili ümumiyyətlə qanunauyğun şəkildə manevr, sağa dönmə əməliyyatı icra etməmişdir. Əksinə vəzifə səlahiyyətlərindən sui-istifadə edib özü qanun pozuntusu etmişdir. Belə ki, DYP avtomobilinin sağ 1-ci zolaq boş olduğu halda 2-ci zolağa dönməsi DYP əməkdaşı üçün qanun pozuntusudur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12-ci bəndinə əsasən nizamlanan yolayrıcı - hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcmm siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; Həmin qanunun 1-ci maddəsinin 20-ci bəndinə əsasən operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir; Həmin Qanunun 75-ci maddəsinin İİİ hissəsinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcmm siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Həmin Qanunun 76-cı maddəsinin İ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 76-cı maddəsinin V hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Həmin Qanunun 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. DYP əməkdaşı ilkin olaraq kənar sağ 1-ci zolaqdan dönmə əməliyyatı edib avtobus zolağına daxil olmalı idi. Həmin Qanunun 42-ci maddəsinin Vİİ hissəsinə əsasən elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. DYP əməkdaşı bu normanın da tələblərini pozaraq özü qanun pozuntusu etmişdir. Həmin Qanunun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Bu normada isə konkret göstərilmişdir ki, DYP əməkdaşı ilk olaraq avtobus zolağına daxil olmalı idi, sonra sol 2-ci zolağa keçməli idi. Şikayətinin ən əsas və ümdə hissəsi sayılan “Yol verməlidir” anlayışını qanunverici çox dəqiq və aydın formada izah etmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 41-ci bəndində göstərilmişdir ki, yol vermək sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Göründüyü kimi qanunvericilikdə hərəkət istiqaməti və sürətin dəyişdirilməsi qəflətən baş verdikdə, bu qanun pozuntusu hesab edilmişdir. Adi halda hərəkət istiqamətini və sürətini dəyişdirməyi ümumiyyətlə pozuntu hesab edilməmişdir. Hansı ki, DYP avtomobilinin hərəkət istiqaməti və sürəti nəinki qəflətən dəyişmiş, ümumiyyətlə hərəkət istiqaməti və sürətini özü qəsdən qəflətən artırmışdır ki, onun avtomobilinə maneə yaratsın və vətəndaşlara cərimə yazsın. Hansı ki, bu polis əməkdaşı üçün yolverilməzdir. onun hərəkəti DYP avtomobilinin hərəkət istiqamətinə və sürətinə hər hansı təsir etməmişdir. Özü inzibati xəta törətməsi bir kənara, əlavə olaraq ona inzibati protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nörməli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan qərar üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, sürücü X6 yolayrıcını keçmə qaydalarını pozmasına görə onun barəsində 22 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib edərkən qanunvericiliyin tələblərini pozmamışdır, şikayətdə göstərilənlərin əsası yoxdur. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, inzibati xəta vizual müşahidə ilə aşkar edilmiş, həmçinin araşdırma zamanı görüntülərlə sübuta yetirilmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol “Hyundai Sonata minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Bakı şəhəri, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 02 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai Sonata minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X7 Bakı şəhəri, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməində 22 iyul 2024-cü il tarixdə saat 14:04-də “yolayrıcını keçmə qaydalarının pozulmasına görə” 22 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında sübut qismində təqdim olunan CD diskə əlavə edilmiş videogörüntülərə baxış keçirilmişdir, diskə əlavə edilmiş görüntülərlə inzibati tənbeh vermə haqqında qərarda əksini tapmış inzibati xətanın törədildiyinin təsdiq olunduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 22 iyul 2024-cü il tarixdə saat 14:04də “Hyundai Sonata minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərinə əməl etməyib, yolayrıcını keçmə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X6 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, X6 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Təqdim olunan videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilən baxış zamanı da inzibati xətanın törədilməsi və bu xətanın törədilməsində X6 təqsirli olması təkzibolunmaz qaydada sübuta yetirilmişdir. Ona görə X6 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X6 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 02 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4017/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4017/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver