Məhkəmə qərarları › İş №3(007)-4019/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4019/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4019/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən X5 2023-cü ilin yanvar ayının 12,13,14,16,17,18,19,21,23-cü tarixlərində Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi V.Ə.Musalı tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, X2 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək Şəxs MMC-də 12 yanvar 2023-cü il tarixdən həkim-pediatr işləyərək xəstələrə xidmət göstərməsini, əmək müqaviləsinin isə 24 yanvar 2023-cü il tarixdə, yəni işə faktiki başladığı tarixdən 12 gün sonra rəsmiləşdirilərək elektron sistemə daxil edilməsini bildirmişdir. X10 müraciətində fevral ayı üzrə əmək haqqı və son haqq hesabının da ödənilmədiyini bildirmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, X10 Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunmuş, pasientləri qəbul etmiş və bununla bağlı Şəxs MMC-dən qəbzlər verilmişdir. Həmin qəbzlər S.Səidovun protokolda göstərilən tarixlərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən klinikada fəaliyyət göstərməsini təsdiq edir. Əmək müqaviləsi işə başladığı 12 yanvar 2023-cü il tarixdə bağlanmalı olduğu halda, 24 yanvar 2023-cü il tarixdə bağlanmışdır. X5 xidmət göstərdiyi pasientlərdən birinin valideyni X7 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Şəxs MMC-də övladlarının həkim S.Səidov tərəfindən müayinə edildiyini və bu barədə ödəniş qəbzi verildiyini bildirmişdir. Adətən klinikaya müraciət edən zaman ödəniş etdikdən sonra həmin qəbzlərdən biri həkimə təqdim edilir, qəbzin bir nüsxəsi isə pasientdə qalır. Əgər şübhələr varsa həmin qəbzlərin aid olduğu şəxslər məhkəmə prosesinə cəlb oluna bilərlər. X5 X7 Xidmətinin Bakı şəhər idarəsinə müraciəti əsasında ətraflı araşdırma aparılmış və Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş protokol əsassızdır. Protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin olunmamışdır. X10 24 yanvar 2023-cü il tarixdə işə qəbul olunmasına dair ərizə ilə Şəxs MMC-yə müraciət etmiş, ərizəsi əsasında həmin tarixdə onunla əmək müqaviləsi bağlanmış və əmr verilərək həkim-pediatr vəzifəsinə qəbul edilmiş, həmin tarixdən işə başlamışdır. S.Səidov 24 yanvar 2023-cü il tarixdən əvvəl Şəxs MMC-də işləməmişdir, onun fəaliyyət göstərəcəyi otaqda həmin vaxtadək təmir işləri aparılmışdır. Bunu klinikanın əməkdaşları və təmir işlərini aparan ustalar da təsdiq edə bilərlər. Həmin şəxsin istədiyi avadanlıqlar alınaraq otağı təmir edilmiş və bütün bunlara Şəxs MMC tərəfindən 30000-40000 manat xərc çəkilmişdir. Əmək müqaviləsi portaldan yanvar ayının 24-ü çıxarılıb, həmin tarixdə imzalanmışdır. S.Səidov yanvar ayının 24-ü ərizə verir və əmək müqaviləsini həmin tarixdə imzalayırsa necə olur ki, işə nə vaxt başladığından xəbəri olmur. Həkim S.Səidovun Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləməsini təsdiq edən sübut yoxdur. Protokola əlavə edilmiş ödəniş qəbzlərində adları göstərilən şəxslər əvvəlki pasientləri, dostları və tanışlarının övladları ola bilər. Həmin qəbzlərin Şəxs MMC-yə aid olması, həmin MMC tərəfindən verilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Şəxs MMC-də ödəniş zamanı verilən qəbzlərdə MMC-nin adının əks olunduğu klinikaya məxsus dairəvi möhürdən istifadə olunur. Klinikada verilən qəbzləri mühasib məhkəməyə təqdim edəcəkdir. S.Səidovun Şəxs MMC-də xidmət göstərdiyi pasientin atasının ərizəsinə münasibətdə bildirir ki, həmin ərizənin X7 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması sübut olunmur, yəni ərizənin idarənin dəftərxanasında qəbul olunmasına, icrasının həvalə olunmasına dair qeyd yoxdur. Bundan başqa həmin ərizədən görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə verilmiş, protokol isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir, yəni protokol tərtib edildikdən sonra ərizə verilmişdir. Həmin ərizə sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yalnız S.Səidovun müraciətinə əlavə edilmiş Şəxs MMC-yə aid olmayan qəbzlərə əsasən tam, obyektiv və hərtərəfli araşdırma aparılmadan protokol tərtib edilmişdir. Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, S.Səidov ərizə verdiyi gün onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bildirişi həmin tarixdə sistemə daxil edilmiş, əmri verilərək işə başlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi əsassız protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmədən sübutların mötəbərliliyinə qiymət verərkən qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 bildirmişdir ki, Şəxs MMC-də mühasib işləyir. X10 24 yanvar 2023-cü il tarixdə işə qəbul olunması barədə ərizəni və digər sənədləri klinikada ona təqdim etmişdir. Ərizənin verildiyi gün, yəni 24 yanvar 2023cü il tarixdə X10 ilə əmək müqaviləsi bağlanmış, əmri verilmişdir. S.Səidov əmək müqaviləsini imzalamış, əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə daxil edilərək qeydiyyata alınmışdır. Protokola əlavə edilmiş ödəniş qəbzləri Şəxs MMC-yə aid deyil. Həmin qəbzlərə vurulmuş “ödənilib” möhürü köşklərdə satılır, istənilən şəxs həmin möhürdən istifadə edərək qəbz hazırlaya bilər. Şəxs MMC-də müayinə olunan pasientlərə ödəniş zamanı klinikanın adının əks olunduğu dairəvi möhür vurulmuş qəbzlər verilir. Həmin qəbzlərdən bir neçəsini məhkəməyə təqdim edir. Klinikada ödəniş qəbzləri pasientə təqdim edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 24 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, X10 Şəxs MMC-yə müraciət edərək işə qəbul edilməsini xahiş etmişdir. - 24 yanvar 2023-cü il tarixli, S240123 saylı əmrdən görünür ki, X10 24 yanvar 2023cü il tarixdən Şəxs MMC-də həkim-pediatr vəzifəsinə təyin olunmuşdur. - Şəxs MMC-nin direktoru X1 ilə X10 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, X10 həkim-pediatr vəzifəsinə təyin edilmiş və 24 yanvar 2023-cü il tarixdən işə başlamışdır. - əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC-nin direktoru X1 ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə bağlı əmək müqaviləsi bildirişi həmin tarixdə elektron informasiya sisteminə daxil edilərək qeydiyyata alınmışdır. - protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 32684 sifariş nömrəli ; xx.xx.2023-cü il tarixli, 32778 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 32883 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 32988 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 33090 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 33154 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 33274 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 33375 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 33440 sifariş nömrəli qəbzlərdən görünür ki, Şəxs MMC-də pediatr -həkim Səid Səidovun müayinə xidməti üçün hər pasient üzrə 70 manat ödəniş edilmişdir. Həmin qəbzlərə “ödənilib” məzmunda yazısı olan ştamp vurulmuşdur. - Şəxs MMC-nin mühasibi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 46917/L8520 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 46885/L8506 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 47634/L8818 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 47641 sifariş nömrəli; xx.xx.2023-cü il tarixli, 47644 sifariş nömrəli qəbzlərdən görünür ki, Şəxs MMC-də müayinə olunan pasientlərin xidmət haqqı olaraq ödəniş etmələrinə dair qəbzlər “FETAL MƏRKƏZ NS GENETİCS MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ÖDƏNİLİB” məzmunda yazısı olan dairəvi möhürlə möhürlənmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında X5 2023-cü ilin yanvar ayının 12,13,14,16,17,18,19, 21, 23-cü tarixlərində Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar