Məhkəmə qərarları › İş №3(007)-4020/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4020/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4020/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 22 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “borclu Şəxs icra sənədi üzrə göstərilmiş olan HOWO yük markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tələbkara verməkdən yayınır”. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokola dair işə mahiyyəti üzrə baxılıb yekun verilməsi mümkün deyildir, əlavə araşdırma aparılması üçün material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, onun üzərində qəyyum təyin edilməli olduğu müəyyən edilmişdir. Lakin inzibati icraat fiziki şəxsin qanuni nümayəndəsinin, qəyyumun iştirakı olmadan aparılmaqla məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin iştirakı ilə aparılmış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(007)-2318/2024 nömrəli icra sənədindən görünür ki, **-TK-*** dövlət qeydiyyat nişanlı “Howo” yük markalı nəqliyyat vasitəsi Şəxs alınaraq X2 verilməlidir. İcra hərəkətləri zamanı borclu Şəxs məcburi gətirilməsi və axtarılması barədə qərarlar qəbul olunsa da, icra sənədi üzrə tələb nəqliyyat vasitəsinin tələbkara qaytarılmalı olması olduğu və nəqliyyat vasitəsinin yeri məlum olmadığı halda onun axtarışı elan olunmamış və aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədini üzrsüz səbəbdən icra etmir. Bu mənada, icra sənədi üzrə tələbi icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə isə o halda qərəzli olur ki, borclunun müvafiq qərarın icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar