Məhkəmə qərarları › İş №3(007)-4027/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4027/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4027/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdir müavini X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarının adından da göründüyü kimi "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nı özündə əks etdirir və bu qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət nəzərdə tutur. "Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər.( Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün,) habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından məhdud məsuliyyətli cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Həmin normaya əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Maddənin məzmunundan göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Beləliklə aydın olur ki, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir ki, MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Müəyyən edildiyi kimi Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə məcburi auditi aparılmamışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən belə aydın olur ki, məhdud məsuliyyətli cəmiyyət tərəfindən (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir və əgər bu edilməyibsə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaları əhatə edən 36-cı fəslinə daxil olan qeyd olunan inzibati xəta üzrə qanunverici tərəfindən inzibati məsuliyyətə cəlb edilmə müddəti inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcəyi müəyyən edilmişdir. Belə olan halda qeyd edirik ki, xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti müvafiq olaraq xx.xx.2025-ci il tarixdə bitməli olsa da, iş materiallarından göründüyü kimi qeyd olunan inzibati xəta haqqında protokol 22 avqust 2024-cü il tarixdə tərtib olunmuşdur. Şəxs MMC-nin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olmasına dair etirazda göstərilən dəlillər əsassızdır. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, protokol onun tərtib olunması üçün qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməklə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlamaq üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb etməlidir. (kənar audit) “Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Hesab edir ki, Şəxs MMC-nin (VÖEN:**********) 2022-ci il üzrə maliyyə hesabatlarını qanunvericilikdə nəzərdə tutulan müddətdə (2023-cü ilin aprel ayının 30-dan iyun ayının 30-dək) Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməyərək Azərbaycan Respublikası İXM-nin 464cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXMnin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İşdən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol inzibati xətanın baş verməsindən bir ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və baxılması üçün göndərilmişdir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz və başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC-nin (VÖEN:**********) 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamasına görə İXM-nin müvafiq maddəsi ilə inzibati qaydada tənbeh oluna bilməz. Ona görə də Şəxs MMC-nin (VÖEN:**********) barəində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında iş ürə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X1 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər uzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxsləri filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarixdə, saat 10:35-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı bildirilmiş, həmin tarixdə səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsini və 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin Nazirliyə təqdim olunması xahiş olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından Məhdud Məsuliyyətli Cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Həmin maddəyə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Maddənin məzmunundan göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. İnzibati iş üzrə icraat materiallarından və mülki qanunvericiliyinə əsasən müəyyən edilmişdir ki, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməli, yəni əvvəlki ilin hesabatları yoxlamaq üçün növbəti ildə müstəqil auditor cəlb etməli və yoxlama ili konkret tarixlə məhdudlaşdırılmadığına görə sonuncu tarix həmin ilin sonuncu günü olan 31 dekabr kimi müəyyən edilir. Bu isə o deməkdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə məcburi auditini aparmadığına görə 01 yanvar 2024-cü il tarixdə inzibati xəta törətdiyi və bununla maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə müəyyən olunmuş 1 illik müddətin keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 464cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar