Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4036/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin müdafiəçisi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən təyin edilən auditora müvafiq sənədlərin təqdim edilməsi və auditor yoxlaması üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımi şəraitin yaradılması vəzifəsi Şəxs MMC ilə X1 üzərinə qoyulmuşdur. Onlara lazımi sənədlərin siyahısı verilmişdir. Həmin sənədlərin bəziləri təqdim edilmiş, bəziləri isə təqdim edilməmişdir. Tələbkar isə sənədlərin tam təqdim olunmasını tələb edir. Bu səbəbdən də hüquqi şəxs barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında borclu Şəxs MMC-nin müdafiəçisi Vəkil2 izahat verərək bildirmişdir ki, Şəxs MMC-də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində vergidən yayınma halı müəyyən edilərək material istintaqa göndərilmiş və istintaqda ödəniş olduğuna görə xitam verilmişdir. Həmin sənədlərin bir qismi vergi yoxlaması zamanı vergi orqanına təqdim edilmiş və onlarda qalmışdır. Digər qismi isə Vergi Məcəlləsində müəyyən edilən 5 illik müddət ötdüyündən məhv etmə aktına əsasən məhv edilmişdir. Bu səbəbdən də həmin sənədlər mövcud deyildir. Bu isə Şəxs MMC-dən asılı olmayan bir səbəbdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Vəkil1 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən təyin edilən auditora müvafiq sənədlərin təqdim edilməsi və auditor yoxlaması üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımi şəraitin yaradılması vəzifəsi Şəxs MMC ilə X1 üzərinə qoyulmuşdur. Həmin icra sənədi 3 ildir ki, icra mərhələsindədir. Tələbkar bu müddət ərzində qanunvericiliyin müəyyən etdiyi prosedurlarla həmin qətnamənin icrasını tələb etmişdir və tələb üçün əsasları vardır. Həmin sənədlər audit yoxlaması üçün tələb edilir, lakin borclu audit yoxlamasının keçirilməsi nəticəsində onun tərəfindən törədilmiş hər hansı məsuliyyət müəyyən edilən halların ortaya çıxmasından çəkindiyi üçün həmin sənədləri bu qədər müddət ərzində təqdim etməmişdir. Tələbkar 1-ci Qarabağ Müharibəsinin veteranıdır, vicdanlı sahibkardır və borclu müəssisənin nizamnamə kapitalının 50 %-ni, o cümlədən, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin 50%-ni formalaşdırmışdır, ancaq bu qədər müddət ərzində etdiyi yatırımlar nəticəsində heç bir dividend əldə etməmişdir. Həmçinin bildirmişdir ki, sənədlər Ali Məhkəmənin qərarı çıxdıqdan sonra ləğv edilmişdir. Əgər Ali Məhkəmənin sənədlərin təqdim edilməsi haqqında qərarı olduğu halda sənədlər məhv edilibsə demək bu məsələyə qərəzli yanaşılmışdır. Həmçinin elektron sənədlərin müddəti deyə bir anlayış yoxdur. Yəni nə qədər müddət keçsə də həmin sənədləri ASAN imza ilə çıxarmaq olur. Bu iş üzrə 2 borclu vardır; Şəxs MMC və X2. İnzibati xəta haqqında protokol yalnız hüquqi şəxs, Şəxs MMC barəsində tərtib edilmişdir. Hesab edir ki, həm də fiziki şəxs olaraq İsgəndər Qasımov barəsində də tədbir görülməlidir və onun barəsində də inzibati xəta haqqında protokol tərtib edilməlidir. Şəxs MMC barəsində tərtib edilmiş protokol qanuni və əsaslıdır. Buna görə də məhkəmədən Şəxs” MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən təyin edilən auditora müvafiq sənədlərin təqdim edilməsi və auditor yoxlaması üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımi şəraitin yaradılması vəzifəsi cavabdehlər Şəxs MMC ilə X1 üzərinə qoyulmuşdur. - icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-327/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs MMC-yə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-327/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - “vergi ödəyicisinin fəaliyyətinin dayandırılması” barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini V.B.Şahbazov tərəfindən verilmiş məktubdan görünür ki, Şəxs MMC-nin xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dayandırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs MMC-nin əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4036/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4036/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver