Məhkəmə qərarları › İş №3(007)-404/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-404/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-404/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253-1.2.1, 253-1.2.2, 253-1.4, 253.5.1 və 253.3.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçəsinin kəsişməsində "xxxx" MMC-yə məxsus yaşayış binasının qarşısında 1 ədəd quru, 3 ədəd köküstə yaş sərv ağacının məhv edilməsi, 1 ədəd sərv ağacının zədələnməsi müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi C.N.Muradov tərəfindən 01.02.2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sərəncamı ilə Nizami rayonu ərazisində yaşıllıqların qorunub mühafizə olunması zamanı Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun və bu sahədə qəbul edilmiş digər hüquqi normativ aktların tələblərinin icra vəziyyəti Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC-nin tikinti sahəsində MMC-nin nümayəndəsi Qurbanov Sabir adlı şəxsin iştirakı ilə tərəflərindən yerində araşdırılmışdır. Araşdırma zamanı "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının qarşısında 1 ədəd köküstə qurumuş, 3 ədəd köküstə yaş vəziyyətdə və bioloji inkişafda olan sərv ağaclarının ərazidə abadlıq işləri aparılan zaman kökündən götürülərək məhv edilməsi, 1 ədəd sərv ağacının zədələndiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”na əməl olunmamışdır. Həmin Qaydalarda deyilir ki, yaşıllıqların götürülməsi, köçürülməsi o zaman mümkündür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Agentliyi tərəfindən həmin yaşıllıqlar barəsində müvafiq müsbət rəy verilsin. Müsbət rəy verildiyi halda həmin yaşıllıqların götürülməsi qanunidir. İnzibati xəta haqqında protokol tərtib olunarkən "xxxx" MMC tərəfindən yaşıllıqların götürülməsi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Yaşıllıqların götürülməsini sübut edən fotoşəkillər də vardır. 2021-ci ilin sentyabr ayında M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC-nin tikinti sahəsində olmuşlar, qeyd götürmüşlər, həmin vaxt ağaclar orada olmuşdur. 2021-ci ilin dekabr ayında reyd keçirilən zaman həmin yaşıllıqların olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən işin halları tam araşdırılmadan "xxxx" MMC tərəfindən inzibati xəta törədilməsinə dair heç bir mötəbər sübut müəyyən edilmədən və inzibati xətaya görə tənbeh vermə ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmadan qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ümumilikdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2, 253-1.4, 253.5.1 və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi, MMC-nin əməlində inzibati xəta tərkibi olub-olmaması məsələsi tam, ətraflı araşdırılmadan formal xarakterli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki "xxxx" MMC-nin əməlində heç bir inzibati xəta tərkibi olmamışdır. Belə ki, 01 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, "xxxx" MMC-nin nümayəndəsi “Qurbanov Sabir” adlı şəxs araşdırmada iştirak etsə də, lakin protokolun tərtibində iştirak etməkdən imtina etmişdir. Lakin nəzərə alınmalıdır ki, "xxxx" MMC-də qeyd olunan adda heç bir şəxs işləmir. Ola bilər ki, ağaca zərər verən məhz həmin şəxs olmuş, qəsdən özünü MMC-nin əməkdaşı kimi təqdim edərək, ağaca MMC tərəfindən ziyan vurulması barədə protokol tərtib edən vəzifəli şəxsləri aldatmış, daha sonra protokola imza etdiyi halda gələcəkdə ifşa olunacağını nəzərə alaraq protokolu imzalamaqdan imtina etmişdir. Necə ola bilər ki, "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib olunur, lakin özünü MMCnin nümayəndəsi kimi təqdim edən şəxsin səlahiyyətini təsdiq edən heç bir sənəd ondan tələb olunmur. Halbuki həmin ərazidə MMC-nin çoxsaylı səlahiyyətli nümayəndələri və ofisi olsa da inzibati xəta haqqında protokol tərtib edən şəxslər səlahiyyətli şəxslərə müraciət etmədən, naməlum şəxsin məlumatlarına əsaslanmaqla qanunsuz və əsassız protokol tərtib etmişlər. Bundan başqa nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı heç bir texniki vasitədən istifadə olunmamış, binada yaşayan şəxslərdən heç bir izahat alınmamışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan ağaclar tikinti ərazisinə düşməmiş, MMC üçün heç bir maneə yaratmamışdır. Necə ola bilər ki, uzun müddətli tikinti dövründə həmin ağaclara heç bir ziyan verilməmiş, hazırda isə qəflətən ağaclara ziyan vurulmuşdur. Bu halda ağaca ziyan vurulması müxtəlif səbəblərdən ola bilər. Nümunə olaraq, ağaclar hündür olduğu üçün binada kiminsə evinə gün işığının qarşısını kəsə bilər və ya kimsə həmin hündür ağac vasitəsilə evinə oğru girə biləcəyini düşünər və yaxud MMC-nin satdığı birinci mərtəbədəki qeyri-yaşayış obyekti sahibi həmin obyektin qarşısını açıq sahə etmək üçün belə hərəkət edə bilər və.s. Göründüyü kimi çoxsaylı səbəblərdən ağaca ziyan vuracaq çoxsaylı şübhəli şəxslər siyahısı olsa da inzibati xəta haqqında protokol tərtib edən şəxslər heç bir araşdırma aparmadan, ərazidə müşahidə aparmadan, şahidlərin izahatını almadan, heç bir texniki vasitədən istifadə etmədən, ərazidəki təhlükəsizlik kamerası görüntüləri barədə aidiyyəti orqanlara sorğu vermədən naməlum şəxsin iştirakı ilə protokol tərtib etmiş, qanunsuz olaraq MMC-ni inzibati xəta törətməkdə təqsirləndirmişlər. Həmçinin nəzərə alınmalıdır ki, əgər həmin ağaclar "xxxx" MMC-yə hər-hansı maneçilik yaratdığı halda tikintiyə başlamamış və ya tikinti prosesində MMC aidiyyəti dövlət orqanlarına və qurumlara ağacların yerinin dəyişdirilməsi və ya götürülməsi ilə bağlı müraciət edə bilərdi. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə “Yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 2.2.3-cü yarımbəndinə əsasən şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, 2.2.4-cü yarımbəndə əsasən ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, 2.2.6-cı yarımbəndə əsasən ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında yaşıllıqların götürülməsi mümkündür. Göründüyü kimi əgər ağaclar "xxxx" MMC-yə maneçilik törətdiyi halda MMC ağacın götürülməsi üçün qanunvericilik çərçivəsində tədbir görə bilərdi. Qeyd olunan ağaclara ziyan verilməsi üçün "xxxx" MMC-nin heç bir əsası olmamışdır, bunun MMC-yə heç bir faydası yoxdur. Əksinə ağacların orada olması, tikintisi başa çatmış yaşayış binasına xüsusi gözəllik verirdi. Məhz hazır binada mənzillərin satışı zamanı ətrafda ağacların və yaşıllıqların olması satışı stimullaşdıran əsas amillərdən biridir. 01 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, protokola fotoşəkillər əlavə olunur. Lakin fotoşəkillərin tarixindən görünür ki, fotoşəkillər 03 sentyabr 2021-ci il tarixinə və ya 14 dekabr 2021-ci il tarixinə aiddir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edən orqanın əməkdaşları tərəfindən sübutların saxtalaşdırılması hərəkətinə yol verilmişdir, həmin fotoşəkillər protokol tərtib edildiyi zaman çəkilmədiyi üçün sübut kimi istifadə oluna bilməz. Bundan başqa həmin fotoların inzibati xəta haqqında protokol tərtib edilmiş ağacla bağlı olması da aydın deyildir. 01 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01.02.2022ci il tarixli, Ç-ME1/2622-017 nömrəli məktubunda qoşmada 17.01.2022-ci il tarixli bildiriş məktubu qoşma kimi göstərilmişdir. Bu halda əlavə sual yaranır ki, inzibati xəta haqqında protokola görə guya xəta 01.02.2022-ci il tarixdə törədilmişdir. Bu halda hadisədən təxminən 15 gün qabaq hansı bildiriş göndərilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Göstərilən ziddiyyətli halın da məhkəmə tərəfindən nəzərə alınması zəruridir. İnzibati xəta haqqında protokol tərtib edilərkən və ağaclara baxış keçirilərkən heç bir hal şahidi dəvət olunmaması protokolun mötəbərliliyini şübhə altına alır. Göstərilən hallardan da göründüyü kimi inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsinə dair heç bir mötəbər sübut mövcud deyildir. Yoxlayıcı şəxslərin belə qanunsuz protokol tərtib etməsində iki səbəb mövcuddur. Birinci onlar ağacların kəsilməsi ilə bağlı gördükləri tədbirlərin statistikalarının sayını artırmaq istəyirlər. İkinci ən əsas məqam isə tətbiq olunmuş cərimələrin 30 faizi qanunvericiliyə uyğun olaraq qeyd olunan orqanın hesabına keçirilir. Bu isə həmin qurumun əməkdaşlarında stimul yaradır ki, əsassız və qanunsuz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq, şəxsin təqsirini müəyyən etmədən əsassız inzibati cərimələr tətbiq etsinlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Lakin göründüyü kimi yoxlayıcı şəxslər qanunvericiliyin bu tələblərini pozaraq, vətəndaşları maarifləndirmək əvəzinə özləri, şəxsin təqsiri olub-olmamasına məhəl qoymadan inzibati xəta haqqında protokol tərtib etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətanın konkret olaraq kim tərəfindən törədilməsini ətraflı araşdırmamış, əsl təqsirkar şəxsləri müəyyən etməmiş və hallara düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları hüquq normalarının tələblərini nəzərə almamış, inzibati xəta hadisəsinə "xxxx" MMC-nin heç bir aidiyyəti olmasa da MMC-nin barəsində protokol tərtib edərək MMC-nin hüquqlarını pozmuşlar. Göstərilənlərə əsasən məhkəmədən "xxxx" MMC-nin əməlində heç bir inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 01.02.2022-ci il tarixli, 66933 nömrəli aktın surətindən görünür ki, İdarənin 01.2022-ci il tarixli, BD seriyalı, 006 nömrəli sərancamı ilə Nizami rayonu ərazisində yaşıllıqların qorunub mühafizə olunması zamanı Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun və bu sahədə qəbul edilmiş digər hüquqi normativ aktların tələblərinin icra vəziyyəti Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC-nin tikinti sahəsində MMC-nin nümayəndəsi Qurbanov Sabir adlı şəxsin iştirakı ilə tərəflərindən yerində araşdırılmışdır. Araşdırma zamanı "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının qarşısında 1 ədəd köküstə qurumuş, 3 ədəd köküstə yaş vəziyyətdə və bioloji inkişafda olan sərv ağaclarının ərazidə abadlıq işləri aparılan zaman kökündən götürülərək məhv edilməsi, 1 ədəd sərv ağacının zədələndiyi müəyyən edilmişdir. MMC-nin nümayəndəsi Qurbanov Sabir adlı şəxs araşdırmada iştirak etsə də izahat verməkdən imtina etmiş və ağacların götürülməsi üçün X4 Agentliyinin müvafiq rəyi, həmçinin tikinti ilə bağlı hüquqi sənədləri təqdim etməmişdir. Məhv olunmuş ağacların gövdələri götürüldüyündən və kökləri torpaqdan çıxarıldığından təbiətə dəymiş ziyanı hesablamaq mümkün olmamışdır. Bununla da "xxxx" MMC tərəfindən 1 ədəd köküstə qurumuş və 3 ədəd köküstə yaş vəziyyətdə olan sərv ağaclarının məhv edilməsi və 1 ədəd sərv ağacının zədələnməsi nəticəsində Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 10, 13-cü maddələrinin tələbləri pozulmuş, Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”na əməl olunmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: 253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırma aparılmamış, izahatlar alınmamış, Qurbanov Sabir adlı şəxsin "xxxx" MMC-nin əməkdaşı olub-olmaması aydınlaşdırılmamış, fotoşəkilləri çəkilmiş ərazinin "xxxx" MMC-yə aid olmasına dair hər-hansı sənəd təqdim edilməmişdir. Məhkəmə araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Ə.Əzimzadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının qarşısında 1 ədəd quru, 3 ədəd köküstə yaş sərv ağacının məhv edilməsi, 1 ədəd sərv ağacının zədələnməsi müəyyən olunsa da, bu inzibati xətanın məhz "xxxx" MMC tərəfindən törədilməsini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Protokol tərtib etmiş orqan 1 ədəd quru, 3 ədəd köküstə yaş sərv ağacının məhv edilməsi və 1 ədəd sərv ağacının zədələnməsinin müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan, həyata keçirilmiş yoxlama aktını və fotoşəkilləri əsas götürərək "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Yuxarıda göründüyü kimi "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış, ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2, 253-1.4, 253.5.1 və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.2.1, 253-1.2.2, 253-1.4, 253.5.1 və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar