Məhkəmə qərarları › İş №3(007)-4063/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4063/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4063/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ağcabədi rayonu, Aşağı Avşar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: İnzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyədək icraat dövründə müdafiə hüququnun təmin edilibedilməməsini təqdim edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:20-də tutulmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulsa da, onun müdafiəçinin hüquqi yarıdımından istifadə etmək hüququnun təmin edilib-edilməməsini iş materiallarına əsasən müəyyən etmək mümkün deyildir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təyin edilməmiş və ya müdafiəçinin hüquqi yardımından istifadə ilə bağlı onun mövqeyi öyrənilməmiş, əgər bundan imtina etmişsə, imtinanı təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. İş materiallarına vətəndaş Şəxs müdafiəçidən imtina etməsi barədə xx.xx.2024-cü il tarixli “ərizə” əlavə edilsə də, həmin ərizə Şəxs tərəfindən imzalanmamışdır. Həmçinin “inzibati qaydada tutuma” haqqında xx.xx.2024-cü il tarixli protokol və “inzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən imzalanmamış və imzalamaqdan imtina etməsi barədə qeyd aparılmamışdır. Eyni zamanda iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunması barədə bildiriş əlavə edilmişdir. Lakin həmin bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən imzalanmamışdır. Hazırki halda məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının izah olunub-olunmamasını müəyyənləşdirmək mümkün deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 88.2-ci maddəsinə əsasən inzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır. 90.2-ci maddəsinə əsasən protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir. 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd edilən tələbləri hazırki iş üzrə işin baxılmağa hazırlanması mərhələsində müəyyənləşdirilmədən işə baxılması mümkün deyildir. Çünki, Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. Qeyd edildiyi kimi hazırki iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələrinin izah edilib-edilməməsi, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun təmin edilib-edilməməsi barədə mötəbər sənəd mövcud deyildir. Qeyd edilən hallar isə inzibati qaydada tutulmuş şəxsin məhkəməyədək icraat dövründə müdafiə hüquqlarının pozulması qənaətinə gəlinməsinə əsas verir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respubikası Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə bağlı nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar