Məhkəmə qərarları › İş №3(007)-4066/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4066/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4066/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin YNH üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin YNH üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 iyun 2024-cü il tarixdə, səhər saatlarında, etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qara Qarayev prospektindən “Neftçilər” metrostansiyası istiqamətində öz zolağında hərəkətdə olduğu zaman, sağda avtobuslar üçün nəzərdə tutulmuş zolaqda hərəkətdə olan **-MQ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobili idarə edən şəxs qəfil şəkildə manevr edərək onun avtomobilini arxa tərəfdən vurmuşdur. Hərəkət sürəti təxminən saatda 30-40 km olmuşdur. O, 102 xidmətinə və sığorta şirkətinə zəng vurmuşdur. Hadisə yerinə qəza müfəttişi Zaur Abbasov gəlmişdir. O, qanunlara əsasən arxadan vuran sürücünün günahkar olduğunu düşündüyündən hadisə yerindən getmişdir. 17 iyul 2024-cü il tarixdə yoldaşı ezamiyyətdən gəldikdən sonra birlikdə Bakı şəhər DYP İdarəsinə getmişlər. Bu zaman onun günahkar olduğu məlum olmuşdur, hansı ki, onun nəqliyyat vasitəsinə cüzi zərər dəymişdir. Onu arxadan vuran nəqliyyat vasitəsinə kifayət qədər zərər dəymişdir. Çünki statistikaya əsasən arxadan vuran nəqliyyat vasitəsinə həmişə daha çox zərər dəyir. 6-cı otaqda Zaur Abbasov ona bildirmişdir ki, o, gəlib izahat yazmayıb, hansı ki, ona bu barədə heç kim məlumat verməmiş, hətta kamera görüntüləri də təqdim edilməmişdir. Tək tərəfli izahatla onu günahkar çıxarıblar, guya o, manevr qaydalarını pozmuş və ona 40 manat cərimə yazılmışdır. Bununla bağlı məsələnin araşdırılmasını və qərarın (cərimənin) xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 15 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Qara Qarayev prospektindən “Neftçilər” metrostansiyası istiqamətində üçzolaqlı yolda öz zolağında hərəkətdə olmuş, sağa və ya sola hər hansı formada manevr etməmişdir. Lakin “Hyundai Elantra” minik markalı avtomobilin sürücüsü qəflətən onun olduğu zolağa manevr etmiş və nəticədə onun avtomobilini arxa hissədən vurmuşdur. Hadisə zamanı onun avtomobilinin sağ arxa farasının aşağı hissəsi cızılmışdır. Yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri yoxdur. Buna görə də o, hadisə yerindən çıxıb getmişdir. Əraziyə gələn sığorta şirkətinin əməkdaşları və polis əməkdaşı ona heç bir məlumat verməmişdir. Sığorta şirkəti sadəcə şəkillər çəkmiş və bir necə qeyd apararaq çıxıb getmişdir. Daha sonra polis əməkdaşı Zaur Abbasov hadisə yerinə gəlmiş, o da bir necə qeyd aparmış və onun sənədlərini götürərək hadisə yerindən getmiş, lakin həmin vaxtdan sonra onunla əlaqə saxlanılmamış, izahat verməsi üçün polis idarəsinə dəvət edilməmişdir. O özü Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin inspektoru X6 zəng vuraraq hadisə barədə hansı nəticəyə gəlinməsini soruşmuşdur. Bu zaman Zaur Abbasov ona bildirmişdir ki, polis idarəsinə yaxınlaşaraq izahat vermədiyi üçün günah ondadır. Halbuki, izahat verməsi üçün onu heç kim idarəyə dəvət etməmişdir. Yol nəqliyyat hadisəsinin araşdırılması zamanı onun hüquqları pozulmuş, iştirakı təmin edilmədən barəsində qərar qəbul edilmişdir. O, yol hərəkəti haqqında qanunun tələblərini pozmadığı halda Baş Polis İdarəsi X15 İdarəsinin inspektoru X8 onun barəsində əsassız qərar qəbul etmişdir. Bununla belə hadisənin hansı formada baş verməsinin əks olunduğu kamera görüntüləri və ya fotoşəkillər ona təqdim edilməmişdir. Bir daha qeyd edir ki, o öz zolağında düzünə hərəkət etmiş, heç bir halda manevr etməmişdir. Baş Polis İdarəsi X15 İdarəsinin inspektoru X8 formal mülahizələr əsasında barəsində qərar qəbul etmiş, heç bir sübut və əsas olmadan onu təqsirli bilmişdir. O, həmin qərar ilə razı deyil. Qərar əsassız və qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin YNH üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi Nümayəndə oğlu izahat verərək bildirmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin YNH üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuna uyğun tərtib edilmiş, hadisə ətraflı formada araşdırılmış, tərəflər izahatının alınması üçün dəvət edilsə də, X5 izahat verməkdən yayınmışdır. İşin faktiki halları araşdırılan zaman müəyyən olunmuşdur ki, “Hyundai Tucson” minik markalı avtomobilin sürücüsü X5 “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci və 5-ci bəndlərinin tələblərini pozmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X5 Azərbaycan Respublikasının 327.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Barəsində qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsində göstərdiyi və məhkəmə iclasında bildirdiyi xüsusatlar tamamilə əsassız mülahizələrdən ibarətdir və özünü müdafiə xarakter daşıyır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi X7 Nümayəndə izahatına oxşar məzmunda izahat vermişdir. Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin YNH üzrə baş inspektoru, polis mayoru X8 izahat verərək bildirmişdir ki, 15 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat daxil olmuş, o dərhal hadisə yerinə yaxınlaşmışdır. Hadisə yerinə yaxınlaşanda görmüşdür ki, yol nəqliyyat hadisəsinin iştirakçıları avtomobilləri kənara çəkmişlər və mübahisə edirlər. Hər iki sürücü hadisədə təqsiri bir-birinin üzərinə atmışdır. O, hər iki sürücünü dinləyib, hadisə yerinə və avtomobillərə baxış keçirmiş, daha sonra hadisə barədə qeydlər apararaq hər iki sürücünün sənədlərini almış və sonuncuları araşdırmanın aparılması üçün idarəyə dəvət etmişdir. “Hyundai Elantra” minik markalı avtomobilin sürücüsü Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinə yaxınlaşaraq izahat versə də, X5 həyat yoldaşının Bakı şəhərində olmamasını əsas gətirərək izahat verməkdən yayınmışdır. İşin müddəti bitdiyi üçün, məcbur qalaraq X2 izahatını almadan araşdırma aparmışdır. Hadisənin baş verdiyi ərazidə kamera yoxdur və ətrafda olan kameralar da hadisənin baş verdiyi bucağı görmür. O, yol nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər və hadisə yerində avtomobillərin toqquşma trayektoriyasını nəzərə alaraq yol nəqliyyat hadisəsində X2 təqsiri olması qənaətinə gəlmişdir. Belə ki, yol nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi avtomobilin sağ arxa farasının aşağı künc hissəsi, “Hyundai Elantra” minik markalı avtomobilin isə ön bamper sol hissə, bamper kantı, dumanni fara zədə almışdır. Hadisənin baş vermə bucağı nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu zaman sağa meyilli formada yüngül manevr etmiş və bu zaman sağ zolaqda hərəkətdə olan “Hyundai Elantra” minik markalı avtomobilin ön bamperinin sol hissəsi ilə toqquşmuşdur. X5 üç zolaqlı yolda orta zolaqda hərəkətdə olduğu zaman sağa və ya sola manevr etmədiyini bildirsə də, işin faktiki hallarından görünür ki, sonuncu hadisənin baş verməsini düzgün təsvir etməmişdir. Əgər “Hyundai Elantra” minik markalı avtomobil manevr etmə qaydasını pozaraq, “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş olsaydı bu zaman, “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə zərər dəyərdi, faranın sağ künc hissəsinə deyil. Avtomobillərin zədəsinə baxdıqda və hadisənin trayektoriyası nəzərdən keçirildikə aşkar formada görünür ki, “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 manevr etmə qaydalarını pozmuşdur. Burada söhbət yüngül manevr etməkdən gedir. Manevr etmə qaydalarında şərt deyil ki, sola və ya sağa sərt formada manevr edilsin. Avtomobil düzünə hərəkətdə olduğu zaman təkərlərin sağa və ya sola meyilli hərəkəti belə özü-özlüyündə manevr etmə hesab edilir. Hadisənin baş vermə anının trayektoriyasına görə “Hyundai Tucson” minik markalı avtomobilin sürücüsü X5 “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci və 5-ci bəndlərinin tələblərini pozmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci bəndinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan əvvəl müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən isə sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni istiqamətə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni istiqamətə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Lakin, “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 buna əməl etməmiş və yol nəqliyyat hadisəsinin baş verməsi üçün şərait yaradaraq hadisəyə səbəb olmuşdur. Ümumiyyətlə, həmin ərazidə yol düzünə deyil, sağa və sola burulmalar ilə davam edir. X2 gətirdiyi arqumentlər tamamilə əsassızdır və heç bir halda mötəbər sübutlarla təsdiqini tapmır. Qəbul etdiyi qərar qanuna müvafiq qaydada qəbul edilmişdir və əsaslıdır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X10 bildirmişdir ki, 15 iyun 2024-cü il tarixdə, səhər saatlarında, idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qara Qarayev prospektindən “Neftçilər” metrostansiyası istiqamətində öz zolağında hərəkətdə olduğu zaman ondan sol zolaqda hərəkətdə olan “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən sağa dönmə manevri etmiş və onun idarə etiyi avtomobilin qarşısına keçmişdir. Bu zaman o, dərhal avtomobilin əyləcini bassa da, hadisənin baş verməsinin qarşısını ala bilməmiş, onun avtomobilinin sol tərəfi ilə “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsi toqquşmuşdur. Hadisə baş verdikdən sonra avtomobili saxlayaraq yerə düşmüş və görmüşdür ki, onun avtomobili zədə almışdır. Lakin “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü səs-küy yaratmış, hadisənin baş verməsində onu günahlandırmışdır. Hadisə baş verən zaman onun avtomobilində sərnişinlər də olmuşdur. Həmin şəxslər də hadisənin xanım sürücünün təqsiri ucbatından baş verməsini təsdiqləmişlər. Sonra hadisə yerinə sığorta şirkətinin əməkdaşları gələrək qeyd aparmışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşı fotoşəkillər çəkmiş, müvafiq qeydlər aparmış və onların sənədlərini alaraq idarəyə dəvət etmişdir. O, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinə yaxınlaşmış və hadisənin araşdırma prosesində iştirak etmiş, həmçinin hadisə barəsində izahat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hadisənin baş verməsinə səbəb “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin manevr etmə qaydalarını pozması olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin YNH üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 09:20-də idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına riayət etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. - "xxxx" ASC tərəfindən təqdim edilmiş sığorta aktından görünür ki, xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai Elantra” minik markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 200 manat məbləğində zərər dəymişdir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09:20-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Hyundai Tucson” minik markalı, **- LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyundai Elantra” minik markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zamanı maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə yaxınlaşaraq hadisəni qeydə alıb sxem tərtib olunmuşdur. Hadisə yerində avtomobillərin sürücülərinə hüquq və vəzifələri izah olunaraq, tibbi müayinədən keçərək sərxoşluq aktı ilə birlikdə hadisə ilə bağlı izahat vermələri üçün BDYPİ-nin YNHÜŞ-nin 6 nömrəli otağına dəvət olunmuşlar. X1 heç bir əsas gətirmədən izahat vermək üçün gəlməmişdir. Buna görə Zaur Abbasov istifadəsində olan ***-***-**-** nömrəli telefonla X2 isifadəsində olan ********** nömrəli telefon ilə dəfələrlə əlaqə saxlanılaraq izahat verməsi üçün BPİ-nin DYPİ-nə dəvət olunmuş, X1 izahat vermək üçün gəlməmişdir. Bu səbəbdən də X2 izahatının alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin YNH üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar