Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4068/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X11 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X15 Xidməti (bundan sonra "DƏMX") "xxxx" MMC barəsində və rəhbəri olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 192.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokol tərtib edərək barəsində MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarmış və ona qarşı 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Protokolda inzibati xətanın mahiyyəti barədə aşağıdakılar göstərilmişdir: "Qarabağ və X19 rayonuna giriş" informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X5 xx.xx.2024-cü il tarixindən, X4 xx.xx.2024-cü il tarixindən, X13 xx.xx.2024-cü il tarixindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. X15 Xidməti protokolun "müəyyən edilmiş sübutlar" sətrində inzibati xəta əməlinin törədilməsi faktının təsdiqi kimi aşağıdakıları göstərmişdir: "Qarabağ və X19 rayonuna giriş" informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar. X15 Xidmətinin protokolu və qərarını aşağıdakı dəlillərə görə tamamilə qeyri-obyektiv, əsassız və qanunsuz hesab edir. İXM-nin 192.1-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir". X15 Xidməti: müvafiq elektron sistemdə şəxslərin adına giriş icazəsinin kim tərəfindən və hansı əsasla alındığını, əməldə inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmadığı, həmin əlamət(lər)in İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında ehtiva olunan şərtlərə uyğun gəlib-gəlmədiyini araşdırmamış, vətəndaşları işlərin yerinə yetirilməsinə cəlbetmə faktının təsdiqi üçün protokola əlavə olunmuş məlumat cədvəlinin kifayət edib-etmədiyinə hüquqi qiymət verməmişdir. İşin materiallarında X15 Xidmətinin istinad etdiyi giriş icazələri barədə məlumat cədvəli olsa da, İXM-nin 192.1-ci maddəsilə tövsif edilən əməli - yəni vətəndaşları işlərin yerinə yetirilməsinə cəlbetmə ilə bağlı konkret faktı təsdiq edən hər hansı sübut yoxdur. Çünki bu halı müəyyənləşdirməkdən ötrü X15 Xidməti hər hansı araşdırma aparmamışdır. Nəticədə iqtisadi rayona giriş icazəsi barədə kənar təşkilatın DİN-ə müraciəti "xxxx" MMC-nin rəhbəri olaraq ona münasibətdə İXM-nin 192.1-ci maddəsilə tövsif edilən əməlin tərkibini formalaşdıran yeganə element (əlamət) kimi tətbiq edilmişdir. Bu hal isə onun Konstitusiya ilə qorunan təqsirsizlik prezumpsiyası hüququnun aşkar formada kobud pozulması hesab olunur. Belə ki, X5 və X4 xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi ilə "xxxx" MMC-də çalışmışlar. Cari ilin aprel ayının sonunda Qarabağ və X19 rayonuna "xxxx" MMC tərəfindən icra edilən podrat işlərinin birinci fazası başa çatdığına görə MMC həmin iqtisadi rayonda öz fəaliyyətini dayandırmışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində MMC-nin işçilərinin (direktor və insan resursları assistenti istisna olmaqla), o cümlədən, protokolda adları qeyd olunan vətəndaşlar X5 və X1 əmək müqavilələrinə xitam verilmişdir. Bu şəxslərin müvafiq iqtisadi rayonda əmək fəaliyyətinin davam etdirilməsinə zərurət olsaydı, onların əmək müqaviləsinə "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində xitam verilməzdi. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövrdə nə adları qeyd oluna vətəndaşlar, nə də digər şəxslər (direktor və insan resursları assistenti istisna olmaqla) "xxxx" MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. Protokolda adı qeyd olunan X6 isə "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, belə bir vətəndaşın şəxsiyyəti ona məlum deyil. "xxxx" MMC-nin işçiləri üçün Qarabağ və X19 rayonuna giriş icazələrinin alınması, icazələrin müddətinin artırılması və onların ləğv edilməsi səlahiyyəti sifarişçi təşkilat olan "Makro 2000 X8 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındaki filialına məxsusdur. Bu cür əməliyyatların həyata keçirilməsi üçün "xxxx" MMC-nin əməkdaşları o cümlədən, o, müvafiq portala hətta daxil olmaq imkanına belə sahib deyil. Qeyd olunanlar inzibati xəta haqqında iş üzrə yekun nəticəyə təsir edən mühüm əhəmiyyətli hallar sayılsa da, X15 Xidməti onları araşdırmamışdır. Hesab edir ki, inzibati xəta işi üzrə icraat qaydalarının X15 Xidməti tərəfindən pozulması nəticəsində onun təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, göstərilənlərə əsasən, MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X17 gəlməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə X11 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X17 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X11 şikayəti tam olaraq əsassızdır və təmin olunmamalıdır. Belə ki, vətəndaşlar X5, X4 və X14 "xxxx" MMC-nin direktoru X17 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. X11 şikayət ərizəsində göstərdiyi arqumentlər tamamilə özünü müdafiə xarakteri daşıyır. Belə ki, əgər işçilər işdən çıxarılmışdırsa hansı səbəbə görə həmin şəxslərin adı portalda aktiv qalmışdır. Bundan başqa əgər protokolda adları qeyd olunan şəxslər işlərin görülməsinə cəlb edilməmişlərsə hansı səbəbə görə həmin şəxslər üçün portalda iş icazəsi alınmışdır. Hazirki vəziyyətdə görünür ki, şikayət vermiş şəxs X2 İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə yalan məlumat vermişdir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaşlar X5, X4 xx.xx.2024-сü il tarixindən xx.xx.2024-cü il tarixinədək, X14 xx.xx.2024-cü il tarixindən hazırki tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. - "Makro 2000 X8 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındaki filialı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü ilin aprel ayının sonunda PM-0029 saylı podrat müqaviləsi üzrə podrat işlərinin birinci fazası başa çatdığına görə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövrdə podratçı "xxxx" MMC tərəfindən podrat işləri həyata keçirilməmiş və həmin dövrdə "xxxx" MMC-nin hər hansı işçisi tikinti ərazilərinə daxil olmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1744/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair 30 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı X9 Bakı şəhər idarəsi tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X3, X1 xx.xx.2024-сü il tarixindən xx.xx.2024-cü il tarixinədək və X7 xx.xx.2024-cü il tarixindən inzibati xəta haqqında protokolun tərtib olunduğu tarixədək Qarabağ və X19 rayonlarına daxil olub-olmamaları, daxil olublarsa hansı rayonlarda hansı işlərin görülməsinə cəlb edilmələri səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. X15 vəzifəli şəxs kimi X17 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X11 göstərilən maddə ilə təqsirliliyini şübhə altına alır. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətanın olub-olmamasını, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə inzibati araşdırma aparmaqla əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib qərar qəbul edilməli olduğu halda, iş üzrə səthi araşdırma aparılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X11 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4068/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4068/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver