Məhkəmə qərarları › İş №3(007)-4075/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4075/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4075/2025 15.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, vəsatət vermiş şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ7585693 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, X1 qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. O, həmin vəsatətini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 3(007)-3882/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmış, barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda qərar şikayətə əlavə edilməklə inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ izah edilmişdir. Odur ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrar müraciət edir, həmçinin hesab edir ki, qanunda nəzərdə tutulmuş müddət üzürlü səbəbdən ötürüldüyündən bərpa edilməlidir. Belə ki, işdəki sənədlərdən də aydın olur ki, inzibati xəta haqqında qərardan vaxtında şikayət verilmiş və məhkəmə işi nöqsanların aradan qaldırılması üçün qeri qaytarmışdır. Göründüyü kimi hazırda prosessual müddət iş məhkəmədə olduğuna görə ötürülmüşdür. Qeyd olunanlara əsasən, qərardan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş 20 günlük müddətin ötürülməsinin üzrlü hesab edib bərpa edilməsinə və işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətin əsaslılığını yoxlamaq məqsədi ilə vəsatət vermiş şəxsin özü məhkəmə iclasına dəvət olunmuşdur. Məhkəmə iclasında X4 vəsatətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, barəsində şikayət verdiyi qərar 2021-ci ilin qərarıdır. Həmin qərar üzrə cəriməni ödəmişdir, lakin nə zaman ödədiyini xatırlamır. Məcbur qaldığı üçün cəriməni ödəmişdir. Müddət ötmüşdür, amma cərimə sistemdə qalmışdır. Qərarı təzə, polis idarəsinin 16 iyul 2025-ci il tarixli məktubu ilə almışdır. Ona sms gəlməmişdir. Birinci dəfə məhkəməyə şikayət verdikdə ümumi olaraq bütün qərarlardan şikayət vermiş, məhkəmə bu əsasla şikayətini geri qaytarmışdır. Məsələ ondadır ki, ona həmin cərimələrlə bağlı sms gəlməmişdir. Avtomobil lizinqdə olmuşdur. Lizinq onun adınadır. Həmin cərimələri o deyil, Həsən ödəmişdir. O, DYPŞ-nə müraciət etmiş, sistemdə nə cəriməsi varsa göndərmələrini bildirmişdir. Daha sonra qərarları ona göndərmişlər. Cərimələrdən ödədikləri var, amma qərar yenə də qanunsuzdur. Yolda gedərkən yol polisi onu saxlamış, avtomobilini dayanacağa aparmışdır. O da məcbur qalıb cərimələri ödəmişdir. Həmin cərimələr elektron kabinetə oturmamış, 7 ay sonra isə qərar qəbul etmişlər. O, qərarları aldığı vaxtdan 20 gün keçməmiş şikayət vermiş, lakin şikayəti geri qayıtdığı üçün yenidən şikayət verərkən müddət keçmişdir. Vəsatətinin təmin olunmasını, müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatət verən şəxsi dinləyib, vəsatəti və şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməməli və şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 prosessual müddətin bərpasına dair vəsatətində inzibati tənbeh vermə haqqında qərarı daha əvvəl almadığına, sonradan özünün müraciəti əsasında hansı tarixdə aldığına dair hər hansı dəlilini irəi sürməmişdir. Məhkəmə iclasında vəsatətin müzakirəsi zamanı isə, o, qərar üzrə cəriməni ödədiyini, lakin nə zaman ödədiyini xatırlamadığını göstərmişdir. Məhkəmə tərəfindən www.asanpay.az internet saytının “DYP cərimələri” bölməsində identifikasiya tipi üzrə “Protokolun nömrəsinə görə axtarış” edib inzibati xəta haqqında protokolun seriyası və nömrəsinə dair məlumat daxil etməklə inzibati xətanı törətmiş şəxs tərəfindən cərimənin və digər ödənişlərin ödənilib-ödənilməməsi yoxlanılarkən müəyyən edilmişdir ki, X4 tərəfindən mübahisələndirilən EQ seriyalı, ******* nömrəli elektron qərar üzrə cərimə və dəbbə pulu məbləği ödənilmişdir. Bu ödənişin tarixi məlum olmasa da, məlumdur ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərarların verilməsi (çatdırılması) İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. X3, onun barəsində tətbiq edilmiş inzibati cəriməni ödəməsi isə, həmin qərarın artıq (qərar çıxarıldıqdan sonra) ona verilməsini (çatdırılmasını) təsdiq və sübut edir. X4 ona sms gəlmədiyini göstərsə də, qərar üzrə cərimə məbləğini ödəməsi ilə onun bu iddiası təkzib olunur. X2 qanunla müəyyən edilmiş müddətdə həmin qərardan şikayət verməmiş, sonradan müraciəti əsasında mübahisələndirdiyi qərar polis orqanının 16 iyul 2025-ci il tarixli rəsmi məktubu əsasında ona çatdırılmış, yalnız bundan sonra o, qərardan şikayət vermişdir. Məhkəmənin qənaətinə görə, yuxarıda istinad edilənlər baxımından bu, artıq hüquqdan sui-istifadədir, X4 foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada ona verildikdən (çatdırıldıqdan) sonra, eyni zamanda bu qərar üzrə cərimə məbləğini ödəməzdən əvvəl, qərardan şikayət verməmişdir. X3 hazırda irəli sürdüyü dəlillər buraxılmış prosessual müddətin bərpası edilərək qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Belə olan halda, məhkəmə hesab edir ki, 27 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur, X3 bununla bağlı vəsatəti təmin edilməməlidir. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar müəyyən edilmədiyi halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində olan 27 avqust 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən eyni tarixli qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar