Məhkəmə qərarları › İş №3(007)-4087/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4087/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4087/2023 17.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 20 iyun 2023-cü il tarixli, 09 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 20 iyun 2023-cü il tarixli, 09 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 20 iyun 2023-cü il tarixli, 09 nömrəli qərarı ilə ona əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 393.3-cü maddəsi ilə 500 manat məbləğində cərimə yazılmışdır. Qeyd olunan maddəyə əsasən barəsində 500 manat cərimə tətbiq olunması əsassızdır. Ona görə ki, o, İXM-nin 393.3-cü maddəsi ilə inzibati xəta törətməmişdir. Qərarda yazılanlarla razı deyil, orada yazılanlar həqiqəti əks etdirmir. Belə olan halda 500 manat məbləğində cərimələnməsi nəyə əsaslanmışdır. Qərarın surəti ona təqdim edilməmiş, izahatı alınmamış və qərarla tanış edilməmişdir. Bu barədə ona hər hansı bir bildiriş və sms gəlməmişdir. Qərarın surətini poçtla yalnız 22 iyul 2023-cü il tarixdə almışdır. Hesab edir ki, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyindən barəsində qəbul olunmuş qərar ləğv edilməlidir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin onun 500 manat cərimə olunmasına dair 20 iyun 2023-cü il tarixli, 09 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşir, mənzilin isə yarımzirzəmisi vardır. Həmin yarımzirzəmidən ümumi giriş qapısından istifadə olunur. Lakin, onun digər çıxışı olduğundan yarımzirzəmiyə rahatlıqla giriş-çıxış etmək üçün pəncərə əvəzinə qapının açılması zərurəti yaranmışdır. Yaşadığı binanın birinci mərtəbəsində küçəyə baxan istiqamətdə qonşuların hamısının pəncərə əvəzi qapıları vardır. Ona görə hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokolun yazılması və barəsində inzibati cərimə tətbiq olunması qanunsuz və əsassız olmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X1 ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin zirzəmisində müvafiq icazə sənədləri olmadan qapı oyuğu açdığına görə 25-ci polis şöbəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilən sənədlər müvafiq tədbir görülməsi üçün aidyyəti üzrə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə daxil olmuşdur. Materialın və eyni zamanda şəxsin özünün müraciəti əsasında aparılan araşdırmalarla təsdiq olunmuşdur ki, həmin şəxs Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsində əksini tapan müvafiq sənədləri və pəncərə oyuğunun qapı ilə əvəz olunmasına dair memarlıq-planlaşdırma həlli layihəsini əldə etmədən pəncərə oyuğunu qapı ilə əvəz etmişdir. İnzibati xəta öz təsdiqini tapdığına görə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 20 iyun 2023-cü il tarixli, 09 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 393.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 20 iyun 2023-cü il tarixli, 09 nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin polis sahə inspektoru tərəfindən tərtib olunmuş 23 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 ünvan 1 ünvanında olan 17 nömrəli mənzilin zirzəmisində müvafiq icazə sənədləri olmadan qapı oyuğu açdığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 20 iyun 2023-cü il tarixli, 09 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 23 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında, yəni ünvan 1 ünvanında yerləşən binanın zirzəmisində qapı oyuğu açdığına görə, X4 Azərbaycan Respublikası İXM-nin 393.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir (qərara təsdiqedici sübut qismində akt və foto şəkil əlavə olunmuşdur); -Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin X3 ünvanlanmış 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 94B saylı binanın mülkiyyətində olan 17-ci mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və pəncərə oyuğunun qapı ilə əvəz olunması barədə müraciətinə İcra Hakimiyyətində baxılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4, 21.2.6-cı bəndlərinə əsasən tələb olunan sənədləri və pəncərə oyuğunun qapı ilə əvəz olunmasına dair lisenziyası olan hüquqi və ya fiziki şəxs tərəfindən hazırlanmış memarlıq-planlaşdırma həlli layihəsi rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qaldırdığı məsələyə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydada baxılacaqdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 393.3-cü maddəsinə əsasən yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsində müəyyən edilmiş müvafiq sənədlər və həmin sənədlər əsasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin qərarı (icazəsi) olmadan ünvan 3 ünvanında yerləşən yaşayış binasında yerləşməklə mülkiyyətində olan 17 nömrəli mənzili qeyri-yaşayış sahəsində keçirmək üçün həmin mənzilin pəncərə oyuğunu açıb genişləndirirərək qapı oyuğu ilə əvəz etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 393.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləridir, qərarın ləğv olunmasının əsasları qismində çıxış edə bilməz. Bununla yanaşı, inzibati araşdırma zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş, inzibati xəta haqqında protokol onun özünün iştirakı ilə tərtib olunmuş, həmin protokolu o, özü imzalamaqla törətdiyi xətaya görə peşman olduğunu yazılı izahatında qeyd etmiş, protokolun və onun əsasında qəbul edilmiş qərarın surətləri ona təqdim edilmiş və ya ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 393.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 20 iyun 2023-cü il tarixli, 09 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar