Məhkəmə qərarları › İş №3(007)-4089/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4089/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4089/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili-“Presedent” vəkil bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4ndən daxil olmuş 24 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 2 olan Şəxs MMC-yə məxsus klinikada 24 iyul 2023-cü il tarixdə saat 11:10-da aparılan plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (yoluxucu xəstəliklər) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında göstərmişdir ki, Şəxs MMC-də Səhiyyə Nazirliyinin X4 tərəfindən yoxlama aparılmasına, vətəndaşın müraciəti əsas olmuşdur. Hansı ki, həmin vətəndaşın klinikanın əməkdaşı ilə konflikti olmuşdur. MMC-nin barəsində minimum həddə cərimə tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin baş direktorunun 21 iyul 2023-cü il tarixli 864 nömrəli qərarından görünür ki, 24 iyul 2023-cü il - 26 iyul 2023-cü il tarixlərdə ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin plandankənar (növbədənkənar) yoxlanılması qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin plandankənar (növbədənkənar) yoxlanılmasının aparılması 21 iyul 2023-cü il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin əməkdaşları tərəfindən Şəxs MMC-nin (klinika) baş həkimi X1 iştirakı ilə tərtib etdikləri 24 iyul 2023-cü il tarixli 500 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktından və digər sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlama keçirilərkən qoyulmuş suallar üzrə lisenziyanın şərtlərinə riayət olunmadığı; lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin (yoluxucu xəstəliklər) həyata keçirildiyi müəyyən edilmişdir. Belə ki, müəssisədə qeydiyyat elektron (“Dusula”) proqramı üzərində aparılır. Vaksinasiya otağı pediatrik və böyüklər üçün birgə təşkil olunubdur. Təbii işıqlandırma və havalandırma ilə təmin olunmayıblar. Sahələri normativ tələblərdən azdır, stasionar bakterosid lampa ilə təmin olunmayıblar. Laboratoriya və qan alma otağı zirzəmidə təşkil olunmuşdur, təbbi havalandırma və işıqlama ilə təmin olunmamışdır. X7 aid EÇS (sedmentasion) klinik laborator müayinəsi cihazda deyil, vizual olaraq vesterqren üsulu ilə təyin olunmuşdur. Bu barədə laboratoriya daxilində yüksək nəticə olduğu üçün təkrar analiz olunmasına baxmayaraq, qeydiyyat aparılmamışdır. Yoxlamanın ikinci sualı üzrə (mahiyyəti üzrə baxılan) tibb işçiləri sertifikasiyaya cəlb edilmişlər, nöqsan aşkar edilməmişdir. Yoxlamanın üçüncü sualı üzrə lisenziyadan kənar iş və fəaliyyət aşkar edilmişdir. X5 əmək müqaviləsi bildirişində həkim-infeksionist qeyd edilmiş və həkim infeksionist kimi fəaliyyət göstərir. Fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Yoxlama klinikanın baş həkiminin iştirakı ilə keçirilmiş, aşkar edilmiş inzibati xətaya görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoxlamanın işində iştirak edən Şəxs MMCnin (klinika) baş həkimi X2 izahatında “Göstərilən iradlarla razıyam. Qısa müddətdə aradan qaldırılacaq” göstərmiş və imzalamışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən 25 iyul 2008-ci il tarixdə verilmiş 0245 nömrəli vəsiqənin surətindən görünür ki, X3 həkimterapevt ixtisası verilmişdir; -Əmək müqaviləsi bildirişindən görünür ki, X5 22 avqust 2019-cu il tarixdə bağlanmış müqavilə üzrə Şəxs MMC-də əmək-infeksionist vəzifəsinə işə qəbul edilmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən “X4” publik hüquqi şəxsinə daxil olmuş məlumatdan görünür ki, ********** nömrəli VÖEN əsasında qeydiyyata alınmış Şəxs MMC-yə 28 yanvar 2019-cu il tarixdə verilmiş lisenziyada “yoluxucu xəstəliklər” fəaliyyət növü icazə verilmiş tibbi fəaliyyət və işlər sırasında yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinin mənasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, Şəxs MMC-də bu cür işin, yəni 28 yanvar 2019-cu il tarixdə verilən lisenziyada müəyyən edilməmiş, lisenziyadan kənar “yoluxucu xəstəliklər” fəaliyyət növü üzrə işin, tibbi fəaliyyətin həyata keçirilməsi tədqiq olunmuş iş materialları, hüquqi şəxsin nümayəndəsinin (klinikanının baş həkimi) yoxlama zamanı verdiyi izahatı ilə tam təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar