Məhkəmə qərarları › İş №3(007)-4090/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4090/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4090/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyinin sədri X1 iştirakları ilə, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə xidmətləri üzrə siyasət şöbəsindən daxil olmuş 04 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1baycan Dostluq Cəmiyyəti ictimai birliyi tərəfindən 2022-ci ilin maliyyə hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməməklə mühasibat uçotu haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyinin sədri X2 izahatında göstərmişdir ki, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyi təsisçilərin ümumi yığıncağının 08 sentyabr 2005-ci il tarixli protokolu və digər sənədlər əsasında qeydə alınmışdır, ictimai birliyin predmeti və məqsədi Azərbaycan və Suriya xalqları arasında dostluq əlaqələrinin inkişafına kömək etmək olaraq müəyyən edilmiş, hüquqi ünvanı isə ünvan 2ünün yaşadığı ünvan olmuşdur, hansı ki, həmin ünvan sökülmüşdür, yaşayış yoxdur, o, ünvan 4 ünvanında yaşayır. Ona görə birliyin ünvanı da onun faktiki yaşadığı ünvan sayılır. Poçt şöbəsindən əldə etdiyi arayışla təsdiq olunur ki, birliyin illik maliyyə hesabatlarının aprel ayının 1-dən gec olmayaraq təqdim edilməsi barədə bildiriş və xəbərdarlıq ünvanına daxil olmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, hazırkı vəziyyətdə həmin hesabatların verilməsi təmin edilmişdir. Göstərdiklərini və ictimai birliyin yaradılma və fəaliyyət məqsədlərini, bu istiqamətdə mühüm əhəmiyyətli işlər gördüklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyinin sədri X2 izahatında göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin 18 aprel 2023-cü il tarixli 3-23/2- 2337/2023 nömrəli məktubundan görünür ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu məktubla yazılı xəbərdarlıq edilir. Yazılı xəbərdarlıqdan sonra maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməyən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, 2022-ci il üzrə maliyyə hesabatlarının Maliyyə Nazirliyinə “Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı” vasitəsi ilə təqdim olunması xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 39 saylı poçt şöbəsinin 12 avqust 2023-cü il tarixli arayışından görünür ki, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Y/M, dalan 4, ev 12 ünvanına X1 adına poçt göndərişi sonuncu dəfə 07 avqust 2023-cü il tarixdə daxil olmuş, 08 avqust 2023-cü il tarixdə çatdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyi hüquqi ünvan üzrə ünvan 6 alınmışdır, həmin ünvan isə ictimai birliyin qanuni təmsilçisi (sədri) X1 faktiki yaşadığı ünvan olmuşdur. Hansı ki, qeyd olunan mənzilin yerləşdiyi yaşayış binası sökülmüşdür, X2 da faktiki olaraq ünvan 4 ünvanında yaşayır. Belə olan halda, müəyyən olunur ki, illik maliyyə hesabatlarının aprel ayının 1-dən gec olmayaraq, habelə, bununla bağlı yazılı xəbərdarlıqdan sonra 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim olunması ilə bağlı Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin 18 aprel 2023-cü il tarixli 3-23/2-2337/2023 nömrəli məktubu və xəbərdarlığı “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyi tərəfindən rəsmi qaydada alınmamışdır. Buna dair sübut iş materialına əlavə edilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin ictimai birliyin inzibati qaydada tənbeh olunması üçün əsaslar yoxdur, əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş hal aradan qaldırılmışdır və “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyinin yaradılma, fəaliyyət istiqamətləri və bu istiqamətdə görülən işlər baxımından yanaşıldıqda, qeyd olunan xətaya yol verilməsi ilə hər hansı ciddi hüquqi nəticə baş verməmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin ictimai birliyin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti ictimai birliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar