Məhkəmə qərarları › İş №3(007)-4090/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4090/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4090/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayonu, A.Novruzov küçəsi, ev 35, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, ev 15-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 05 sentyabr 2025-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs YPX inspektorları tərəfindən saxlanılan zaman onun avtomobili qanuni əsaslar olmadan idarə etdiyi müəyyən olunmuşdur, yəni etibarnaməsi olmamışdır. Belə olan halda, polis əməkdaşlarının nəqliyyat vasitəsinə yerləşdirilməli olması ilə bağlı tələbləri qanuni olmuşdur. Lakin Şəxs bu qanuni tələbi yerinə yetirməmiş, polislərin xidməti fəaliyyətinə mane olmuşdur. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 05 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində avtomobili ilə hərələtdə olarkən, “Neolit” şadlıq sarayının yanında yol polisi əməkdaşı onu saxlamışdır. Polis əməkdaşları onunla kobud formada danışmışlar. Onun üzərində etibarnamə olmamışdır. Avtomobilini lizinqlə almış, etibarnaməsinin müddəti bitmişdir. Sonra ona yanlış etibarnamə vermişlər. Polis əməkdaşları onu saxlayan zaman o, lizinq şirkəti ilə əlaqə saxlamış, ona demişlər ki, “etibarnamə bizdədir, sizə yaxın ərazidəyik, gözləyin, gətirək”. Lakin polis əməkdaşları ona avtomobili sürə bilməyəcəyini, maşının evakauator vasitəsi ilə duracağa təmin edilməli olduğu bildirmişlər. O, polis əməkdaşları ilə razı olmamışdır. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmış, orada onu döymüş və söymüşlər. Qeyd etdiklərini, eyni zamanda himayəsində 7 və 10 yaşlı iki azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər BPİ DYPİnə bilvasitə tabe olan YPX Alayının YPX inspektorları F.Əhmədli və V.Əhmədli tərəfindən birgə yazılmış 05 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, 05 sentyabr 2025-ci il tarixdə, saat təxminən 01:00 radələrində Mikayıl Əliyev küçəsində xidmətdə olan zaman “Changan” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələbini pozduğu üçün tərəflərindən saxlanılmışmışdır. Sürücüyə yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusunu izah etmiş, sənədlərini təqdim etməsini tələb etmişlər. Sürücünün sənədləri qaydasında olmadığından tərəflərindən müvəqqəti dayanacağa təmin olunması barədə sürücüyə məlumat vermişlər. Lakin sürücü dayanacağa getməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla bağlı ərazidə xidmət aparan post-patrul naryadlarını köməyə çağıraraq 25-ci PB-nə təmin etmişlər. Həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 96.1.1-ci maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, onun tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün hüquqi əlamətlər vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmədə verdiyi izahatla bağlı qeyd edir ki, onun törədilmiş xətaya münasibətdə irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunmuşdur, ona görə şəxsin özünü məsuliyyətdən yayındırmağa cəhd etməsi kimi qiymətləndirilərək nəzərə alınmır. İzahatda qeyd olunan digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi isə hazırkı icraatın predmeti deyildir, ona qarşı yol verilmiş, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və müvafiq məsuliyyət məsələsinin həlli üçün aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 05 sentyabr 2025-ci il tarixdə saat 01:30-da tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, məhkəmə hesab edir ki, o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən) hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar