Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4094/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 8, mənzil 63-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 148A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 327.4, 332.2 və 511.1.3-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 31 iyul 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 01 iyul 2023-cü il tarixdə saat 16:15-də idarə etdiyi “Tufan S150” markalı 99-E- 603 dövlət qeydiyyat nişanlı motosikllə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, M.Abbasov və Ə.Vəliyev küçələrində hərəkətdə olarkən, Azərbaycan Respublikası İXMnin 327.2, 327.3, 327.4, 332.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs avtoxuliqanlıq etməsini təsdiq edən video görüntülər protokola əlavə edilmişdir. Xəta anında motosikli idarə edən şəxsi saxlaya bilmədiklərinə görə sürücünün Şəxs olmasına əmin deyildir. Lakin həmin şəxs sonradan yol polisi şöbəsində yazdığı izahatında əməlini etiraf etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, “Tufan S150” markalı 99-E-603 dövlət qeydiyyat nişanlı motosikl ona məxsusdur, 01 iyul 2023-cü il tarixdə gün ərzində motosikl onun istifadəsində olmamışdır, dostu İsmətin xahişi ilə motosikli idarə etmək üçün ona vermişdir. İsmət hazırda Türkiyədədir, əlaqələri yoxdur. 31 iyul 2023-cü il tarixdə polislər tərəfindən saxlanılarkən ona bildirilmişdir ki, 01 iyul 2023-cü il tarixdə avtoxuliqanlıq etməsi qeydə alınmışdır. Lakin o, qeyd olunan tarixdə motosikli idarə etmiş İsmətin belə xəta törədibtörətmədiyini bilmir. İşdə olan və inzibati xəta törətməsini etiraf edən izahatı polislərin sözü ilə yazmışdır. Özü avtoxuliqanlıq etmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs məhz hansı inzibati xətanı törətdiyi qeyd olunmamış, inzibati xətanın mahiyyəti göstərilməmiş, yalnız şəxsin məsuliyyətə cəlb edildiyi maddələrin adı qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində video görüntülərin olduğu CD disk işə əlavə edilmişdir. Hansı ki, həmin video görüntülərdə ehtimal olunan inzibati xətanı törətdiyi qeyd edilən motosiklin “Tufan S150” markalı 99-E- 603 dövlət qeydiyyat nişanlı motosikl olması, onun markası və dövlət qeydiyyat nişanı görünmür, xətanın da məhz protokolda qeyd olunduğu 01 iyul 2023-cü il tarixdə saat 16:15-də törədildiyi barədə qənaətə gəlinməsi üçün əsas yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, motosiklin qəflətən sürətləndirildiyi görüntüsünün yaradılması üçün texniki qaydada müdaxilə olunmaqla video görüntü sürətləndirilmiş və həmin qaydada CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. İnzibati xətalar qanunvericiliyinə görə, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan mexaniki nəqliyyat vasitəsinin qəflətən sürətləndirilməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, əməlin həmin maddənin təsiri altına düşməsi, tövsif olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətləri mövcud olmalıdır. Hansı ki, Şəxs 01 iyul 2023-cü il tarixdə saat 16:15-də idarə etdiyi “Tufan S150” markalı 99-E-603 dövlət qeydiyyat nişanlı motosikllə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, M.Abbasov və Ə.Vəliyev küçələrində hərəkətdə olarkən mexaniki nəqliyyat vasitəsi hesab olunan motosikli qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarması və ya yolun səthində çoxsaylı təkər izləri buraxması ilə bağlı sübutlar birmənalı olaraq əldə edilməmişdir, mövcud deyildir. Digər yandan nəzərə alınmalıdır ki, Şəxs qeyd olunan tarixdə və vaxtda motosiklin onun tərəfindən idarə edilmədiyini, özünün istifadəsində olmadığını, dostu İsmət adlı şəxsin istifadəsində və idarəsində olduğunu bildirmişdir. Hansı ki, inzibati xəta haqqında protokolu tərtib edən YPX inspektorunun özü də xətanı törədən şəxsin məhz Şəxs olmasına əmin olmadığını qeyd etmişdir. Bununla da, müəyyən olunur ki, iş üzrə inzibati xəta törədən şəxs düzgün müəyyən edilməmişdir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.2, 327.3, 327.4 və 332.2-ci maddələri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.2, 327.3, 327.4 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, həmin şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün (özünün məhkəmədə verdiyi izahatında göstərilənlər yoxlanılmaqla) həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Bundan başqa, iş üzrə icraata xitam verildiyindən və müvafiq əsaslar olmadığından inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.3, 327.4 və 332.2-ci maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə göndərilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4094/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4094/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver