Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4095/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, bir icraatda birləşdirilmiş, ondan Zərərçəkmiş şəxs1 xeyrinə 13 aprel 2012-ci il təvəllüdlü X4, 05 yanvar 2015-ci il təvəllüdlü X5 və 08 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 15 sentyabr 2017-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 154 manat olmaqla cəmi 462 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2(007)-339/2018 nömrəli, ondan Zərərçəkmiş şəxs1 xeyrinə 13 aprel 2012-ci il təvəllüdlü X4, 05 yanvar 2015-ci il təvəllüdlü X5 və 08 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(007)-257/2025 nömrəli və ondan "xxxx" MMC-nin xeyrinə 2400 manat pulun tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(007)-4151/2017 nömrəli icra sənədləri üzrə borcları ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, birinci və ikinci icra sənədləri üzrə cəmi 6006 manat, sonuncu icra sənədi üzrə 2400 manat pul məbləğlərini ödəməyərək, icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, borclu ölkə kənarında olmuş, bu müddət ərzində borcu ödəməmişdir. Bu gün 2000 manat məbləğində ödəniş etmişdir. Yaxın günlərdə də yenidən ödəniş edəcəyini qeyd edir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, əvvəllər aliment ödənişlərini etmiş, lakin sonra iş tapa bilmədiyinə görə ödəniş edə bilməmiş, Rusiya Federasiyasına işləməyə getmişdir. Hazırda tələbkara 2000 manat ödəniş etmişdir, bundan sonrakı aylarda da hər ay 1000 manat ödəniş edəcək və borcu bitirəcəkdir. Digər tələbkara olan borcunu ödəməkdən də yayınmır. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, borclu hazırda ona 2000 manat ödəniş etmişdir, gələcəkdə qalan borcunu ödəyəcəyinə söz vermişdir. Ona görə iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 olan 6006 manat borcundan hazırda 2000 manat ödəniş etmişdir, qalan borcu ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Tələbkar isə həmin halı qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Bundan başqa, borclu həmin tələbkara və digər tələbkar "xxxx" MMC-yə olan borclarını ödəməkdən yayınmır, borclarına ödəyəcəyinə dair öhdəlik götürür. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədlərinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, qalan borcunu ödəməkdən də yayınmır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, Şəxs iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən) hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4095/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4095/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver