Məhkəmə qərarları › İş №3(007)-41/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-41/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-41/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X7 vəkili-“Kəngərli və partnyorları” vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş-Azərbaycan Respublikasının X4 nümayəndəsi X5 iştirakları ilə, X7 Azərbaycan Respublikasının X4 02 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 Azərbaycan Respublikasının X4 02 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Joyy” hotel Azərbaycan Respublikasının vətəndaşlarının və əcnəbilərin məişət ehtiyaclarının ödənilməsi və peşəkar səviyyədə istirahət etmələrinin təmin edilməsi məqsədilə təsis edilən qonaqlama mərkəzidir. X4 əməkdaşları tərəfindən 24.10.2020-ci il tarixdə oteldə aparılmış yoxlama zamanı guya epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması müəyyən edilmiş və bu barədə inzibati protokol tərtib edilmişdir. Daha sonra onlara heç bir rəsmi məlumat verilmədən 02 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərarı ilə X12 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Bu qeyd olunan hallar ümumiyyətlə baş verməmişdir. Aşağıda qeyd olunanlarla X3 02 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarının qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir. X3 qərarında “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” dedikdə konkret olaraq hansı əməlin törədilməsindən və yaxud hansı qaydanın pozulmasından söhbət getdiyini müəyyənləşdirmək olmur. Məlum olduğu kimi, “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən dövlət sanitariya nəzarəti əhalinin sanitariya-epidemioloji salamatlığını, əlverişli ətraf mühiti təmin edən və əhalinin sağlamlığını qoruyub möhkəmləndirmək, adamların fəal ömrünü uzatmaq məqsədi güdən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər kompleksinin dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən yerinə yetirilməsi prosesində dövlət sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sanitariya qanunvericiliyinin, insanın sağlamlığının qorunması sahəsində beynəlxalq və dövlət standartlarının tələblərinin yerinə yetirilməsini təmin etməyə, qida məhsulları istisna olmaqla, sanitariya qaydaları və normaları, gigiyena normativləri pozuntularının qarşısını almağa, bunları vaxtında aşkara çıxarıb ləğv etməyə, təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə yönəldilmişdir. Qeyd etmək lazımdır ki, bununla bağlı oteldə hər hansı pozuntuya yol verilməmişdir. İkinci bir məqam ondan ibarətdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1dək dayandırılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qeyd edilən Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanının 2-ci hissəsi ilə həmin hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı təsdiq edilmişdir ki, həmin siyahıda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına nəzarət məqsədilə keçirilən tədbirlər nəzərdə tutulmamışdır. Göründüyü kimi, X4 əməkdaşları tərəfindən “Joyy” hotelin direktoru barəsində tərtib edilmiş protokol qanunvericiliyin tələblərini pozmaqla tərtib edildiyindən bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Üçüncü bir məqam ondan ibarətdir ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasına görə təqsirli vəzifəli şəxslərin dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulsa da, X4 02 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən X12 3000 manat cərimə edilmişdir. Dördüncü bir məqam ondan ibarətdir ki, barəsində tətbiq edilən inzibati cərimə 1 il 1 aydan sonra, yəni 14 dekabr 2021-ci il tarixdə rəsmi olaraq poçtla ona göndərilmişdir. Bu halın özü də onu sübut edir ki, X4 əməkdaşları tərəfindən pandemiyanın tüğyan etdiyi zamanda əsassız tərtib edilmiş protokollara sonradan hüquqi don geyindirmək adı altında çıxarılan qərarlar, barəsində inzibati icraat aparılan şəxslərə məlumat verilmədən sonradan rəsmləşdirilir. Belə ki, İXM-nin 60.3-cü maddəsinə əsasən müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış ona məlumat verilməli və iştirakı ilə baxıb qərar qəbul edilməli idi. Beşinci bir məqam ondan ibarətdir ki, X3 02 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarında X7 “Joyy” hotelin vəzifəli şəxsi kimi göstərilməsinə baxmayaraq, o, həmin otelin nə direktoru, nə baş adminstratoru, nə də hər hansı vəzifəli şəxsi olmuşdur. Buna baxmayaraq əsassız yerə inzibati məsuliyyətə vəzifəli şəxs olaraq cəlb edilmişdir. X3 02 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, şikayətin təmin olunaraq qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının X4 nümayəndəsi X9 izahatında göstərmişdir ki, Respublika ərazisində xüsusi karantin rejimi dövründə koronavirus (Covid-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiq edilməsinə və bir sıra qərarla qəbul edilib göstərişlər verilməsinə baxmayaraq, müvafiq şəxslər, o cümlədən hüquqi və vəzifəli şəxslər tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələbləri pozulmuşdur. 24 oktyabr 2020-ci il tarixdə X4, X1 Bakı regional bölməsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən “Joyy” mehmanxanasında keçirilən yoxlama zamanı mehmanxanada yeni işə qəbul olunan işçi X2 “Covid-19” testindən keçməməsi, mehmanxananın girişində qonaqların bədən hərarətinin ölçülmədiyi müəyyən olunmuşdur. Bununla bağlı ilkin olaraq akt tərtib edilmişdir, hansı ki, həmin nöqsanlar mehmanxananın əməkdaşının iştirakı ilə müəyyən olunmuşdur. İnzibati xəta faktı öz təsdiqini tapdığından protokol tərtib edilmiş, protokol əsasında “Joyy” mehmanxanasının vəzifəli şəxsi X12 təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Bunu təsdiq edən akt və digər zəruri sənədlər məhkəməyə təqdim edilmişdir. İnzibati xəta faktına görə X7 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, protokola baxılaraq sübutlar əsasında qərar qəbul edilmiş və X12 vəzifəli şəxs qismində cərimə olunmuşdur. Hesab edir ki, şikayətdə göstərilənlərin əsası yoxdur. Şikayətin təmin olunmamasını, mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının X6 ünvanlanmış 31 may 2020-ci il tarixli İN-X/O-5424/2020 nömrəli məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarı ilə müəyyən edilmiş sahələrdə və istiqamətlərdə tətbiq edilmiş xüsusi sanitar rejim və Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi tərəfindən koronavirus (Covid-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiq edilmişdir. Azərbaycan Respublikasının Baş nazirinin 15 may 2020-ci il tarixli 10/576 nömrəli dərkənarı ilə həmin metodiki göstərişlər əsasında, xüsusi karantin rejimi dövründə aidiyyəti üzrə nəzarətin həyata keçirilməsi və həftədə bir dəfə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumatın təqdim edilməsi tapşırılmışdır. Bununla əlaqədar, sahibkarlıq subyektləri tərəfindən fəaliyyətin həyata keçirilməsi zamanı Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş xüsusi karantin qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət edilməsinə nəzarət olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin keçirilməsi üçün Bakı şəhəri üzrə 12 (hər rayon üzrə) və regionlar üzrə 8, həmçinin ərzaq və qeyri-ərzaq sənaye müəssisələri üzrə 2 monitorinq qrupu yaradılaraq, monitorinqlər davam etdirilir. Təsdiq edilmiş “Turizm və hotelçilik sektorunda koronavirus (Covid-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” üzrə qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəm alma cihazının düzgün işləməsinin təmin edilməsinə və 10 kvadrat metr ərazidə 4 nəfərin olmamasının, ərazidə oturacaqların ara məsafəsinin 1 metrdən az olmamasının və masaların arasındakı məsafənin 2 metrdən az olmamasının təmin edilməsinə nəzarətin həyata keçirilməsi və bununla bağlı görülmüş işlərə dair mütəmadi məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi məqsədilə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir; -Azərbaycan Respublikasının X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 31 may 2020-ci il tarixli İN-X/O-5424/2020 nömrəli məktubuna 05 mart 2021-ci il tarixli DTA/03-06/2-281/21 nömrəli cavab məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 8 avqust 2020-ci il tarixdə “Koronavirus (Covid-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydaları təsdiq edilmişdir. X8 bu Qaydaları rəhbər tutaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə 24 avqust 2020-ci il tarixdən etibarən turizm məkanlarında yerləşən və fəaliyyətdə olan mehmanxanalarda intensiv monitorinqlər həyata keçirir. 2020-ci ilin 24 avqust tarixindən indiyə kimi müvafiq qurumlar tərəfindən bu dövr ərzində ölkədə fəaliyyət göstərən 374 hoteldə ümumi olaraq 11300-dən çox sayda monitorinq aparılmış və 378 cərimə tətbiq edilmişdir. Eləcə də pandemiya dövründə mehmanxanalara sözügedən tələblərə əməl etməkdə əstək göstərmək məqsədilə X8 tərəfindən fərdi qoruyucu vasitələr (maska, eynək, kombinezon və s.), dezinfeksiyaedici məhlullar paylanılmış, “SAHMAN” proqramı çərçivəsində maarifləndirmə işləri davam etdirilmişdir. Mehmanxana qonaqlarına sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı xatırlatmalar etmək məqsədi ilə divar və döşəməyə vurulmaq üçün 11 müxtəlif kateqoriyanı əks etdirən 4600 ədəd nişan və lövhə çap olunaraq sənaye müəssisələrinə paylanılmış, mehmanxana və mehmanxana tipli müəssisələri təlimatlandırmaq və maarifləndirmək məqsədilə təlimlər keçirilmiş, pandemiya dövründə karantin tədbirlərinin icrasına məsul şəxslər təyin olunmuşdur; - 24 oktyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, X4 baş məsləhətçisi Azər Orucov, X1 Bakı regional bölməsinin monitorinq və istehlakçı hüquqlarının müdafiəsi sektorunun müdiri Pərviz Qaffarzadə, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İsgəndər Qarayev, həmin aktı tərtib etmişlər ondan ötür ki, 24 oktyabr 2020-ci il tarixdə “Joyy” mehmanxanasında keçirilən yoxlama zamanı mehmanxanada yeni işə qəbul olunan işçisi X2 Covid-19 testindən keçməməsi, həmçinin mehmanxananın girişində qonaqların bədən hərarətinin ölçülmədiyi müəyyən olunmuşdur. Qeyd olunan nöqsanlar mehmanxananın əməkdaşı Sevinc Abbasovanın iştirakı ilə müəyyən olunmuş və bu barədə telefon vasitəsi ilə (***-***-**-**) fiziki şəxs X10 məlumat verilmişdir; -Azərbaycan Respublikasının X4 02 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 24 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Joyy” hoteldə aparılan yoxlama zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması müəyyən edildiyinə görə X12 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə edilmişdir; -Vəsiqənin surətindən görünür ki, X12 ********** qeydiyyat (VÖEN) nömrəsi ilə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsində qeydə alınmışdır; -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumata əsasən X7 fərdi qaydada sahibkarlıq fəaliyyəti motellərin fəaliyyəti kimi qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın 11.1.1-ci hissəsinə əsasən qonaq mehmanxanaya daxil olarkən, termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onun hərarəti ölçülür. Bu zaman qonağın bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin qonağın mehmanxanaya daxil olmasına yol verilmir. Həmin Qaydaların 4.14.1-cü hissəsinə əsasən mehmanxananın yeni işə qəbul olunan və mövcud işçiləri işə başlamazdan əvvəl mehmanxana daxilində və mehmanxana hesabına COVİD-19 testindən keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı müvafiq qərarlarına əsasən müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, qadağa, qayda və tələblərin müddəti uzadılmışdır. İstinad edilən Qərarlarla, müəyyən edilmiş məhdudiyyətlərin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqları təsbit edilmişdir. Məlumdur ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu kimi çoxsaylı qərarlar qəbul edilmiş, görülən müvafiq tədbirlər müsbət nəticə verdiyi zaman isə yumşalmalara gedilmiş, müvafiq qoruyucu tələblərə əməl edilməklə iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, baxılan şikayətdə istinad edilən inzibati xəta hadisəsi 24 oktyabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Joyy” hoteldə baş vermişdir, hansı ki, hoteldə (mehmanxanada) keçirilən yoxlama zamanı mehmanxanada yeni işə qəbul olunan işçi X2 “Covid-19” testindən keçməməsi, həmçinin mehmanxananın girişində qonaqların bədən hərarətinin ölçülmədiyi müəyyən olunmuşdur. Belə olan halda, xüsusi karantin rejiminin müvafiq tələblərinin X12 tərəfindən pozulması Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X12 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl etməyərək, belə pozuntuya yol vermişdir, şikayətdə irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 02 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X7 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının X4 02 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar