Məhkəmə qərarları › İş №3(007)-4102/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4102/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4102/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 15 iyul 2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 119 ünvanında metronun “Koroğlu” stansiyasının yaxınlığında "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsinin şüşəsinə qəsdən yumruqla vurub sındıraraq 2180,17 manat məbləğində maddi zərər vurmuşdur. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə rəisi Ş.A.Kərimov tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 23 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 15 iyul 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Ənvər Süleymanlı küçəsində "xxxx" MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa minmişdir. Həmin avtobusla metronun “Koroğlu” stansiyasının çıxışına getmişdir. Metronun “Koroğlu” stansiyasında yerləşən X1 içərisində sürücüyə nə üçün avtobusu yavaş sürdüyünü demiş, bu zaman sürücü ona “sənə nə aidiyyəti var, qələtivi elə” ifadəsini işlətmişdir. Bu zaman sürücü ilə arasında sözlə mübahisə başlamışdır. Mübahisə zamanı sürücü onun və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Bu səbəbdən o, əsəbiləşmiş, avtobusun sürücü tərəfdə olan sol yan şüşəsinə 2 dəfə yumruqla zərbə vurmuş, zərbənin təsirindən avtobusun şüşəsi qırılmışdır. Dəymiş ziyanı hissə-hissə ödəyə bilər. Əməlindən peşmandır. 22 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs 15 iyul 2025-ci il tarixdə "xxxx" MMC-yə məxsus “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sol yan şüşəsini qəsdən sındırmışdır. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə ümumilikdə 2180,17 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC-yə dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş 16 iyul 2025-ci il tarixli aktdan görünür ki, “Procity” markalı “BMC” modelli **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin və texniki xidmətin ümumi dəyəri 2180,17 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə baş vermiş hadisədə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə tədbir görülməsi üçün 23cü Polis Bölməsinə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd “DVD” formatlı diskdəki video materiala baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sol yan şüşəsinə zərbə vuraraq şüşəni sındırmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi işdə iştirak edən şəxslərin izahatları, video material, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi ziyan ödənilmədiyindən, zərərçəkmiş hüquqi şəxsin mülki icraat qaydasında (qüsur aktında əksini tapmış və digər xərclərin ödənilməsi üçün) belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 2180,17 (iki min bir yüz səksən manat, on yeddi qəpik) manat məbləğində cərimə edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş hüquqi şəxsə izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar