Məhkəmə qərarları › İş №3(007)-4105/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4105/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4105/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:20 radələrində Bakı şəhəri, Nizami rayonu, V.Vəliyev və T.Abbasov küçələrinin kəsişməsində Nizami RPİ-nin PPXB-nin əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş, səs-küy salaraq ictimai asayişi pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi əməli etiraf edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə xalası oğlu Nihat Məmmədzadə ilə birlikdə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş, belə ki, arxadan gələn avtomobil onların avtomobili ilə toqquşmuşdur. Bu zaman onlar avtomobildən düşmüş, digər avtomobilin sürücüsü ilə danışan zaman aralarında mübahisə yaranmış, daha sonra onlara polis əməkdaşları yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmiş, lakin onlar yol patrul xidməti inspektorunun qəza ilə əlaqədar onlara yaxınlaşmalı olduğundan polis şöbəsinə getməkdən imtinza etmişlər. Hadisə zamanı o, öz əsəblərinə hakim ola bilməmiş, avtomobiliə təpiklə vurmuşdur. Belə ki, özü əsəb xəstəsidir, 2 gündür dərmanlarını qəbul etmədiyindən belə əsəbləşmiş, göstərilən hərəkətlərə yol vermişdir. Lakin o, polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, əl-qol hərəkətləri etməmiş, yalnız yüksək səslə danışaraq və mübahisə edərək ictimai asayişi pozmuşdur. Etdiyi əmələ görə çox peşmandır. Bir daha belə hallara yol verməyəcək. Bütün bunları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs ictimai asayişi pozsa da, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Polis şöbəsinə isə YPX inspektronun gəlməsini gözləməsi səbəbindən getmək istəməmişdir. Hazırda əməlindən peşmandır, əvvəllər məsuliyyətə cəlb olunmamışdır. Bütün bunları nəzərə alaraq, barəsində olan İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, İXM-nin 510-cu maddəsi ilə isə barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əfəndizadə Hüseynağa Hicran oğlu məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, V.Vəliyev küçəsi ilə T.Abbasov küçəsinin kəsişməsində idarə etdiyi nəqliyyat vasitəsi ilə digər nəqliyyat vasitəsini arxa hissəsindən vurmuş, təqsir onda olmuş, belə ki, ara məsafəsini gözləməmişdir. Hadisədən sonra Şəxs və Nihat Məmmədzadə avtomobildən əsəbi halda düşmüş, səbrsiz davranmış, aralarında sözlə mübahisə yaranmış, Şəxs əsəbi halda təpiklə onun maşının vurmuşdur. Günah onda olduğu üçün o sakit davranmışdır. Onlarla arasında elə ciddi bir mübahisə olmamış, ancaq aralarında sözlə mübahisə olmuş, daha sonra polis əməkdaşları yaxınlaşmış, onlarla polis əməkdaşları arasında mübahisə yaranmış, mübahisənin yaranma səbəbləri isə ona məlum olmamışdır. Belə ki, polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman o, kənarda dayandığı üçün yaranan mübahisənin səbəbini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri, polis sejantı X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 17:20 radələrində Bakı şəhəri, Nizami rayonu, V.Vəliyev və T.Abbasov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermiş, hadisə yerində tərəflər arasında sözlə mübahisə yaranmış, onlar kömək etmək məqsədilə hadisə yerinə yaxınlaşmış, hadisə yerində Şəxs və Nihat Məmmədzadə ilə aralarında mübahisə yaranmış, onlar ictimai asayişi pozduqları üçün polis şöbəsinə dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni göstərişlərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmiş, onlara qarşı təhqiredici ifadələr işlədərək hədə-qorxu gəlmişdir. Onlar onları dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxslər polis əməlkdaşlarının qanuni göstərişlərinə əməl etməmişdir. Sonda onların əməllərinin qarşısının alınması məqsədilə həmin şəxsləri xidməti avtomobilə əyləşdirərək 25-ci polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri, polis sejantı X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 17:20 radələrində xidmətdə olarkən “Zirvə” radiostansiya vasitəsilə Bakı şəhəri, Nizami rayonu, V.Vəliyev və T.Abbasov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsinin baş verməsi, hadisə yerində tərəflər arasında sözlə mübahisə yaranması, qara paltarlı şəxsin digər şəxsin maşınına təpiklə zərbə vurması barədə məlumat verilmiş, onlar hadisə yerinə yaxınlaşmış, hadisə yerində Hüseynağa Əfəndizadəyə yaxınlaşdıqda onun təqsiri üzündə qəza baş verdiyini, qarşı tərəfin ondan yeni maşın alıb verməsini tələb etdiyini bildirmiş, o, Şəxs yaxınlaşıb müraciət etdikdə həmin şəxs onu təhqir etmiş, hədə qorxu gəlmiş, ictimai asayişi pozduqları üçün onları polis bölməsinə dəvət etdikdə isə onlar polis şöbəsinə getməkdən imtina etmişlər. Yol patrul xidməti inspektorunun gəlməsiylə əlaqədar isə artıq müşahidə kameraları vasitəsilə qəza hadisəsi qeydə alındığı üçün onların dərhal polis bölməsinə getmələrini bildirmişlər. Şəxs həmçinin əlində olan mobil telefonu ilə çəkiliş apararaq onlara hədə-qorxu gəlmişdir. Onlar onları dəfələrlə nizamintizama dəvət etsələr də, həmin şəxslər polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etməmişdir. Sonda onların əməllərinin qarşısının alınması məqsədilə həmin şəxsləri xidməti avtomobilə əyləşdirərək 25-ci polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri, polis sejantı X7 məhkəməyə şahid X2 və şahid X6 ilə eyni məzmunlu izahat verərək onların dediklərini bir daha təsdiq etmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən Şəxs oğlunun İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi öz əksini tapmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportla, hadisənin videogörüntüsünü özündə əks etdirən DVD disklə və digər sübutlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 17:40-da tutulmuşdur. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən, saat 17:40dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 02 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 22 (iyirmi iki) manat (2x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar