Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4125/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3 nümayəndəsi (atası) X7, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri X2 və X8 iştirakları ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 20 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, X6 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən barəsində MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ilə ona 1500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq olunub. Belə ki, vətəndaş Şahid xx.xx.2024-cü il tarixdə barəsində inzibati qərar qəbul etmiş orqana şikayət etmiş, həmin şikayət araşdırılmışdır. Guya məlum olmuşdur ki, o, inzibati xəta törətmişdir. Zərərçəkmiş şəxs inzibati orqana bildirmişdir ki, “Məhərrəm” karqo tərəindən gələn bağlama vaxtında ünvana çatdırılmamışdır. Bu barədə inzibati orqan xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* saylı protokol tərtib etmişdir. O, karqo ilə uzun müddətdir ki məşğuldur, bütün sifarişləri vaxtı vaxtında çatdırır. Çatdırmalar kuriyerlər vasitəsi ilə edilir. Əşyanı göndərdiyi kuryer iki dəfə Şahidla əlaqə saxlamış, o isə bu əlaqədən imtina etmişdir. Bundan əlavə o, hazırda da karqo ilə göndərilən əşyanın qəbulundan imtina edir. Onu da bildirir ki, kuryer Şahidla həm mobil telefon vasitəsi ilə, həm də mobil votsap tətbiqi vasitəsilə əlaqə yaratmış, mobil telefonu götürmədiyi üçün ona votsap tətbiqi vasitəsilə səs yollamış, o, yenə də buna cavab verməmişdir. Qeyd etdiklərindən də görünür ki, Şahid süni surətdə ona maneələr yaratmışdır. Həmin şəxs onlarla karqo ilə göndərilən əşyanın niyə geçikməsi, hansı səbəblərdən yubanması kimi hallar barəsində müraciət etməmişdir. Bir qəfil inzibati orqana şikayət etmişdir. İnzibati xəta haqqında qərarla o, bu maddə ilə məsuliyyətə cəlb olunmuşdur. Amma o, malın nə ölçüsünü, nə çəkisini, nədə ki, keyfiyyətini dəyişməmişdir. Bundan əlavə malı qaydasında və vaxtında çatdırmışdır. Şahid onu qəbul etməməsinə görə barəsində verilən bu maddənin tətbiqi əsassızdır. Bununla bağlı kuryer tərəfindən qeyd edilən səs yazılarını məhkəməyə təqdim edəcəkdir. Göründüyü kimi inzibati xətaya dair işdə hər hansı bir mötəbər sübut yoxdur. Qeyd etdiklərini nəzərə alıb, məhkəmədən, şikayətinin təmin olunmamasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati xəta ilə bağlı çıxarılan inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, 1500 manat cərimənin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 nümayəndəsi (atası) X13 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şahid şikayəti əsasında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aparılan araşdırma ilə əlaqədar tərəflərindən zəruri məlumatlar verilmişdir. Əlavə olaraq bildirir ki, Şahid bağlaması Türkiyə gömrüyündə saxlandığı üçün gecikmə olub. Bağlama gəldikdən sonra müştəriyə dəfələrlə bu barədə bildirilib və bağlama ünvana göndərilib. Lakin müştəri telefona cavab verməyib və geri də əlaqə saxlamayıb. O, əlaqə nömrəsini “blok”a atıb, “məhsul başına dəysin” demişdir. Mal gələndən sonra vətəndaşla aralarında səs yazıları olub. Sifariş veriləndən sonra bağlamanı Türkiyədə gömrükdə saxlayıblar, partlayıcı maddə olduğu üçün, sonra xahiş minnətlə gətirtmişlər. 15 gün yubanma olmuşdur. Şahid Mingəçevirdən sifariş edib. Bağlama poçtla çatdırılmalı olduğuna görə poçtla göndərmişlər. “Trendyol” çıxandan sonra ziyana düşüb karqonu bağlamışlar. Şahid neçə dəfə zəng vurublar, amma götürməyib, taksi sürücüsünə demişlər ki, bağlamanı çatdırsın. İşləri dayandığına görə taksiyə vermişlər. Amma poçtla çatdırılmalı olmuşdur. Lakin hesab edirlər ki, şirkət sifarişçi şəxsə məxsus malın ölçüsünü, çəkisini və keyfiyyətini dəyişdirməmişdir. Ona görə inzibati məsuliyyətə cəlb edilmələri əsassız olmuşdur. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi X1 izahatında göstərmişdir ki, vətəndaş Şahid Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin şəxs tərəfindən 23 mart 2024-cü il tarixdə “Məhərrəm” daşıma şirkəti vasitəsilə “Trendyol” saytından bir neçə məhsul sifariş verilmiş, 28 mart 2024-cü il tarixdə “Smart Customs” vasitəsilə bəyan edilmiş, sifariş verilən mallar 09 aprel 2024-cü il tarixdə gömrük yoxlanışından keçmişdir. O, bağlamaların bir qismini təhvil almış, daşıma haqqı üçün 2.96 dollar ödəniş etmiş, lakin 557 türk lirəsi dəyərində olan sifarişi təhvil almamışdır. Karqo şirkətinin poçt şirkəti ilə müqaviləsi olub, həmin müqavilə ilə rayonlara çatdırma etmişlər, sonra fəaliyyət dayananda həmin şirkətlərlə müqaviləni də dayandırıblar. Gəlmiş malları da taksi ilə çatdırmışlar. Vətəndaş məcbur qəbul edib. Taksi ilə göndəriblər, taksi ilə anlaşmazlıq yaranıb. Gömrükdə yubanmanı onlar başa düşürlər, karqo şirkətlərinin səhvi olmur, lakin mal Azərbaycana gələndən də sonra 15-20 gün yubadıblar, vətəndaş da məcbur qalıb onlara müraciət edib. Hansı ki, qeyd edilənlərlə “Məhərrəm” daşıma şirkəti tərəfindən xidmətin keyfiyyətinə dair istehlakçı az miqdarda aldadılmışdır. Həmin fakt inzibati araşdırma nəticəsində öz təsdiqini tapdığından “Məhərrəm” daşıma şirkətinin rəhbəri X6 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, protokol əsasında isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri X5 izahatında göstərmişdir ki, “Məhərrəm” daşıma şirkətinin rəhbəri deyir ki, sifariş Türkəyədən çıxmadığı üçün icra edə bilmir. “Məhərrəm” daşıma şirkəti öhdəliklərini icra etmədiyinə görə istehlakçının hüquqları pozulmuşdur. Onlar inzibati icraatı başlayandan sonra öhdəliklərini icra etməyə başlayıblar, istehlakçı da deyir ki, artıq həmin malı istəmir. İstehlakçı keyfiyyətə dair aldadılmış, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X14 inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və digər nümayəndənin dəlillərini müdafiə etmiş, əlavə etmişdir ki, sifariş poçt vasitəsi ilə deyil, taksi vasitəsi ilə göndərilmiş, ümumiyyətlə isə sifariş öncədən bəyan edilmiş müddətdə çatdırılmamış, bununla da istehlakçının hüquqları pozulmuşdur. Şikayətdə qeyd olunanların əsası yoxdur, “Məhərrəm” daşıma şirkətinin rəhbəri X3 Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qanuni və əsaslıdır. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, o, taksi sürücüsüdür, “Məhərrəm” karqo şirkətinin işçisi olmamışdır. Karqo şirkəti sifarişi poçt vasitəsi ilə göndərə bilməmişdir. Belə ki, onların “Azərekspres”lə müqavilələri pozulmuşdur. Şahid çatmalı olan bağlama buna görə ona verilmişdir ki, ona çatdırsın. Şahidla əlaqə saxlamış, o, səhəri gün saat 5-də “Gənclik”də görüşmələrini demişdir. Həmin vaxt deyilən yerə getmiş, əlaqə saxlamağa çalışmış, lakin telefon zənginə cavab verməmişdir. Sonra demişdir ki, Biləcəri tərəfə gəlsin, lakin şəxs həmin yerə də gəlməmişdir. Öyrənmişdir ki, şəxsin özü Mingəçevirdədir, onun tanışı ilə görüşəcəkmiş. Sifarişçinin özü demişdir ki, “başlarına dəysin, bağlamanı istəmir”. Sonra onun zənglərini “blok”a atmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şahid yazılı müraciətindən, bəyannamə məlumatlarından və digər sənədlərdən görünür ki, o, “Məhərrəm” karqo vasitəsi ilə Türkiyədən sifariş etdiyi bağlamanı 28 mart 2024-cü il tarixində “Smart Customs” vasitəsilə bəyan etmişdir. Bağlama 09 aprel 2024-cü il tarixində gömrükdən keçmişdir. Bir neçə gün sonra digər bağlamaları Mingəçevir şəhərində təhvil alsa da qeyd etdiyi 557 TL dəyərində olan bağlaması təhvil verilməmişdir. Həmçinin bağlamanın çatdırılması üçün 2.95 USD ödəmişdir. Dəfələrlə əlaqə saxlasa da bağlamanın tapılmadığını bildirmişlər. Sonuncu dəfə 08 may 2024-cü il tarixində əlaqə saxlayan zaman bağlamanın Türkiyə gömrüyündə saxlanıldığını qeyd etmişlər və gözləməyini demişlər. Sosial şəbəkədə isə “Məhərrəm” karqonun artıq bağlanacağı ilə bağlı elan verilmişdir. O, məsələnin araşdırılmasını, müvafiq karqo şirkətinin onun ödədiyi bağlamanın və çatdırılma məbləğinin geri qaytarmasına köməklik göstərilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən xahiş etmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Məhərrəm” daşıma şirkətinə ünvanlanmış 16 may 2024-cü il və 11 iyun 2024-cü il tarixli 3-21-1/2-Ə-2xx-xx/2024 nömrəli məktublarının surətindən görünür ki, vətəndaş Şahid İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehiak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılır. Müraciətdə Şahid xx.xx.2024-cü il tarixində “Məhərrəm” daşıma şirkəti vasitəsilə “Trendyol” saytından bir neçə məhsul sifariş verdiyini, xx.xx.2024-cü il tarixində “Smart Customs” vasitəsilə bəyan edildiyi, sifariş verilən malların xx.xx.2024-cü il tarixində gömrük yoxlanışından keçdiyini qeyd etmişdir. Bağlamaların bir qismini təhvil aldığını, daşıma haqqı üçün 2.96 dollar ödəniş etsə də, 557 türk lirəsi dəyərində olan sifarişini bu günə qədər təhvil almadığını bildirərək, istehlakçı hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əiavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Qeyd olunanlarla əlaqədar, istehlakçının şikayətinin əsaslarını nəzərə alaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərini rəhbər tutaraq qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafıq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın 5 iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmiş, əlavə olaraq bildirilmişdir ki, qanunvericiliyin tələblərinin pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fiziki şəxs sahibkar X4 ünvanlanmış 09 iyul 2024-cü il tarixli 3-21-1/2-Ə-2xx-xx/2024 nömrəli məktubunun surətindən görünür ki, vətəndaş Şahid İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 10 may 2024-cü il tarixdə daxil olmuş müraciətinin araşdırılması zamanı vətəndaşın istehlakçı hüquqlarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, vətəndaş tərəfindən xx.xx.2024cü il tarixində “Məhərrəm” daşıma şirkəti vasitəsilə sifariş edilmiş malların şirkət tərəfindən çatdırılmaması səbəbindən göstərilmiş xidmətin qüsurlu icra olunması halı aşkar edilmişdir. Bununla əlaqədar “Məhərrəm” daşıma şirkətinin əməkdaşı ilə xx.xx.2024-cü il tarixdə telefon əlaqəsi saxlanılan zaman şirkətin artıq fəaliyyət göstərmədiyi, bağlamanın vətəndaş Şahidla razılıq əsasında istənilən zaman təhvil verilə biləcəyi bildirilmişdir. Daha sonra vətəndaş Şahidla xx.xx.2024-cü il tarixdə saxlanılan telefon əlaqəsi zamanı şirkətin əməkdaşı ilə əlaqə saxladığını, bağlamanın təhvil veriləcəyi barədə razılığa gəlsələr də, bu günə qədər təhvil verilmədiyini bildirmişdir. Həmçinin vətəndaş Şahid tərəfindən Dövlət Xidmətinə daxii olmuş xx.xx.2024-cü il tarixli məktubda bağlamanın Mingəçevir şəhərinə göndərilməsinin mümkün olmaması barədə şirkətin əməkdaşı tərəfindən ona məlumat verilməsi səbəbindən bağlamanın Bakı şəhərindən təhvil götürülməsini üçüncü şəxsə həvalə etdiyini, həmin şəxs tərəfindən dəfələrlə adıçəkilən şirkətin əməkdaşı ilə əlaqə saxlanılan zaman bağlamanın ona təhvil veriləcəyini bildirsə də, bu günə qədər təhvil verilmədiyini bildirmişdir. Qeyd edilənlərlə istehlakçı hüquqlarının pozuntusu əsası ilə “Məhərrəm” daşıma şirkəti barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi nəzərdə tutulduğundan nümayəndəsinin həmin orqana gəlməsi təklif edilmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən fiziki şəxs sahibkar X4 ünvanlanmış 13 avqust 2024-cü il tarixli göstərişdən görünür ki, vətəndaş Şahid İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinin araşdırılması nəticəsində “Məhərrəm” daşıma şirkəti tərəfindən xidmətin keyfiyyətinə dair istehlakçının az miqdarda aldadılması faktı aşkar edilmiş və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirləndirməyə dair xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, müraciətdə Şahid (müştəri kodu: **********) xx.xx.2024-cü il tarixində “Məhərrəm” daşıma şirkəti vasitəsilə “Trendyol” saytından bir neçə məhsul sifariş verdiyini, xx.xx.2024-cü il tarixində “Smart Customs” vasitəsilə bəyan etdiyini, sifariş verilən malların xx.xx.2024-cü il tarixində gömrük yoxlanışından keçdiyini qeyd etmişdir. Bağlamaların bir qismini təhvil aldığını, daşıma haqqı üçün 2.96 dollar ödəniş etsə də, 557 türk lirəsi dəyərində olan sifarişini bu günə qədər təhvil almadığını bildirərək, istehlakçı hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş etmişdir. Müraciətdə göstərilən məsələnin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın 5 iş günü müddətində Dövlət Xidmətinə təqdim olunması məqsədilə onlara xx.xx.2024-cü il tarixli 3-21-1/2-Ə- 2xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-1/2-Ə-2xx-xx/2024/1 nömrəli sorğu məktubları göndərilsə də, Dövlət Xidmətinə yazılı məlumat təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də xidmət yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, xidməti pisləşdirmişsə, yaxud xidmətdə başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmətin haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. Qeyd olunanlara əsasən, vətəndaş Vüsal Əiicanovun müraciətinin təhlil edilərək qanun pozuntusuna səbəb olan halların aradan qaldırılması və 10 gün müddətində Dövlət Xidmətinə rəsmi məlumat verilməsi barədə göstəriş verilmiş, göstərişin icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulduğu “Məhərrəm” daşıma şirkətinin rəhbəri X3 nəzərinə çatdırılmışdır; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi X1 tərəfindən tərtib olunmuş 06 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Məhərrəm” daşıma şirkəti tərəfindən bağlama öncədən bəyan edilmiş müddətdə çatdırılmamış, nəticədə şirkətin rəhbəri X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 20 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Məhərrəm” daşıma şirkətinin rəhbəri X6 06 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş Şahid 23 mart 2024-cü il tarixdə “Məhərrəm” daşıma şirkəti vasitəsi ilə “Trendyol” saytından bir neçə məhsul sifariş vermiş, 28 mart 2024-cü il tarixdə “Smart Customs” vasitəsi ilə mallar bəyan edilmiş, sifariş verilən mallar 09 aprel 2024-cü il tarixdə gömrük yoxlanışından keçmiş, bağlamaların bir qismi sifarişçi tərəfindən təhvil alınmış, daşıma haqqı üçün o, 2.96 ABŞ dolları ödəniş etmiş, lakin 557 türk lirəsi dəyərində olan sifariş müraciət anınadək ona təhvil verilməmişdir. Buna görə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət verərək, istehlakçı kimi hüquqlarının pozulması barədə məlumat vermiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin orqan tərəfindən 20 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokolun tərtib edilməsinədək “Məhərrəm” daşıma şirkətinə məktublar və yazılı göstəriş verilməsinə baxmayaraq, pozuntu aradan qaldırılmamışdır. Bununla da, “Məhərrəm” daşıma şirkəti vasitəsi ilə sifariş edilmiş malların şirkət tərəfindən çatdırılmaması səbəbindən göstərilmiş xidmətin qüsurlu icra olunması ilə Azərbaycan Respublikası İXMnin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən, bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir; 5-ci maddəsinin 3-cü hissəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir; 9-cu maddəsinin 1-ci hissəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır; 9-cu maddəsinin 2-ci hissəsinə əsasən işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir; 13-cü maddəsinin 4-cü hissəsinə əsasən satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, “Məhərrəm” daşıma şirkətinin rəhbəri X6 tərəfindən yuxarıda göstərilən qaydada xidmətin keyfiyyətinə dair istehlakçının az miqdarda aldadılması ilə istehlakçı Şahid hüquqları pozulmaqla onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla həmin hal öz təsdiqini tapmışdır. Qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 20 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4125/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4125/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver