Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4131/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən 01 yanvar 2024-cü il tarixdə alınmış məlumata əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) tərəfindən 31 avqust 2022-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək müddətdə rəsmiləşdirilən 93 gömrük bəyannaməsi üzrə ümumilikdə 3230681.52 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda, yəni ümumilikdə 3230681.52 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən qeyd edilən faktla bağlı Bakı Baş Gömrük idarəsinə VO-XQ-3047-2024 nömrəli 20 may 2024-cü il tarixli məktub göndərilmişdir. Həmin məktubda bildirilmişdir ki, 93 gömrük bəyannaməsi üzrə müvafiq sənədlər təqdim edilərək açıqda qalan vəsaitlər bağlanmış, lakin **********2209, **********7086, **********8356 sorğu nömrəli gömrük bəyannamələri üzrə isə bəyannamələrin bağlanılması mümkün olmamışdır. Araşdırma zamanı Şəxs MMC tərəfindən ümumilikdə 93 gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində valyuta vəsaitlərinin MMC-nin müvəkkil bankda olan hesablarına köçürülübköçürülməməsi, müsbət halda valyuta vəsaitlərinin köçürüldüyü tarix və məbləği barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsi üçün "xxxx" ASC-yə 3-33-1100/2- 002719/2024 nömrəli 15 may 2024-cü il tarixli, 3-33-1100/2-003125/2024 nömrəli 01 iyun 2024-cü il tarixli və 3-33-1100/2-003732/2024 nömrəli 25 iyun 2024-cü il tarixli məktublarla sorğu verilmiş, həmin sorğulara cavab olaraq "xxxx" ASC-dən Bakı Bas Gömrük İdarəsinə daxil olmuş PB-QUT-03794-2024/1 nömrəli 05 iyul 2024-cü il tarixli məktubun qoşmasına əsasən 89 gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində valyuta vəsaitlərinin malların bəyan olunduğu gündən 180 gün ərzində köçürülməsi təmin edilmiş, **********2209 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2366.39 ABŞ dolları, **********7086 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 338.74 Avro, **********8356 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 922.93 ABŞ dolları məbləğində qalıq məbləği müəyyən edilmiş, həmçinin, **********4319 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə qalıq məbləği olan 163.64 ABŞ dolları isə malların bəyan olunduğu gündən 180 gün ərzində deyil, 25 yanvar 2024-cü il tarixdə bank hesabına daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi yə fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Beləliklə də, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 31 avqust 2022-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək müddətdə rəsmiləşdirilən 89 gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində valyuta vəsaitləri malların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmişdir. Bununla da, aparılmış araşdırma zamanı 89 gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsi təmin edildiyindən toplanmış materialda cinayət hadisəsi olmadığı müəyyən edilmişdir. Şəxs MMC tərəfindən 89 gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsi təmin edildiyindən toplanmış materialda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama faktına görə Azərbaycan Respublikası CM-nin 208.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş PB-QUT-03794-2024/1 nömrəli məktubun qoşmasına əsasən **********2209 sorğu nömrəli 28 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 2366.39 ABŞ dolları, **********7086 sorğu nömrəli 27 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə 338.74 Avro, **********8356 sorğu nömrəli 31 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə 922.93 ABŞ dolları məbləğində qalıq məbləği müəyyən edilmişdir. Həmçinin, **********4319 sorğu nömrəli 28 aprel 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə qalıq məbləği olan 163.64 ABŞ dolları isə malların bəyan olunduğu gündən 180 gün ərzində deyil, 25 yanvar 2024-cü il tarixdə bank hesabına daxil olmuşdur. Həmin tarixlərdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 3452.96 ABŞ dolları milli valyutaya nisbətdə 5870,03 manat, 1 Avro milli valyutaya nisbətdə 1,8474 manat olmaqla, 338.74 Avro milli valyutaya nisbətdə 625.79 manat təşkil edir. Beləliklə də, Şəxs MMC tərəfindən həmin hüquqi şəxsin adından bağlanılmış müqavilələr üzrə alqı-satqı növündə xarici iqtisadi fəaliyyətin nəticəsində ümumilikdə 4 gömrük bəyannaməsi üzrə əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 6495.82 manat təşkil edən 3821,07 ABŞ dolları xarici valyuta vəsaiti malların bəyan olunduğu gündən 180 gün ərzində xaricdən qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs MMC-yə ünvanlanmış “konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair” 3-33-1100/2-011242/2023 nömrəli 18 dekabr 2023-cü il tarixli xəbərdarlıq və 3-33-1100/2-011480/2023 nömrəli 27 dekabr 2023-cü il tarixli bildiriş sənədlərinə əsasən həmin hüquqi şəxs xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaitini 180 gün ərzində Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Beləliklə də, araşdırma zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən bağlanılmış müqavilələrə istinad etməklə 4 gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 6495.82 manat təşkil edən 3821,07 ABŞ dolları xarici valyuta vəsaitini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda malların bəyan olunduğu gündən 180 gün ərzində köçürülmədiyi müəyyən edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 yanvar 2024-cü il tarixli raport, gömrük bəyannaməsi, gömrük xidmətinin X1 sistemindən çıxarış və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən **********2209 sorğu nömrəli 28 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 2366.39 ABŞ dolları, **********7086 sorğu nömrəli 27 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə 338.74 Avro, **********8356 sorğu nömrəli 31 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə 922.93 ABŞ dolları, **********4319 sorğu nömrəli 28 aprel 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə 163.64 ABŞ dolları məbləğində malların müqabilində, yəni xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 6495.82 manat təşkil edən 3821,07 ABŞ dolları xarici valyuta vəsaiti, malların bəyan olunduğu gündən 180 gün ərzində, Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməmişdir. Hansı ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə olan halda, 3 ədəd gömrük bəyannaməsi üzrə 180 gün müddətin axımı vəsaitlərin bəyan edildiyi müvafiq olaraq 28 sentyabr 2022-ci il, 27 yanvar 2023-cü il və 31 yanvar 2023-cü il tarixlərdən başlanmış, hər birinə münasibətdə 180 günlük müddətin başa çatdığından sonrakı növbəti günlər, müvafiq olaraq 29 mart 2023-cü il, 28 iyul 2023-cü il və 01 avqust 2024-cü il tarixlərdə başa çatmaqla bu məbləğlərlə bağlı hissədə inzibati xəta həmin günlərdən törədilmiş hesab olunmalıdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi isə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş üzrə inzibati xəta haqqında protokol isə həmin müddətlər bitdikdən sonra, 15 avqust 2024-cü il tarixdə tərtib edilmişdir. Məhkəmə, inzibati xətalar qanunvericiliyinin tələblərinə, Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi nəticələrə uyğun olaraq qeyd edir ki, İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta uzanan inzibati xətalara aid olmamaqla, İXM-nin 38.2-ci maddəsində nəzərdə tutulan qaydada müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən (bir il müddətində) hesablanmalı deyil. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, **********2209 sorğu nömrəli 28 sentyabr 2022-ci il tarixli, **********7086 sorğu nömrəli 27 yanvar 2023-cü il tarixli və **********8356 sorğu nömrəli 31 yanvar 2023-cü il tarixli 3 ədəd gömrük bəyannaməsinə münasibətdə inzibati xətaların törədilmə vaxtı 29 mart 2023-cü il, 28 iyul 2023-cü il və 01 avqust 2024-cü il tarixləri müəyyən edilməli, gömrük qaydaları əleyhinə olan inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, iş üzrə icraata həmin hissələrdə xitam verilməlidir. **********4319 sorğu nömrəli 28 aprel 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə malların müqabilində xarici valyuta vəsaiti olan 163.64 ABŞ dolları məbləğində pul vəsaiti malların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülmədiyinə görə və həmin tarixli bəyannamə üzrə yuxarıda istinad olunan müddət ötmədiyinə görə məhkəmə hesab edir ki, həmin hissədə hüquqi şəxsin təqsirlilik məsələsi həll olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, **********2209 sorğu nömrəli 28 sentyabr 2022-ci il tarixli, **********7086 sorğu nömrəli 27 yanvar 2023-cü il tarixli və **********8356 sorğu nömrəli 31 yanvar 2023-cü il tarixli gömrük bəyannamələri üzrə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlı hissələrdə Azərbaycan Respublikası İXMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin. **********4319 sorğu nömrəli 28 aprel 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlı hissədə Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olan 163.64 ABŞ dolları məbləğinin otuz faizi - 49.00 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4131/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4131/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver