Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-417/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tərcüməçi X1 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, ev 161-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 12 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 22 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “X3” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə üzü Ə.Əzimzadə küçəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3cü hissəsinin tələblərini pozaraq, hərəkət üstünlüyünə malik olmaqla sağ tərəfdən Ə.Əzimzadə küçəsi ilə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Vitz minik” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcında toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 22 oktyabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində idarə etdiyi “Mersedes Vito” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, M.Abbasov küçəsi ilə üzü Ə.Əzimzadə küçəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkət etmiş, Ə.Əzimzadə küçəsi ilə kəsişməyə daxil olub düzünə hərəkət etmək istədiyi zaman qəflətən gözləmədiyi anda ondan sağ istiqamətdə, yəni Ə.Əzimzadə küçəsi ilə M.Abbasov küçəsi istiqamətinə hərəkət edən “Toyota Vitz” markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ arxa qanad hissəsinə çırpılmış, sonra həmin “Toyota” markalı avtomobil idarəetməni itirib yolun kənarında dayanmış sərnişin avtobusuna çırpılmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Ekspert rəyinə görə günahkar kimi o, göstərilsə də, özünü qismən təqsirli hesab edir, qarşı tərəf qadın olduğuna görə şikayət etməmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 22 oktyabr 2022ci il tarixdə saat təxminən 22:32 radələrində idarə etdiyi “Toyota Vitz” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu Ə.Əzimzadə küçəsi ilə üzü M.Abbasov küçəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman qəflətən gözləmədiyi anda ondan sol istiqamətdə, yəni M.Abbasov küçəsindən Ə.Əzimzadə küçəsinə doğru hərəkət edən “Mersedes Vito” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkətdə olduğu Ə.Əzimzadə küçəsinə çıxmış, sağ tərəfdən hərəkətdə olaraq hərəkət üstünlüyünə malik olan avtomobil kimi onu buraxmalı olduğu halda yoluna çıxaraq avtomobili ilə yolayrıcında toqquşmuşdur. Həmin vaxt o, idarəetməni itirərək yolun kənarında dayanmış vəziyyətdə olan avtobusa dəyib dayanmışdır. Hadisə zamanı o, yüngül bədən xəsarəti almışdır. Hazırda “Mersedes” markalı avtomobili idarə edən Şəxs qarşı şikayəti yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 26 oktyabr 2022-ci il tarixli 1001 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi, döş qəfəsinin ön səthinin sol yarısının, sağ süd vəzisinin yuxarı-aşağı iç kvadrantlarının hematomaları, qarnın ön-sağ yarısının və sol budun ön səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 dekabr 2022-ci il tarixli 8/3198 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X3” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Toyota Vitz” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, HK/1-674 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-417/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-417/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver