Məhkəmə qərarları › İş №3(007)-419/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-419/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-419/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Kosasan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:17 radələrində idarə etdiyi “BMW 523” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis baş serjantı İ.H.Şirinov tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusudur. 2020-ci ilin noyabr ayının axırlarında idarə etdiyi “BMW 523” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolüstü mağazadan tərkibində az miqdarda spirt olan enerji içkisi almışdır. Həmin enerji içkisindən çox az miqdarda içmişdir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində hərəkətdə olarkən saat 21 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini yoxlamış, ona avtomobili sərxoş vəziyyətdə idarə etdiyini bildirmişdir. O, polis əməkdaşına çox az miqdarda enerji içkisi içdiyini bildirmişdir. Polis əməkdaşı ona hərbiçi olduğu üçün barəsində protokol tərtib etməyəcəyini, rəisə göstərməsi üçün dediyi məzmunda izahat yazmasını bildirmişdir. O da polis əməkdaşına inanıb protokolda izahatını onun dediyi məzmunda “həkimə getməyə ehtiyacı olmadığını, spirtli içki qəbul etdiyini, alkotesterlə razı olduğunu, bir daha içkili vəziyyətdə avtomobil idarə etməyəcəyinə söz verdiyini” yazıb imzalamışdır. Rəisə məlumat vermələri üçün onun gəlməsini gözləmişlər və buna görə də axşam saat 12-ə kimi onu orada saxlamışlar. Sonra digər polis əməkdaşı rəisləri gəlmədiyi üçün avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə göstəriş vermişdir. O, Respublika Narkoloji Mərkəzinə gedib həkim müayinəsindən keçməyi təklif etmiş, lakin ona ehtiyac olmadığını bildirmişlər. O, səhərisi gün Dövlət X3 getmiş, rəis ona heç nə demədən əməkdaşlara onun işinin məhkəməyə göndərilməsi barədə göstəriş vermişdir. O, heç vaxt sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir, hərbiçi kimi həmişə qayda-qanuna riayət etmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ-nin Dövlət X2 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:10 radələrində müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü həkimə getməyə ehtiyacı olmadığını, spirtli içki qəbul etdiyini, alkotesterlə razı olduğunu, bir daha içkili vəziyyətdə avtomobil idarə etməyəcəyinə söz verdiyini qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:12 radələrində keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,565%o olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol olmuşdur. Qeyd edilən protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, protokolda inzibati xətanın xx.xx.2020-ci il tarixdə saat 21:17 radələrində baş verdiyi qeyd edilmiş, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda və ona əlavə edilmiş xüsusi texniki vasitənin hesabatında isə Şəxs sərxoşluq vəziyyətinin xx.xx.2020-ci il tarixdə saat 21:10 radələrində müəyyən edildiyi qeyd edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edildiyi, inzibati xətanın törətdildiyi və sərxoşluq vəziyyətinin müəyyən edilməsi tarixləri bir-birindən fərqlidir. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis baş serjantı İ.H.Şirinov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğu qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1988-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Kosasan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar