Məhkəmə qərarları › İş №3(007)-419/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-419/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-419/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə olan inzibati material Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən məhkəməyə daxil olmuşdur. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan şəxslərin Siyahısı”na əsasən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsləri tərəfindən baxılır. Göründüyü kimi, həmin inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyyətinə aid deyildir, ona görə hazırkı protokola dair materialın icraata qəbul edilməsi üçün əsaslar yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin rəisi tərəfindən 22 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq 22 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın 08 fevral 2022-ci il tarixli 090-1217-1222 nömrəli məktubla icra olunması üçün Cəlilabad rayon icra və probasiya şöbəsinə göndərilməsi nəzərdə tutulsa da, məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı inzibati xəta haqqında işin baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər iş üzrə qəbul olunmuş qərarın icrasının təmin edilməsi üçün protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə olan inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar