Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4196/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 03 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir; 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Qeyd edilməlidir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti İXM-nin 100.1.4-cü maddəsində göstərilən qaydada düzgün, İXM-nin 227-ci maddəsinin dispozisiyasına uyğun şəkildə yazılmamış, ziyanın konkret məbləği göstərilməmiş, xırda talama zamanı zərər dəymiş zərərçəkmiş şəxs düzgün müəyyən edilməmiş, zərərçəkmiş hüquqi şəxs olan "xxxx" market MMC-yə ziyan dəysə də, onun müvafiq səlahiyyətli təmsilçisi (rəhbəri) tərəfindən polis orqanına müraciət edilməmiş, oğurlanmış əmlakın adı, dəyəri, bununla da zərərçəkmiş hüquqi şəxsə hansı məbləğdə maddi ziyan vurulduğu sənədlərdə öz əksini tapmamış, buna dair sübutlar təqdim edilməmiş, icraat müvafiq səlahiyyət (etibarnamə) verilməmiş şəxsin iştirakı ilə aparılmışdır. Yəni, oğurluq barədə müraciət edən və inzibati araşdırmada iştirak edən X1 belə səlahiyyətlərə malik olan şəxs olmamış, əməl nəticəsində ona maddi zərər vurulmamışdır. Habelə inzibati xəta haqqında protokolda "xxxx" marketdən 02 avqust 2023-cü il tarixdə “Ankor” yağı oğurladığı barədə göstərilənlərdən fərqli olaraq təhqiqat orqanının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərarında oğurluq yolu ilə "xxxx" marketə ümumilikdə 124 manat maddi ziyan dəydiyi göstərilmiş, lakin bununla bağlı ziddiyyətli məsələyə aydınlıq gətirilməmişdir. Eyni zamanda, sözügedən qərarda xətanı törətmiş şəxsın soyadı Talıbxanlı, protokolda isə Talıblı kimi qeyd olunmuş, buna baxmayaraq onların eyni şəxs olubolmaması müəyyən edilməmişdir. Bundan başqa, rədd qərarında xətanın video görüntülərinin olduğu qeyd edilsə də, İXM-nin 75 və 76-cı maddələrinin tələblərinə uyğun olaraq həmin və digər sübutlar götürülməmiş və materiala əlavə edilməmiş, hazırda barəsində icraat aparılan şəxsin iştirakı ilə onlara baxış keçirilməmiş, görüntülərdə qeydə alınmış, xırda talamaya yol vermiş şəxsin həqiqətən Şəxs olması məsələsi yoxlanılmamışdır. Bundan başqa, İXM-nin 61.1.2 və 100.1.7-ci maddələrinin tələblərinə zidd olaraq Şəxs Ədilxan oğlunun işin faktiki halları üzrə izahatı alınmamış, oğurladığı əmlakları satdığı şəxs və ya ünvanlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 03 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4196/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4196/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver