Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-42/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, şikayət vermiş şəxs X2, qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən çıxarılmış və mübahisələndirilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu barədə hüquqi əsaslandırma aşağıdakı kimidir: xx xxxxxxx 2020-ci il tarixində barəsində İXM-nin 346.1-ci maddəsinin tələblərinə görə ******* nömrəli inzibati qərar tərtib olunmuşdur. Demək, əlavə edilmiş şəkildən də göründüyü kimi, bu inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, 2020/10/13 tarixində saat 17:32:57 dəqiqədə o, özünə məxsus Hyundai-İX35 markalı **-TK-*** dövlət nömrə nişanlı avtomaşını Qara Qarayev prospektində yerləşən LC WAİKİKİ mağazasının yanında yol kənarında saxlayaraq mağazada olan ailə üzvünün və uşağın mağazadan çıxaraq avtomaşına gəlmələrini gözləməli olmuş və bu zaman mühərriki söndürməyərək maşında oturmuşdur. Şəkildən görünür ki, düz 2 dəqiqə 30 saniyədən sonra, yəni 17:35:27 dəqiqədə BNA-ya məxsus olan Hikvision DS-2DF8236İX-AELW (BNA) planşeti avtomaşının foto şəklini F84D FC33 EC 6A kamera ilə çəkərək bunu inzibati xətanın baş verməsi kimi qeyd etmiş və müvafiq qərar qəbul etmişdir. Burada İXM-nin 122-ci maddəsinin tələbləri pozulmuşdur, çünki bu maddədə 346.1 maddəsində nəzərdə tutulmuş xətanın aşkar edilməsi nəzərdə tutulmamışdır. Daha sonra barəsində tərtib edilmiş inzibati akt bir sıra qanun pozuntuları ilə müşayiət olunur. Belə ki, iddia olunan inzibati xətanın baş verdiyi dəqiq ünvan göstərilməmişdir (Qara Qarayev prospekti (Neftçilər M/stansiyası). Şəkildən göründüyü kimi, ona məxsus avtomaşın inzibati aktda yazıldığı kimi, heç də Qara Qarayev prosekti (Neftçilər metro stansiyası) ünvanında durmamışdır (məlumat üçün qeyd edir ki, LC WAİKİKİ mağazası Qara Qarayev prospekti 53a ünvanında yerləşir), bundan başqa, inzibati aktda hüquqi müdafiə vasitələrdən istifadə müddətləri barədə dəqiq məlumat göstərilməmişdir. Ünvanın dəqiq göstərilməməsi və hüquqi müdafiə vasitələrindən istifadənin müddətləri barədə məlumatın qeyd edilməməsi İnzibati İcraat haqqında qanunun (59.1.3,59.1.5 maddələri) tələblərinə ziddir. Bundan başqa, tərtib edilmiş inzibati aktda onun halına aidiyyatı olmayan İXM-nin 124.5 və 97.2-ci maddələrinə də istinad edilmişdir ki, bu da onda çaşqınlıq yaratmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 oğlu şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, X4 idarə etdiyi “Hyundai İX35” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 17:35:27-də Nizami rayonu, Q.Qarayev prospektinin (Neftçilər m/st) yanında yolun hərəkət hissəsinin sağ tərəfindən cərgə sırasını pozaraq saxlamış və nəticədə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiynində, yol çiyni olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayətində əks olunan məsələlərə münasibətdə isə qeyd edir ki, Agentlik tərəfindən İXM-nin 346.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, məhz 124.5 və 124.6-cı maddələri üzrə aparılır. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2018-ci il tarixli, 181 nömrəli Fərmanı əsasında Agentliyə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılmışdır. Həmin tapşırığın icrasına uyğun olaraq paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu İXM-nin 124-cü maddəsi ilə birbaşa uzlaşır. Eyni zamanda qanunvericilikdə inzibati xətanın səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi üsulu ilə (hədə-qorxu, zor tətbiq etmək və ya gizli şəkildə əldə etmək istisna olmaqla) bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. İXM-nin 124.6-cı maddəsində inzibati tənbeh vermə haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması faktı şəxsin inzibati xəta hadisəsi barədə məlumatlandırılmasına xidmət etdiyindən inzibati xəta haqqında sms, eləcə də poçt rabitəsi vasitəsi ilə məlumat verilməsi bu məqsədin reallaşması üçün kifayətdir. Eyni zamanda belə bir prosessual pozuntu mövcud qanunvericilikdə inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin Maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri A.F.Yusifov tərəfindən qəbul edilmiş BNA seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə saat 17:35:27-də idarə etdiyi “Hyundai İX35” minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Q.Qarayev prospektinin (Neftçilər m/st) yanında dayanma və ya durma qaydalarını pozmuşdur. Bununla da X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Məhkəməyə X2 inzibati xəta törətməsi haqqında xx.xx.2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, inzibati xətanın törədildiyi küçədə quraşdırılmış yol nişanına əsasən, nəqliyyat vasitələrinə yolun sağ kənar hissəsində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilir. Belə olan halda, yolun ikinci hərəkət zolağında, yolun hərəkət hissəsində nəqliyyat vasitəsinin saxlanılması Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin deyil, həmin Məcəllənin 327.1-ci maddəsinin tərkibini yaradır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə X4 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-42/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-42/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver