Məhkəmə qərarları › İş №3(007)-4200/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4200/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4200/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə tərtib olunmuş 01 avqust 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokola dair material aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokola görə, “yaşıl dəhliz” buraxılış sisteminin istifadəçisi olan, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına X1 qeydiyyatda olan “X3” şirkətindən 3343 nömrəli qatarla 102 vaqonda göndərilən 6136190,00 kiloqram çəkidə “xam palma yağı” yükü 27 oktayabr 2022-ci il tarixli **********7336 nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirildikdən sonra alıcı şirkətin anbarına boşaldılmış və 26 yanvar 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçirilməklə boş halda Gürcüstana geri qaytarılmışdır. Lakin Gürcüstanın “Qardabani” dəmiryolu stansiyasında 3343 nömrəli qatarda olan vaqonlara baxış keçirilən zaman qatara daxil olan 50323864 nömrəli vaqonda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmiş 29365 kiloqram palma yağının qalıqları olduğu müəyyən edilmiş və gömrük təminatı tətbiq edilməklə həmin vaqonda olan yük Azərbaycan Respublikasına geri qaytarılmışdır. Geri qaytarılmış yük 50323864 nömrəli vaqonda 23 iyun 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postuna çatdırılmış və protokol tərtib olunaraq postun ərazisində müvəqqəti olaraq saxlanılmışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisinin 31 iyul 2023-cü il tarixli raportu, "xxxx" MMC-də baş mühasibi vəzifəsində çalışan X2 izahatı və digər sənədlərlə müəyyən olunur ki, MMC tərəfindən X1 qeydiyyatda olan “X3” şirkətindən 6136190,00 kiloqram çəkidə və 8601158,88 ABŞ dolları dəyərində “xam palma yağı” yükü idxal edilmiş, həmin yük 3343 nömrəli qatarla 102 sistern (çən) tipli vaqonda idxal olunmuş, xx.xx.2022-ci il tarixli **********7336 nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, yük alıcının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Rostov dəmiryolu ərazisinə düşən hissədə mövcud olan anbarına gətirilib boşaldılmış, şirkət “yaşıl dəhliz” buraxılış sisteminin istifadəçisi olduğu üçün yükün boşaldılması prosesində gömrük əməkdaşı iştirak etməmiş, proses şirkətin işçiləri tərəfindən aparılmış, proses zamanı çənin alt hissəsinə xüsusi qızdırıcı cihaz yerləşdirilmiş, cihazın işə düşməsi nəticəsində çəndə olan qatılaşmış məhlul maye halına çevrilərək çənin alt hissəsində olan krandan axıdılaraq xüsusi qızıdırıcı borular vasitəsilə saxlanc anbarlarına ötürülmüş, lakin sistern-çənin kranının tıxanması səbəbindən 50323864 nömrəli sistern-çəndə 29365 kiloqram çəkidə yağ yükü qalmış, lakin həmin tıxanma yükün tam şəkildə boşaldılması olaraq güman edilmiş, çənlərdən yüklərin boşaldılması prosesindən sonra həmin çənlərin həqiqətən də tam şəkildə boşaldılıb-boşaldılmadığına fikir verilməmiş, bu səbəbdən də yükün çəndə qalması barədə məlumatlı olmamışlar. Bu barədə sonradan vaqonlar Gürcüstan ərazisinə qaytarıldıqdan sonra orada yaşayan və "xxxx" MMC-nin Batumi üzrə təsmilçisi olan Ceyhun adlı şəxsin zəng edərək Gürcüstanın Qardabani gömrükxanasında həmin çənlərə keçirilmiş yoxlama zamanı 102 vaqonda gələn yükün 1 vaqonunda, yəni 50323864 nömrəli sistern-çəndə 29365 kiloqram çəkidə xam şəklində yağın qaldığı barədə məlumat verməsi zamanı MMCdə məlumatlı olmuşlar, qalıq olaraq aşkar olunmuş yük "xxxx" MMC-yə məxsus olmuş, Gürcüstanın Qardabani dəmiryolu stansiyasında gürcü dilində tərtib olunmuş və tərcümə edilmiş 000706 nömrəli xx.xx.2023-cü il tarixli və gömrük yoxlama haqqında xx.xx.2023-cü il tarixli aktlarda bu barədə qeydiyyatlar olmuş, işçinin diqqətsiz olması, yükün boşalması prosesindən sonra sistern-çənə yuxarı hissədən baxaraq çənin həqiqətən də tam şəkildə boşaldılıb-boşaldılmamasını müəyyən etməməsi səbəbindən belə bir hadisə əmələ gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulması, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsi və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır; 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Hesab edirəm ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 490cı maddəsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətlə müşayiət olunur, belə ki, "xxxx" MMC-nin idxal etdiyi yük Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Rostov dəmiryolu ərazisinə düşən hissədə mövcud olan anbarına gətirilib boşaldılmış, bu zaman 50323864 nömrəli sistern-çəndə kranın tıxanması səbəbindən 29365 kiloqram çəkidə yağ yükü qalmışdır. Ona görə həmin yer inzibati xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, işin baxılması Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə, hazırkı inzibati xəta haqqında material baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə tərtib olunmuş 01 avqust 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar