Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4206/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Masallı rayonunun Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonunun Türkoba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 59, mənzil 22-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 04 avqust 2023-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsində, Q.Qarayev prospekti, 74 ünavnında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, qeyri-rəsmi münasibətdə olduğu Daşqinə ilə restoranda yeyibiçdikdən sonra, 04 avqust 2023-cü il tarixdə saat 00:15 radələrində Q.Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsində olduqları vaxt Daşqinənin təsiri ilə aralarında mübahisə yaranmış, bundan sonra Daşqinə yaxınlıqdan keçən polislərə ondan şikayət etmişdir. Polislər yaxınlaşıb Daşqinənin ondan şikayət etməsini ona bildirmiş və polis şöbəsinə getməli olduğunu demişlər. Lakin o, əsəbi halda olduğundan polislərin tələbinə tabe olmayıb onlara qarşı nalayiq söyüşlər söymüşdür. O, sakitləşmədiyinə və polislərlə mübahisə edib tələblərinə tabe olmadığına görə onu avtopatrula oturdub polis bölməsinə aparmışlar. Əməlindən səmimi peşmandır, polis əməkdaşlarından üzr istəmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X9 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri X6 izahatında göstərmişdir ki, 04 avqust 2023-cü il tarixdə saat 00:15 radələrində 2452 çağırışlı avtopatrulla R.Rüstəmov küçəsi ilə hərəkətdə olduqları vaxt həmin küçə ilə Q.Qarayev prospektinin kəsiçməsində, Q.Qarayev prospekti 74 ünvanında sonradan adının Daşqinə olduğunu bildikləri bir nəfər xanım onlara müraciət edərək yaxınlıqda olan, adını Habil kimi təqdim etdiyi şəxsdən şikayətçi olduğunu bildirmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan şikayət olduğunu bildirmişlər. Lakin həmin şəxs onlara cavab vermək əvəzinə ünvanlarına nalayiq ifadələr işlətmiş, hədə-qorxu gəlmişdir. Həmin şəxsi nizam-intizama dəvət edərək sakitləşməsini təklif etsələr də, o, sakitləşməmiş, polis əməkdaşı kimi qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Şəxs onların qanuni tələblərinə tabe olmayıb öz hərəkətlərini davam etdirdiyinə görə onu avtopatrula oturdub ərazi üzrə 24-cü polis şöbəsinə aparıb təhvil vermiş, raport yazmaqla barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Həmin şəxs tibbi müayinəyə aparılmış və orta dərəcəli sərxoş olması təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X9 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri X7, şahid O.S.Həsənovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İşdə olan 04 avqust 2023-cü il tarixli 2/25466 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 00:55-də keçirilən tibbi müayinəsi zamanı onda orta dərəcələsi sərxoşluq vəziyyəti aşkar edilmişdir. Ona görə məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 04 avqust 2023-cü il tarixdə saat 01:15-də tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4206/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4206/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver