Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4223/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X1 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 iyul 2024-cü il tarixdə saat 20-21 radələrində idarə etdiyi “Hundai Sonata” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə baş yol olan Bakı şəhəri Heydər Əliyev prospekti ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən “VAZ-2107” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Bakı şəhəri Nizami RPİ-nin əməkdaşı həmin yola sağdan birləşən ikinci dərəcəli yolla yüksək sürətlə hərəkət edib manevr edərək sağdan birinci hərəkət zolağından ikinci zolağa keçib 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə məhəl qoymayıb ara məsafəsi saxlamadan avtomobilini sağdan onun hərəkət zolağına daxil edib avtomobilinin sağ arxa qapısından toqquşdurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilinin həmin hissəsini yararsız vəziyyətə salmaqla ona 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Bakı şəhəri Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyasının yaxınlığında baş vermişdir. O, hadisə barədə mobil telefonla Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzi sisteminə məlumat verdikdən sonra Bakı şəhər X7 İdarəsinin əməkdaşı Zaur Abbasov uzun müddətdən sonra hadisə yerinə gəlmişdir. Polis mayoru Zaur Abbasov hadisə yerində yalnız onun və digər sürücünün sənədlərini və avtomobilin sənədlərini almaqla kifayətlənmiş, o, hadisə yerini tərk edərək getmişdir. O, polis mayoru Zaur Abbasovdan hadisə yerində müvafiq sənədləşmə aparmasını tələb etsə də, o, buna əhəmiyyət verməmiş və hadisə yerindən qaçıb getmişdir. Polis mayoru Zaur Abbasov hadisə yerinə baxış keçirməmiş, avtomobillərin toqquşduğu yeri müəyyən etməmiş, yol elementlərinin ölçülərini, toqquşma yerinin ölçülərini ölçməmiş, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemini tərtib etməmiş, fotoşəkillər çəkməmiş, hadisə şahidlərinin dairəsinin müəyyən edilməsi və izahatlarının alınmasına təşəbbüs göstərməmiş, onun və digər sürücünün sərxoşluq müayinəsindən keçməklərini təmin etməmiş, hadisə ilə bağlı ondan izahat götürməmiş, avtomobilinə dəymiş ziyanı müəyyən etməmiş və digər zəruri hərəkətlər aparmamışdır. Beləliklə, polis mayoru Zaur Abbasov baş vermiş yol-nəqliyyat hadisəsi üzrə heç bir araşdırma aparmadan, qeyd etdiyi hərəkətləri etmədən, material üzrə məhkəmə yolnəqliyyat hadisəsi üzrə ekspertiza təyin etmədən səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə həftənin bazar günü onun iştirakı olmadan barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edib, onu 40 manat məbləğində cərimə etmişdir. Polis mayoru Zaur Abbasovun vəzifəsinə laqeyd yanaşıb, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vəzifəsini aşıb heç bir araşdırma aparmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP6437711 nömrəli protokol tərtib edib onu 40 manat məbləğində cərimə etməsi nəticəsində “VAZ-2107” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası “Xalq Sığorta” təşkilatı ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Polis mayoru Zaur Abbasov onun sürücülük vəsiqəsinii və avtomobilinin qeydiyyat şəhadətnaməsini 27 iyul 2024-cü il tarixdən 29 avqust 2024-cü il tarixədək özündə saxlamışdır. Zaur Abbasovun onun barəsində tərtib etdiyi protokol üzrə xx.xx.2024-cü il tarixli qərar ona 29 avqust 2024-cü il tarixdə təqdim edilmişdir. Göstərdiklərinə əsasən, polis mayoru X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv olunması və əlavə araşdırma aparılması üçün materialın Bakı şəhər prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmiş ki, 40 manat cərimə az görünə bilər, amma 40 manatın özü də puldur. Ekspertiziya təyin edilərsə araşdırıla bilər. Onun inzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X3 izahatında göstərmişdir ki, 27 iyul 2024-cü il tarixdə saat 20:06-da Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində X4 tərəfindən idarə olunan “Hyundai Sonata minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu hal məhkəməyə təqdim olunan sübutlarla öz təsdiqini tapmışdır, əlavə araşdırma aparılması zərurəti yoxdur. Şikayətin əsassız olduğunu nəzərə alaraq, mübahisələndirilən 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın: 10.1-ci bəndinə əsasən YPX inspektoru ona məlum olmuş, patrul postundan və ya marşrutundan kənarda baş verənlər də daxil olmaqla, yol-nəqliyyat hadisəsi barədə nizami polis hissəsinin və ya daxili işlər orqanının növbətçi hissəsinə məlumat verməli və aldığı göstərişlərə müvafiq olaraq hərəkət etməlidir; 10.5-ci bəndinə əsasən inzibati xəta törədilməsi nəticəsində nəqliyyat vasitələri, yüklər, yollar, yol qurğuları və digər əmlakın zədələnməsinə səbəb olmuş və yalnız maddi ziyanla nəticələnən hallarda hadisənin rəsmiləşdirilməsi zamanı YPX inspektoru patrul avtomobilində quraşdırılmış məsafədən səs ötürən mikrofonu işlək vəziyyətdə saxlamaqla videokamera vasitəsilə hadisə yerinin görüntüsünü qeydə almaqla nəqliyyat vasitələrinin sürücülərindən və şahidlərdən zəruri məlumatlar alır. Yazılı izahatlar alınanda hadisə vaxtı nəqliyyat vasitəsinin yeri və vəziyyəti, hərəkət sürəti, görünüşü, hadisəni törədənlərin hadisəyə qədər və hadisə zamanı hərəkətləri və sair suallar dəqiqləşdirilir; 10.6-cı bəndinə əsasən hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra aşağıdakı sənədlər tərtib olunur: inzibati xəta haqqında protokol; yol-nəqliyyat hadisəsi yerinin sxemi; hadisə iştirakçılarının və şahidlərin izahatları; yol-nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi; hadisə yerindən sürücünün nəqliyyat vasitəsi ilə birgə yayındığı halda onun axtarışı üçün keçirilmiş ilkin tədbirlər barədə sənədlər və raport. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, inzibati araşdırma zamanı qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmuş, hazırda mübahiələndirilən inzibati xəta törədilməsi nəticəsində nəqliyyat vasitələrinin zədələnməsinə səbəb olmuş və maddi ziyanla nəticələnmiş hadisənin rəsmiləşdirilməsi yerinə həyata keçirilməmiş, YPX inspektoru patrul avtomobilində quraşdırılmış məsafədən səs ötürən mikrofonu işlək vəziyyətdə saxlamaqla videokamera vasitəsilə hadisə yerinin görüntüsünü qeydə almaqla nəqliyyat vasitələrinin sürücülərindən və şahidlərdən hadisə vaxtı nəqliyyat vasitəərinin yeri və vəziyyəti, hərəkət sürəti, görünüşü, hadisəni törədənlərin hadisəyə qədər və hadisə zamanı hərəkətləri və sair sualları dəqiqləşdirməmişdir. Hansı ki, məhkəməyə təqdim olunan videogörüntülərin və fotoşəkillərin tədqiqi ilə müəyyən olunur ki, işin faktiki halları mübahisəlidir, qeyd olunanlar araşdırılmadan və zərurət yarandıqda məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilmədən iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsi mümkün deyildir. Hər iki nəqliyyat vasitəsinin hərəkət istiqaməti, bu zaman yerdəyişmələri, yolda quraşdırılmış yol nişanının (“2.4 Yol verin” və s.) hadisə yerinə münasibətdə tələbləri öyrənilməli, bundan sonra sürücülərin məhz hansının yol hərəkəti qaydalarının tələblərini pozması müəyyən edilməlidir. Buna baxmayaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək, qərardan şikayət vermiş X2 27 iyul 2024-cü il tarixdə saat 20:06-da Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində “Hyundai Sonata minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən, yalnız ehtimallar əsasında o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, bununla da həmin qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli (ekspertizanın təyin olunması və s.), daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 27 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şikayətin “əlavə araşdırma aparılması üçün materialın Bakı şəhər prokurorluğuna göndərilməsi”nə dair hissəsi isə əsassızdır, araşdırmanın predmeti həmin orqanın səlahiyyətinə aid deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsindəki 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 27 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4223/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4223/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver