Məhkəmə qərarları › İş №3(007)-4228/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4228/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4228/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı, X1 inzibati tənbeh vermə haqqında qərarlardan şikayətini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 2021-2022-ci illərdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində tərtib edilmiş ümumilikdə 480 manat cəimələrin ona aid olmaması səbəbindən silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi nəzərdə tutulmuşdur. X3 isə şikayətində onun barəsində qəbul olunmuş bir neçə inzibati tənbeh vermə haqqında qərarı ümumilikdə, bir icraatda mübahisələndirmişdir. Hansı ki, birdən artıq qərardan şikayətə bir icraatda baxıla bilməz, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə bir neçə qərardan deyil, qərardan şikayət verilməsi nəzərdə tutulduğundan mübahisələndirilən hər bir qərar üzrə ayrılıqda şikayət verilməli və mahiyyəti üzrə baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalı, X2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda qərar şikayətə əlavə edilməklə inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılsın. X2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda qərar şikayətə əlavə edilməklə inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar