Məhkəmə qərarları › İş №3(007)-4237/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4237/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4237/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, tələbkarın nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olmuş, Hacıqabul rayonu, Muğan qəsəbə ərazi dairəsi, Muğan qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5224/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, aliment borcundan yayınmır. Hər ay imkanı çatan məbləğdə aliment ödəyir. Bu gün 600 manat ödəmişdir. Maddi imkanı zəif olduğuna görə və səhhətində problemlər olduğuna görə borcunu tam ödəyə bilmir. Bundan sonra hər ay 500-600 manat olmaqla aliment borcunu ödəyəcək və dekabr ayının 15-dək borcunu tam bağlayacaqdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, borclu Şəxs 4612 manat aliment borcu vardır. Məhkəmə alimentin tutulması barədə qərar qəbul etmişdirsə, vətəndaş özü vaxtlı-vaxtında borcunu ödəməlidir, nə üçün o, və ya icra məmuru vətəndaşı axtarmalıdır. Hazırda borclu Şəxs hər ay 500-600 manat olmaqla aliment borcunu ödəyəcəyini və dekabr ayının 15-dək borcunu tam bağlayacağını bildirir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5224/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 951/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi və alimentin artırılmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X9 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi, qətnamə xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X9 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi hissəsində dərhal icra edilməsi, cavabdeh Şəxs 47,96 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(071)-158/2023 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - icra hərəkətlərinin davam etdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5224/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs hər ay aliment borcundan ödənişlər edir və aliment borcunu tam ödəməyə çalışır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5224/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5224/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar