Məhkəmə qərarları › İş №3(007)-4243/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4243/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4243/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin Tikinti Konstruksiya İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin səhmdar cəmiyyətə çevrilməsi nəticəsində həmin müəssisənin bazasında yaradılmışdır və səhmdar cəmiyyətinin emissiya prospektində Təmir Tikinti İdarəsinin əsas vəsaitlərinin inventarlaşdırılması və qiymətləndirilməsi aktı, müəssisəsinin balansı və onun əlavələri mövcuddur. Bu səbəbdən də tələbkara icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Təmir Tikinti İdarəsinə aid olan sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, işə baxan məhkəmələr Komitə tərəfindən məhkəməyə təqdim edilmiş dəlillərə düzgün hüquqi qiymət verməyərək, məhkəmə qərarının Komitə tərəfindən icra edilməməsi barədə yanlış hüquqi nəticəyə gəlmişdirlər. Daha sonra Zərərçəkmiş şəxs Dövlət Xidmətinə dəvət edilmiş, orada da emissiya prospekti ilə tanış edilmiş, emissiya prospektində mövcud olan bütün sənədlər yenidən sonuncuya təqdim edilsə də, Zərərçəkmiş şəxs razılaşmır. Hazırda Əmlak Məsələləri Dövlət Xidmətində olan bütün sənədlər Zərərçəkmiş şəxs təqdim edildiyi halda, o, əlavə sənədlər tələb edir. Zərərçəkmiş şəxs Əmlak Məsələləri Dövlət Xidmətində olmayan sənədləri tələb edir və bu absurddur. Qeyd olunanlara əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, icra sənədi üzrə borclu Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona nizamnamə kapitalı 1.709.750.000 manat olan "xxxx" ASC-nin maliyyə göstəricilərinin əvəzinə nizamnamə kapitalı 100.104.000 manat olan BTŞİDTKİ Birliyinin tabeliyində olmuş Təmir Tikinti İdarəsinə aid maliyyə göstəriciləri, "xxxx" ASC- nin emissiya prospektində olan “əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”nın əvəzinə xx.xx.2001-ci il tarixdə tərtib edilmiş “əsas vəsaitlərin inventarlaşdırılması aktı” göndərilmişdir. Ona göndərilmiş sənədlərdə "xxxx" ASC-nin nizamnamə kapitalı və əsas vəsaitlərin tərkibi öz əksini tapmamışdır. Göründüyü kimi, borclu ona icra sənədində göstərilən "xxxx" ASC-yə aid olan sənədlərin əvəzinə Təmir Tikinti İdarəsinin sənədlərini göndərmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 19 fevral 2001-ci il tarixli, 74 nömrəli Sərəncamından görünür ki, Dövlət Əmlakı Nazirliyi qərara almışdır ki, 1. Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti Tikinti Konstruksiya İstehsalat Birliyinin tabeliyində olmuş Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən Təmir Tikinti İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılsın; 2. "xxxx" ASC-nin nizamnamə kapitalı ********** manat həcmində müəyyən edilsin. İş materiallarında olan "xxxx" ASC-nin Nizamnaməsindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin 19 fevral 2001-ci il tarixli, 74 nömrəli Sərəncamı ilə "xxxx" ASC-nin Nizamnaməsi təsdiq edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı ********** manatdır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Dövlət Əmlakı Nazirliyinin 19 fevral 2001-ci il tarixli sərəncamından sonra yaradılmışdır. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti icra sənədində göstərilən tələbə məhəl qoymayaraq, üzərinə qoyulmuş öhdəliklərin icrasından qərəzli olaraq yayınır. Məhkəmədən icra sənədini icra etməyən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3543/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin imtinasının qanunsuz hesab edilməsi, "xxxx" ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktının, müəssisənin balansının və əlavələrinin təsdiq edilmiş surətlərinin iddiaçı Zərərçəkmiş şəxs təqdim edilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3543/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, borclu Şəxsndən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3543/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi qısa müddət ərzində icra etməsi tələb olunmuşdur. - icra hərəkətlərinin davam etdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. - "xxxx" ASC-nin Nizamnaməsindən görünür ki, cəmiyyət dövlət qeydiyyatına alındığı andan bazasında yaradıldığı müəssisənin (müəssisələrin) əmlakı onun balansına verilmiş hesab edilir və həmin əmlak onun nizamnamə kapitalını təşkil edir. - xx.xx.2001-ci il tarixli sərəncamdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nı rəhbər tutaraq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aşağıdakılar qərara alınmışdır: 1. Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti Tikinti Konstruksiya İstehsalat Birliyinin tabeliyində olmuş Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən Təmir Tikinti İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılsın. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı ********** (bir milyard yeddi yüz doqquz milyon yeddi yüz əlli min) manat həcmində müəyyən edilsin. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsi təsdiq edilsin (əlavə olunur). 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri özəlləşdirmə üsullarına görə aşağıdakı nisbətdə bölüşdürülsün: a) əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər - 15%; b) pul hərracına yönəldilən səhmlər - 30%; c) ixtisaslaşdırılmış çek hərracına yönəldilən səhmlər - 55 %. 5. Orta və iri müəssisələrin özəlləşdirilməsinin təşkili departamentinə (R.Şahbazov) tapşırılsın: qanunvericiliklə müəyyən edilmiş qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti sədrinin və üzvlərinin təyin edilməsi ilə bağlı təkliflərini hazırlayıb təqdim etsin; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri dövlətdə qaldığı dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəmiyyətin dövlət paylarına görə idarə olunması və cəmiyyətin Müşahidə Şurasının səlahiyyətlərinin yerinə yetirilməsi ilə müvafiq tədbirlər görsün, cəmiyyətin səhmlərinin buraxılışın və emissiya prospektinin qanunveriliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınması təmin edilsin. 6. Respublika Auksion Mərkəzinə (A.Əhmədov) tapşırılsın ki, bu sərəncama uyğun olaraq cəmiyyətin səhmlərinin satışının təşkili ilə bağlı zəruri tədbirləri həyata keçirilsin. 7. Hüquq departamentinə (E.Nadirov) tapşırılsın ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasını təmin etsin. 8. Mətbuat və reklam xidmətinə (A.Əhmədov) və Analitik informasiya xidmətinə (K.Əliyev) tapşırılsın ki, səhmləri satışa çıxarılacaq "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında zəruri məlumatların dərc edilməsi və “İnternet” şəbəkəsi vasitəsi ilə yayılmasını təmin etsinlər. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2314/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətinin təmin olunmaması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3543/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2314/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3543/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə,"xxxx" ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktının, müəssisənin balansının və əlavələrinin təsdiq edilmiş surətlərinin iddiaçı Zərərçəkmiş şəxs təqdim edilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsə də, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Zərərçəkmiş şəxs icra sənədinə aidiyyətı olmayan tam fərqli sənədlər təqdim etmişdir. Belə ki, borclu tələbkara icra sənədində göstərilən "xxxx" ASC-yə aid olan sənədlərin əvəzinə Təmir Tikinti İdarəsinin sənədlərini təqdim etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3543/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, icra sənədi icra olunmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs icra sənədinin icrasını təmin etmədiyini, məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar