Məhkəmə qərarları › İş №3(007)-4246/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4246/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4246/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-101181 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-101181 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi **-SU-*** dövlət qeydiyyat nişanlı, “KİA” markalı avtomobilə aid qayda pozuntusu ilə bağlı “AsanPay sms” vasitəsi ilə telefonuna xəbərdarlıq almışdır. Protokolla tanış olmaq üçün asan kabinetə daxil olmuş və görmüşdür ki, qayda pozuntusunun videogörüntüləri qeydə alınmamışdır. Qanunla müəyyən olunmuş vaxt ərzində Baş X6 İdarəsinə müraciət etsə də videogörüntülər ona təqdim olunmamışdır. İnzibati işlər üzrə inspektor qayda pozuntusunun videogörüntülərinin olmamasını bildirmiş, gətirdiyi dəlilləri qəbul etməmiş və nəticədə onlardan xx.xx.2024-cü il tarixdə çap olunmuş qərarı əldə edərək məhkəməyə müraciət etməli olmuşdur. Xətai Rayon Məhkəməsinin 3(011)-1555/2024 saylı qərarı ilə şikayəti təmin olunmuş, elektron qərar ləğv edilərək iş araşdırılması üçün DYPİ-nə geri qaytarılmış, lakin heç bir araşdırma aparılmadan Baş X6 İdarəsi tərəfindən yeni 16/1-101181 saylı qərar qəbul olunmuşdur. Hadisə Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında baş vermişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən məsələni araşdırmaq üçün ona videoyazı təqdim edilməli olsa da təqdim edilməmişdir. İXM-nin 126-cı maddəsinə əsasən hesab edir ki, videoyazıya baxmaq mümkün olmadığı halda və işi araşdırmaq mümkün olmadığı səbəbindən işin icraatı dayandırılmalı və qərar ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-101181 saylı qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-101181 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-101181 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, 16/1-101181 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş X4 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-101181 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1- 101181 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-101181 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar