Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4253/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsini təmsil edən, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 27 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15941340 nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 27 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15941340 nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 iyul 2023-cü il tarixdə “Opel Astra” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə M.Şərifli küçəsi ilə R.Rüstəmov küçəsinə doğru hərəkət edərkən saat 10:15 radələrində qəfil halı dəyişdiyinə, başı bərk sancdığına, gözləri qaraldığına, ürək döyüntüləri azaldığına görə hərəkəti davam etdirə bilmədiyini hiss etmiş, yol hərəkəti iştirakçılarının və özünün təhlükəsizliyi üçün avtomobili taksi duracağı yol nişanı olan tərəfə sağ çəkib dayandırmışdır. Avtromobildən düşmüş, mağazaya girmiş, bir limon alıb əzib suyunu içmiş, sonra yaxındakı aptekə girib təzyiq və ürək dərmanı alıb içmiş, mağazaya qayıdıb su ilə içmiş və bir az dayanıb sonra yoluna davam etmişdir. Bir qədər sonra telefonuna sms gəlmişdir ki, EQ 15941340 nömrəli protokola əsasən İXM-nin 346.1-ci maddəsi ilə cərimə olunmuşdur. Yol hərəkəti haqqında qanunda da təsbit olunur ki, hərəkət edə bilmədiyin, həyatını və ətrafdakıların həyatını təhlükəyə atmamaq üçün belə hallarda avtomobili sağa çəkib hərəkəti dayandırmaq lazımdır. Bütün bunların nəzərə alınmasını, DYP-yə Asanpay portalı vasitəsi ilə iki dəfə müraciət etsə də, heç bir cavab almadığını bildirmək istəyir. Həmin protokolun və qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, suallara cavab olaraq göstərmişdir ki, xəstəliyini təsdiq edən sənədləri, hər hansısa xəstəliklə bağlı həkimin qeydiyyatında yoxdur, döyüşlər vaxtı oğlunun yaralanması xəbərini eşitdiyi vaxtdan onda belə hallar yaranmışdır, evdə olduğu vaxtlarda da qəflətən başında bərk sancı olur, gözləri qaralır, ürək döyüntüləri azalır. Şikayətində qeyd etdiyi vaxt təcili yardıma müraciət etməmişdir, halı düzələndən sonra özü avtomobilini sürüb getmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİNnin Baş X7 İdarəsini təmsil edən, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X1 şikayəti araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs avtomobili ilə Nizami rayonu, R.Rüstəmov küçəsində 27 iyul 2023-cü il tarixdə saat 10:19-da dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Bu xəta xüsusi texniki vasitə ilə aşkar olunaraq qeydə alınmış, X3 inzibati qaydada tənbeh edilmişdir. Araşdırma zamanı X1 dayanma-durma qaydalarını pozmasının səbəbini üzürlü hesab edəcək hər hansı hal müəyyən edilməmişdir, o, şikayətində səhhəti ilə bağlı məcburi qaydada dayandığını qeyd etsə də, buna dair sübutlar yoxdur. Şikayətin təmin olunmamasını, barəsində şikayət verilmiş qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 27 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15941340 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, müşahidə kamerası ilə qeydə alınmış görüntülərə əsasən Nizami rayonu, R.Rüstəmov küçəsində 27 iyul 2023-cü il tarixdə saat 10:19-da dayanma və durma qaydalarını pozduğuna görə, “Opel Astra H minik” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, X3 istifadəsində olan “Opel Astra H minik” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni 27 iyul 2023-cü il tarixdə saat 10:19-da Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində nəqliyyat vasitəsi ilə dayanma və durma qaydalarını pozmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Qeyd olunduğu kimi, baxılan iş üzrə inzibati xəta hadisəsi foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, icraatın aparılması Azərbaycan Respublikası İXM-nin 122-ci, o cümlədən 124-cü maddələri ilə müəyyən edilmiş qaydalarla aparılmışdır, X1 irəli sürdüyü dəlillər qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Baxmayaraq ki, inzibati xəta törətmiş şəxs olaraq X3 təqsirsizliyini sübut etməyə borclu deyildir, lakin nəzərə alınmalıdır ki, onun irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır, həmin şəxsin məhz səhhətində yaranmış problem səbəbindən məcburi dayanmasını, səhhəti ilə bağlı ona tibbi yardım göstərilməsini təsdiq edən sübutlar qeydə alınmamış, məhkəmə iclasında da müəyyən edilməmişdir. Qərardan şikayət vermiş X1 idarə etdiyi “Opel Astra H minik” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 27 iyul 2023-cü il tarixdə saat 10:19-da Nizami rayonu, R.Rüstəmov küçəsində dayanma və durma qaydalarını pozması işdə olan foto şəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 27 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15941340 nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 27 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15941340 nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4253/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4253/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver