Məhkəmə qərarları › İş №3(007)-4254/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4254/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4254/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Burosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs aldadaraq sonuncunun “Playstation 5” markalı oyun aparatını satacağı vədi ilə ələ keçirmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, sosial şəbəkədə elan yerləşdirərək qeyd etmişdir ki, kimlərin rəsmi iş yerləri yoxdur və onlar kreditə hər hansı bir əşya götürmək istəyirlərsə, onlara köməklik göstərə bilər. Gülmət onunla əlaqə saxlayaraq bankdan kredit götürmək istədiyini bildirmiş və o, müəyyən araşdırma apararaq həqiqətən ona kredit verilməyəcəyini aşkar etmişdir. Bundan sonra ona təklif etmişdir ki, “Kontakt Home” mağazasından oyun aparatı götürüb ona təqdim etsin, o, isə həmin aparatı satıb pulunu versin. Həmin əşyanın nağd qiyməti “Umico”da 1000 manat təşkil edir, “Kontakt Home”də isə 1129 manat təşkil edir. Gülmət həmin aparatı kreditə aldığı üçün qiyməti 1553 manat olmuşdur. O, həmin aparatı zərərçəkmiş şəxsdən götürüb sayta yerləşdirib 700 manata satmışdır. Zərərçəkmiş şəxsə hissə-hissə ümumilikdə 1000 manat pul qaytarmış, onun hal-hazırda 500 manat borcu qalmışdır. Əməlindən peşmandır, dəymiş ziyanı ödəməyə hazırda imkanı yoxdur, ona vaxt verilsə borcunu hissə-hissə ödəyə bilər. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, Şəxs verilən elanlardan tanımışdır. İlqar elanda qeyd etmişdir ki, “pula ehtiyacın olarsa mənimlə əlaqə saxla”. Onun pula ehtiyacı olduğu üçün həmin şəxslə əlaqə saxlamış və həmin şəxs ona təklif etmişdir ki, “Kontakt Home” mağazasından öz adına kreditə “Playstation 5“ markalı oyun aparatı götürüb ona versin, satıb iki qat pulunu ona qaytaracaqdır. O da həmin şəxsin dediyi kimi, həmin aparatı 02 iyul 2024-cü il tarixdə kreditə götürdükdən sonra, həmin gün gətirib “Neftçilər” metrostansiyasının yanında ona vermişdir. İlqar əvvəlcə onun kartına 200 manat ödəmiş, daha sonra isə iki ay ərzində 800 manatı hissə-hissə ödəmişdir. Ümumilikdə İlqar 1000 manat pul qaytarmış, qalan 500 manatı isə ona ödəməmişdir. Bundan sonra dəfələrlə ona zəng vurmuş, lakin o, telefonlara cavab verməmişdir. Hal-hazırda ona dəyən ziyanın məbləği 500 manat təşkil edir. Şəxs ona dəymiş ziyanı ödədiyi halda ona qarşı hər hansı bir şikayəti olmayacaqdır. Ona dəymiş ziyanın tam ödənilməsini tələb edir, şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 21:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X2 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar