Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4262/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, Bakı şəhər BPİ X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində 19:00 radələrində Qara Qarayev prospektində (Laçın ticarət mərkəzinin qarşısında, “Xalqlar Dostluğu” Metrostansiyası istiqamətində) BDY K9UD markalı ** JS *** dövlət nömrə nişanlı avtobusla yolun sağ zolağı ilə dayanacağa daxil olmuş, sərnişinləri düşürüb-mindirən zaman onunla eyni istiqamətdə hərəkət edən ondan arxada dayanmış “BMC” markalı ** JO *** dövlət nömrə nişanlı avtobus onun idarə etdiyi avtobusu (hərəkətini davam etdirərək) arxadan vuraraq (onun idarə etdiyi avtobusun böyük şüşəsini sındırmışdır) yol-qəza hadisəsi törətmişdir. Buna baxmayaraq hadisə yerinə gələn Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru X3 onun heç bir günahı olmamasına baxmayaraq heç bir əsas olmadan onun barəsində əsassız və qanunsuz (protokol) tərtib edərək qərar qəbul etmişdir. Barəsində tərtib olunmuş protokol və qərar ona xx.xx.2025-ci il tarixdə Bakı şəhəri DYPİ-nə müraciət etdikdən təqdim edilmişdir. Buna qədər o dəfələrlə Bakı şəhəri DYPİ-də olaraq barəsində tərtib olunmuş qərarı tələb etsə də DYPİ-nin əməkdaşları qərarı ona təqdim etməmişlər. O, hətta onlara hadisə yerinin videogörüntüsünü təqdim etsə də onlar ona məhəl qoymamışlar. Həmin qərardan görünür ki, onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə etmişlər. Barəsində tərtib olunmuş qərarda heç bir əsas olmadan onu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmişlər. Onun barəsində protokol tərtib edilərkən o həmin protokolun tərtib edilməsinə etiraz etmiş və protokoldan şikayət edəcəyini də göstərmişdir. Qərar Bakı şəhəri DYPİ-dən ona göndərilməmiş, yalnız onun dəfələrlə müraciətindən sonra xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. O, hesab edir ki, barəsində tərib olunmuş protokol və qərar əsassız və qanunsuz olmaqla səhv tərtib edildiyindən həmin qərara xitam verilməlidir. Bütün yuxarıda göstərilənlərə baxmayaraq Bakı şəhəri DYPİ-si tərəfindən İXM-nin 144-cü maddəsini kobud şəkildə pozularaq, onun şikayətinə cavab verilmədən, barəsində səhv tərtib olunmuş inzibati protokol əsasında əsassız qərarı ödəniş sistemində yerləşdirilmişdir. Bakı şəhəri DYPİ-nin əməkdaşları İXM-nin maddələrini kobud surətdə pozmuşdur. Belə ki, baş vermiş yol-qəza hadisəsi onun günahından deyil, digər “BMC” markalı ** JO *** dövlət nömrə nişanlı avtobus sürücüsünün günahından törədilmişdir. Hətta baş verən hadisə onun videogörüntü kameraları ilə qeydə alınmışdır, həmin hadisə barədə kamera görüntülərinin disklərini məhkəməyə təqdim edəcəkdir. O, qərarla bərabər hadisənin baş verdiyi yerin videomüşahidə altında olduğundan, həmin hadisə yerinin (TŞ kamerasıda var) videogörüntüsünü də tələb etsə də Bakı şəhəri DYPİnin əməkdaşları tərəfindən həmin görünütünü (baxmağa icazə versələr də) ona verməkdən qəti olaraq imtina etmişlər ki, olmaz (AR İXM-nin 61.1.8-ci maddəsinin tələbini pozdular) verə bilməzlər. Həqiqətə nail olmaq üçün məhkəmə işin bütün zəruri hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq məqsədi ilə hadisə baş verən ərazinin videoçəkilişini əks etdirən diski tələb edə, iş üzrə ekspertiza təyin etməklə, həqiqəti üzə çıxara bilər. Həqiqətə nail olmaq məqsədi ilə hadisə yerində olan videoçəkilişə baxarkən həmin videoçəkilişdən də aydın görünür ki, yol-qəza hadisəsi baş verən yerdə də, o dayanan zaman arxadan onunla eyni istiqamətdə hərəkət edən avtobus onun idarə etdiyi avtobusu vurmuşdur. Baş vermiş yol qəza hadisəsində o günahkar deyil. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Əksinə digər avtomobilin sürücüsü arxadan ara məsafəsini düzgün saxlamadan, onun idarə etdiyi avtobusu tam arxa hissəsindən vuraraq yol-qəza hadisəsi törətmişdir, ona görə də hadisənin günahkarı da odur. Həmin şəxsin əməlində inzibati xətanın tərkibi olduğu halda, YPX inspektoru hadisə ilə bağlı səhv nəticəyə gələrək həmin şəxsi deyil səhvən onun məsuliyyətə cəlb olunmağı barədə əsassız və qanunsuz qərar çıxarmışdır. Ona görə də hesab edir ki, barəsində tərtib olunmuş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında qərar ləğv edilməli, barəsində başlanmış icraata xitam verilməlidir. O, xx.xx.2025-ci il tarixli qərardan şikayəti ilk olaraq aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Lakin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarılmış və ona aidiyyəti üzrə məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. O da qeydiyyat ünvanı üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermiş, şikayət xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə isə şikayət baxılması üçün aidiyyəti üzrə yenidən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(007)-2316/2025 saylı qərardadı ilə onun Bakı şəhər BPİ X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılması qərara alınmış, eyni zamanda ona mübahisələndirdiyi qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququm mənə izah edilmişdir. Göründüyü kimi, ilk dəfə şikayət verərkən aidiyyətə düzgün riayət etsə də məhkəmənin ona məlum olmayan səbəbdən (bəlkə də səhvən) onun şikayətini geri qaytarması nəticəsində o müddəti ötürmüşdür ki, bu da tam üzrlü səbəb kimi qiymətləndirilməlidir. Çünki müddət onun yox, məhkəmələrinin qeyd edilən qərardadları qəbul etmələri ilə ötürülmüşdür. Hər 3 qərardad qəbul edilərkən orada qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Buna görə də o hüququnun bərpası üçün şikayət verə bilməmişdir. Nəhayət sonuncu, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının göstərişlərinə əsasən hazırki şikayətlə yenidən müraciət edir və müddətin də bərpa olunmasının nəzərə alınmalı olmasına ümid edir. Göstərilənlərə əsasən Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, hər iki nəqliyyat vasitəsi dayanacaqda dayanan zaman arxadakı nəqliyyat vasitəsi avtomobili irəli sürərək yoluna davam etmək istəmiş, lakin qarşıda maneə olduğu üçün dayanmışdır. Öndə olan nəqliyyat vasitəsi artıq hərəkətə başladığından avtomobili geriyə verir və digər nəqliyyat vasitəsinə dəyir. X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cu maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə hərtərəfli araşdırma aparılmışdır, şikayət əsassızdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində “BYD K9UD” avtobus markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinəgörə –qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X8 İdarəsinin polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4262/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4262/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver