Məhkəmə qərarları › İş №3(007)-4271/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4271/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4271/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X1, həmin orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Beyləqan rayonunun Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonunun Mil qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1, 329.3 və 333.2-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən Azərbaycan Respublikası İXMnin 329.3 və 333.2-ci maddələri ilə 16 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə 16 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 16 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli qərardadına əsasən 3(007)-4271/2024 nömrəli, 3(007)-4272/2024 nömrəli və 3(007)-4273/2024 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-4271/2024 nömrəsi saxlanılmışdır. Qeyd edilən inzibati xəta haqqında protokollara əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 13 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati tənbeh almış şəxs kimi qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən, 16 sentyabr 2024-cü il tarixdə saat 00:20 radələrində Bakı şəhəri Nizami rayonu, M.Gəncəvi küçəsində “BMW 528İ minik” markalı **-BQ-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, qeyd olunan vaxt o, Bakı şəhəri Nizami rayonu, M.Gəncəvi küçəsində avtomobili ilə qarşı nəqliyyatın yolu ilə hərəkət etdiyi üçün YPX inspektorları tərəfindən saxlanılarkən ictimai asayişi pozaraq, nalayiq ifadələr işlətmiş, əl-qol hərəkətləri edərək polis əməkdaşlarına qarşı xırda xuliqanlıq etmiş, onun qeyd olunan qanunazidd hərəkətlərinin qarşısını almağa cəhd göstərən Bakı şəhəri BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X8 müvafiq protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs avtopatrula əyləşdirərək həkimə aparan zaman həmin şəxs maşında arxadan onun formasından tutaraq vurmağa başlamışdır. Onlara “sizin paqonunuzu sökdürərəm” deyərək təhqir də etmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, o, Şəxs ilə bölmədə görüşmüşdür. Ona İXM-nin 61-ci maddəsinə uyğun olaraq hüquq və vəzifələrini izah etmişdir. Şəxs izahat verməkdən imtina etmişdir. O, orta dərəcədə sərxoş olmuşdur, buna dair sübut işə əlavə edilmişdir. Şəxs 2023-cü ildə sərxoş şəkildə Sumqayıtda avtomobili idarə etmiş, buna görə tənbeh olunmuşdur. Lakin 1 il ərzində ikinci dəfə sərxoş olaraq avtomobil idarə etmişdir. Şəxs deməlidir ki, sərxoş olmuşdur, peşmanlığını bildirməlidir. Lakin o, heç nə etmədiyini deyir. Belə insanları cəzalandırmaq lazımdır ki, analoji nöqsanlara yol verməsin və digər ətrafda olan insanlara da dərs olsun. Göstərdiklərini nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə ayıq sürücü ilə evin yanında yerləşən kafeyə getmişdir. Həmin kafenin qarşısında bir tərəfli yol vardır. Əks istiqamətli yol deyildir. 20 metr məsafə sürmüş və düşünmüşdür ki, cərimə nə qədər ola bilər ki. Nalayiq sözləri və təzyiqi polis əməkdaşları onun özünə demiş və göstərmişlər. Polislərdə heç bir zərər yoxdur. Lakin onun üzü-gözü göyərmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X6 izahatında göstərmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə saat 00:20 radələrində Bakı şəhəri Nizami rayonu, M.Gəncəvi küçəsində xidməti ərazidə olarkən “BMW 528İ minik” markalı **-BQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətdə hərəkət etdiyini müşahidə etmişlər. Onun qeyri-etik davranışından şübhələnmiş və alkotestr təklif etmişdir. Qaçma ehtimalı olan biri olduğu üçün öz maşınında yoxlanış etməyi təklif etmişdir. Bu zaman sürücü bu halı inkar etmiş, onların ünvanına nalayiq ifadələr işlətmiş, ekipaj yoldaşına və ona təzyiq göstərmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada əsas tənbeh olunmalı, İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş əlavə tənbeh isə əsas tənbehə əlavə edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Bundan başqa, inzibati xəta törətmiş şəxsin izahatında qeyd olunan digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi hazırkı icraatın predmeti deyildir, ona qarşı yol verilmiş, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və müvafiq məsuliyyət məsələsinin həlli üçün aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 510, 535.1 və 333.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 16 sentyabr 2024-cü il tarixdə saat 01:05-də inzibati qaydada tutulmuşdur, lakin bunun ardınca sərxoşluq vəziyyəti yoxlanılaraq onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, həmin müddət inzibati həbs müddətinə daxil edilə bilməz, inzibati həbsin başlanğıcı işə məhkəmədə baxılmağa təyin edildiyi 16 sentyabr 2024-cü il saat 14:30-dan hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.3-cü maddəsi nəzərdə tutulmamışdır. Şəxsin barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin, İXM-nin 333.2ci maddəsində nəzərdə tutulmuş əlavə tənbeh əsas tənbehə əlavə edilməklə nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılsın. İnzibati həbsin başlanğıcı 16 sentyabr 2024-cü il saat 14:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhər BPİ-nin X15i idarəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X9 müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar