Məhkəmə qərarları › İş №3(007)-4272/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4272/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4272/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əfəndiyev Azər İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsinə dair vəsaatətlə məhkəməyə müraciət edərək, sözügedən qərardan şikayəti və ona əlavə olunmuş sənədləri xx.xx.2025-ci il tarixdə mail vasitəsilə məhkəməyə göndərdiyini, lakin məhkəmənin mail ünvanına şikayətin daxil olmadığını, bu səbəbdən şikayəti xx.xx.2025-ci il tarixdə yenidən məhkəməyə verdiyini bildirərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməli olması qənaətinə gəlmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il saat 10:43 radələrində Hyundai sonata markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə hərəkətdə olarkən, **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili ilə xidmət aparan, 1788 nömrəli döş nişanı daşıyan, baş inspektor polis baş leytenantı X3 tərəfindən saxlanılmış, polis əməkdaşı inzibati xəta törətdiyini bildirmiş, lakin, inzibati xətanı əsaslandıra bilməmiş, avtomobilini protokol tərtib etmədən cərimə meydançasına yerləşdirmişdir. DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında elektron qərarı əldə etdikdən sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsində 3(007)-3503/2025 saylı qərar ilə TP ******* saylı inzibati tənbeh verilmə haqqında elektron qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilmişdir. Məhkəmənin qərarında göstərilmişdir ki, İXM-nin 342.2.3-cü maddəsinin tərkibinin olması üçün onun tərəfindən nəqliyyat vasitəsinə edilmiş dəyişiklik nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına səbəb olmalıdır. Qərarından şikayət verilən orqan tərəfindən isə bu hal araşdırılmamış, mütəxəssis dəvət olunub rəyi alınmamışdır. Lakin, Bakı şəhər DYPİ yenə heç bir araşdırma aparmadan 18 avqust 2025-ci il tarixdə TP ******* nömrəli yeni qərar qəbul etmişdir. Qərarı əldə etdikdən sonra özü avtomobilə baxış keçirilməsi üçün mütəxəssis dəvət etmiş, lakin, mütəxəssis avtomobilə xüsusi cihaz vasitəsi ilə baxış keçirilməli olduğu üçün avtomobilin Servisə gətirilməli olduğunu bildirmişdir. Bakı şəhər DYPİ-nin əməkdaşına bu barədə bildirdikdə avtomobili servisə buraxmayacaqlarını, yalnız cəriməni və cərimə meydançasının xərclərini ödədikdən sonra bunun mümkün olduğunu bildirmişdir. Avtomobilə mütəxəssis tərəfindən baxış keçirilməsini təmin etmək üçün məcbur qalaraq polis əməkdaşının tələb etdiyi kimi protokola “protokolla razıyam” qeydini yazmış, cəriməni ödəmişdir. Bundan sonra avtomobili servisə apararaq mütəxəssisdən rəy almışdır. Rəyin nəticə hissəsi: yayların dəyişdirilməsi standartlara uyğundur, hər hansı təhlükəli deformasiya normativ pozuntu aşkar edilməmişdir. Mütəxəssis rəyini Bakı şəhər DYPİ-nin əməkdaşına təqdim etsə də, götürməkdən imtina etmişlər. Halbuki, rəydə normativ qaydaların pozulmadığı göstərilir. Buna görə də yenidən Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X8 30-cu maddəsinin 5-ci hissəsinə əsasən İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. -Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının,ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Lakin, tərəfindən quraşdırılmış sport yaylar avtomobilin marka və modelinə uyğun olmaqla normativ qaydalara uyğundur. Bunu işə əlavə olunmuş sertifikat və tərcüməsi sübut edir. Avtomobilin qabağının qaldırılması və ya arxasının aşağı endirilməsi bu zaman avtomobilin ağırlıq mərkəzi pozulur. Lakin, onun avtomobilində ağırlıq mərkəzi pozulmamışdır. Bundan başqa avtomobilin yerə yaxın olma məsafəsi nə qədər azaldıla bilər. H&R sport yayları vasitəsi ilə mənfi 40 milimetrə qədər hündürlük azaldıla bilər, onun avtomobilində isə bu ölçü mənfi 35 millimetrdir. Sport yay istehsal edən şirkətlər hər maşının zavod istehsalı olan avtomobilin amartizatoruna uyğun yay istehsal edir. İşə əlavə olunmuş istehsalçının sertifikatında qeyd olunur: Sənədlə təsdiq edirik ki, qeyd olunan tətbiq sahəsində təsvir olunan avtomobillər modifikasiyadan sonra rəydə qeyd olunan şərtlər nəzərə alınaraq X8 qanunun müvafiq tələblərinə uyğundur. İstehsalçı (detalın texniki uyğunluğu verilən rəy sahibi) § 19(3) maddəsinə (request-N sahib) uyğun rəyə sahibdir. Vİ bənddə qeyd olunan şərtlər də daxil olmaqla rəy 1-ci səhifədə əhatə edilən və bütün mətn oxşalda və artırıla bilər. Rəy avtomobil detalında texniki dəyişiklik edildiyi yaxud da avtomobil detalında edilmiş dəyişiklikin avtomobil istifadəsində məntiqli təsir göstərdiyi, eləcə də qanuni əsaslar dəyişdiyi zaman öz etibarlığını itirəcəkdir. Rəyin surətləri orijinal ştamp və istehsalçının orijinal imzası olduğu zaman keçərli hesab olunur. Sonda o, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “Akay Auto” servis tərəfindən şikayət verən şəxsə təqdim edilmiş **-UN-*** nömrəli, “Hyundai Sonata” minik markalı avtomobilin müayinəsinə dair xx.xx.2025-ci il tarixli rəydən görünür ki, baxış nəticəsində avtomobilin texniki vəziyyəti qənaətbəxş hesab olunmuş, yayların dəyişdirilməs mpvcud standartlara uyğundur, nəqliyyat vasitəsində təhlükəli deformasiya və ya normativ pozuntu aşkar edilməmişdir. Rəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli cədvəldən görünür ki, **-UN-*** nömrəli, “Hyundai Sonata” minik markalı avtomobilə “H&R” sport tipli yaylar quraşdırılmış, avtomobilin tam kütləsi və ağırlıq mərkəzi oxlar üzrə bərabər paylanılıb, dönmə bucaqları tənzimlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmə şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP № ******* nömrəli qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İstinad edilən qanun normasının məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012-ci il tarixli, Q6-001-12 N-li qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X9 nəzarəti qaydaları barədə Təlimatın” 6.1.1 və 6.1.2-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat vermək, layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq vermək kimi vəzifələri də yerinə yetirir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə baxılan materialda inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü iş üzrə müəyyən edilən hallar mütəxəssis rəyi alınmaqla yenidən araşdırılmalı və onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə yekun qərar qəbul edilməli idi. Hansı ki, polis əməkdaşları tərəfindən buna əməl olunmamışdır. "X8” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsində vurğulanır ki, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Məhkəmə həm də qeyd edir ki, qərar qəbul edərkən Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən "X8” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsində nəzərdə tutulan qaydalara riayət edilməli idi. Belə ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İstinad edilən normaya əsasən qərar İXM-nin 48-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən əsaslı və qanuni hesab edilə bilməz, ona görə də X2 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi barədə Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP № ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar