Məhkəmə qərarları › İş №3(007)-4274/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4274/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4274/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin X12 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin X12 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nizami RPİ-nin X12 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərara xitam verilməsini və ödədiyi 90 manat pulun qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsindən “Koroğlu” metrostansiyası istiqamətində **-HD-*** nömrəli “Mercedes Benz E200 CDİ” minik markalı avtomobillə hərəkətdə olarkən uzunluğu təqribən 1 km-ə yaxın süni tıxacla qarşılaşmışdır. Onun dayandığı nöqtədən təqribən 1 km-dən artıq məsafədə (Koroğlu metrostansiyası istiqamətindəki dairədə) YPX əməkdaşları nəqliyyatın hərəkətini tam məhdudlaşdırmışdır. Xeyli müddət tıxacda gözlədikdən sonra digər nəqliyyat vasitəsinə maneə törətmədən (qarşı istiqamətdə də nəqliyyat vasitələrinin hərəkəti ümumiyyətlə müşahidə olunmayıb) geriyə dönərək hərəkətini digər alternativ yollarla davam etdirmək istəmişdir. Bu zaman nəqliyyat vasitəsinin içərisində dayanmış və onun məhdud görmə şəraitində olan YPX avtomobilinin geriyə manevr etdiyini görmüş, saxla işarəsi vermiş və qeyd etmişdir ki, bu vəziyyətdə heç bir nəqliyyat vasitəsinin hər hansı manevr hərəkətinə icazə verilmir, yalnız süni tıxac aradan qaldırıldıqdan sonra düzünə hərəkətə icazə veriləcəkdir (qısası tıxacda oturub gözləmək lazımdır, hətta saatlarla belə olsa) sonda isə müvafiq inzibati protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixdə DYP-nə məxsus Sabunçu rayonunda yerləşən müayinə mərkəzində ona məxsus nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilmək üçün həmin cərimə məbləğini ödəməyə məcbur olmuş, əks halda isə nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilməyəcəyini bildirmişlər. YPX əməkdaşları nəqliyyat vasitəsinin yolun məhdudlaşdırılması ilə bağlı yaranmış tıxacdan yayınması üçün heç bir tədbir görməmişdir və etdiyi manevr İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu anlamına gəlmir. Həmçinin tərtib edilmiş protokola aid olan foto və video məlumatlar elektron ünvana göndərilməmişdir. Nəticədə təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş “pozuntu” ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun” 12-ci maddəsinin, İXM-nin 8.2, 8.3 və 126.2-ci maddələrinin və “Yol patrul xidməti haqqında” Təlimatın 19-cu maddəsini rəhbər tutaraq barəsində Nizami RPİ yol patrul xidməti inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarına xitam verilməsini və ödədiyi 90 manat pulun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin X12 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 izahat verərək bildirmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə 08:38 radələrində “Mercedes Benz E200 CDİ” minik markalı, **- HD-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu, Mikayıl Əliyev küçəsində idarə edərkən 1.1,1.3,1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönmə əməliyyatını həyata keçirdiyindən tərəflərindən saxlanılmışdır. Sürücüyə özlərini təqdim edərək hüquq və vəzifələrini izah etdikdən sonra sürücüdən müvafiq sənədləri, sürücülük vəsiqəsini və texniki şəhadətləndirməni tələb etmişlər. Sürücü həmin sənədləri təqdim etmiş və işə gecikdiyini, sıxlıq olduğunu bildirmişdir. Sürücünün bildirdikləri doğru deyil, heç bir yolda, xüsusən də dairədə məhdudiyyət qoyulmamışdır. Hadisədən iki ay müddət keçmişdir. Görüntülər, yaddaş diskləri 1 aydan artıq qalmır. Sürücü cəriməni ödəmişdir, narazı idisə cəriməni niyə ödəyirdi? Sürücü əgər qayda pozmamışdırsa, özünü təqsirli bilmirdisə niyə dövlət məmuruna, polis əməkdaşına rüşvət təklif edirdi. Səhərlər iş vaxtı ilə əlaqədar sıxlıq olur. Həmin gün trass tədbiri olmamış, heç bir məhdudlaşdırma olmamışdır. Məhkəmədən şikayətin əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin X12 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 yol patrul xidməti inspektoru, polis baş serjantı X5 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin X12 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Mikayıl Əliyev küçəsində “Mercedes Benz C200 CDİ” minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1,1.3,1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami RPİ-nin X12 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar