Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4274/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1 və 539.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən vətəndaş Şahid3 2025-ci il yanvar ayından avqust ayına qədər Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Eyni zamanda Şəxs MMC-yə 3-17-5/2-71618/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla müraciət olunaraq sənədlərin 07 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X3 tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki,Şəxs MMC-nin təsisçilərindən biri saxtakarlığa yol verdiyi, möhürü saxtalaşdırdığı üçün Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad olunmuşdur (kim?). Həmin şəxs də 4-5 nəfər şəxsi qərəzli şəkildə öyrətmiş, MMC-dən şikayət etmişlər. Həmin şəxslər ümumiyyətlə Şəxs MMC-də işləməmişlər. Şahid3 2024-cü ilin fevral ayının 16-na qədər Şəxs MMC-də işləmiş, həmin tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Şahid3 2024-cü ilin fevral ayından sonra orada işləməmiş, başqa təşkilatda işləmişdir. O, Şahid3la görüşmüş, əgər işləmək istəyirsə onu işə cəlb edə biləcəklərini bildirmiş, o isə işləmək istəmədiyini bildirmişdir. MMC-nin 400 nəfərdən artıq işçisi var, hamısı ilə əmək müqaviləsi bağlanılmış, müqavilələr portala daxil edilmişdir. Məhkəmə tərəfindən cərimə olunduqda onlar müqavilələr bağlaya bilmir, tenderlərdə iştirak edə bilmirlər. Belə olan halda birbaşa işçilərin hüquqları pozulur və onların işdən çıxarılmasına səbəb olur. Şəxs MMC müqavilə bağlamadan işçiləri işlərin görülməsinə cəlb edə bilməz. Çünki müəssisənin gəliri müqavilə əsasında formalaşır. Şikayət edənlər qərəzli insanlardır. Bunların hamısı onlarla münaqişəsi olan təsisçinin qərəzli işləridir. Şahid2 və Şahid1 hal-hazırda Şəxs MMC-də işləyirlər. Onların xəbəri olmadan həmin şəxsləri X4 Xidmətinin Bakı şəhər İdarəsinə çağırıb izahatlarını almışlar. Həmin şəxslərdən bu barədə soruşduqda onlar nə məsələ olduğunu bilmədiklərini, deyilən məzmunda izahat yazdıqlarını bildirmişlər. Şəxs MMC ilə "xxxx" MMC arasında 06 yanvar 2025-ci il tarixdə “mühafizə xidmətinin göstərilməsi barədə” subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2025-ci ilin yanvar ayından iyun ayınadək Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin balansında olan obyektlərin mühafizəsi "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. 2025-ci ilin iyun ayında "xxxx" MMC-nin saxtakarlıqla məşğul oduğu, işçilərlə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyi məlum olduqdan sonra həmin MMC ilə aralarında bağlanmış müqaviləyə xitam vermişlər. Şahid3 Şəxs MMC-nin işçisi olmamış, o, "xxxx" MMC tərəfindən işə cəlb edilmişdir. Şahid3 ona müraciət edərək pulunun verilmədiyini demiş, o isə cavabında onların şirkətində işləməsə də ona pul verəcəyini demişdir. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, o, 30 dekabr 2022-ci il tarixdə Şəxs MMC-də mühafizə vəzifəsinə işə qəbul edilmiş, 16 fevral 2024-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 2025-ci ildə yenidən işə qəbul olunmuşdur. Onunla əmək müqaviləsi bağlanılmadan 2025-ci ilin yanvar ayından başlayaraq 7 ay müddətində Pişəvəri adına liseydə gecə növbəsində mühafizəçi vəzifəsində işləmişdir. Ona 2025-ci ilin yanvar ayında əlbəəl 450 manat əmək haqqı verilmişdir. 2025-ci ilin fevral, mart və may aylarının isə əmək haqqını verməmişlər. İyun ayının əmək haqqını “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən ofisdə böyük söz-söhbətdən sonra mübahisə zəminində vermişlər. 06 avqust 2025-ci il tarixdə ona işlədiyi 4 ayın əmək haqqı kimi hər ay üçün 450 manat nəzərə alınmaqla, cəmi 1800 manat pul vermişlər. Pişəvəri adına liseydə 7 nəfər mühafizəçi işləmiş, onlardan 3 nəfəri gündüz, 4 nəfəri isə gecə növbəsində olmuşdur. Gündüz növbəsində Şöhrət, Rəşad, Faiq adlı əməkdaşlar, gecə növbəsində isə o, Mustafa, Yolçu və adını hazırda xatırlamadığı yaşlı bir nəfər olmuşdur. Həmin şəxslərin əmək haqqlarını hansı üsulla aldıqlarını bilməmişdir. O, hər gün saat 17:00-da işə gedib növbəni təhvil almış, səhər saat 06-06:30 radələrində növbəni təhvil vermişdir. Həm gündüz, həm də gecə növbəsi növbəni təhvil alanda kitaba imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, xidməti nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir. Şahid3 hansı tarixlərdə işləməsi barədə məlumatı yoxdur. 16 fevral 2024-cü il tarixə kimi Şahid3 adı Şəxs MMC-nin işçisi kimi sistemdə görünmüş, həmin tarixdən sonra isə onun adı sistemdə görünməmişdir. Şahid3 harada işləməsi barədə heç bir məlumatı olmamışdır. Şahid3 2025-ci ilin iyul ayında onlara işlədiyini, lakin əmək haqqı almadığını demişdir. O, vaxta qədər heç bir şikayəti olmamışdır. O, hər axşam yoxlamaya getmiş, Şahid3 görməmişdir. Onun Şahid3 adlı işçinin olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Pişəvəri adına liseydə 7-8 ildir ki, gündüz növbəsində mühafizəçi işləyir. Pişəvəri adına liseydə 7 nəfər mühafizəçi işləmişdir. 2025-ci ilin yanvar ayından avqust ayına kimi Şahid3 işdə görmüşdür. Qismət gecə növbəsində mühafizəçi işləmişdir. O, səhər saatlarında işə gəlib növbəni təhvil almış, saat 17:00 radələrində isə növbəni təhvil vermişdir. O, ŞəxsMMC-nin rəsmi işçisidir, əmək haqqını kartla alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, 5 aydır ki, xidmət rəisi vəzifəsində işləyir. O, bütün mühafizə olunan obyektlərdə həm gecə, həm də gündüz növbəsində olan işçiləri yoxlayır. Pişəvəri adına liseydə Şahid3 görməmişdir. Şahid3 ondan əvvəl işləmiş, 2024-cü ilin fevral ayında işdən çıxmışdır. Pişəvəri adına liseydə gecə növbəsində Mustafa, Ramin, Əli və Yolçu adlı şəxslər işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, o, 10 ilə yaxındır ki, Şəxs MMC-də işləyir. O, Pişəvəri adına liseydə gecə növbəsində mühafizəçi kimi xidmət etmişdir. 2025-ci ilin yanvar ayından iyul ayının axırına kimi Şahid3 da onlarla birlikdə işləmiş, Qismət də gecə növbəsində xidmət etmişdir. O, əmək haqqını kartla almış, digər işçilərin əmək haqqlarını hansı formada aldıqları barədə məlumatı yoxdur. Şahid3 əmək haqqını kart vasitəsi ilə deyil, əlbəəl aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında 06 yanvar 2025-ci il tarixdə “mühafizə xidmətinin göstərilməsi barədə” subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC 36 obyektdə mühafizə xidməti göstərmişdir. "xxxx" MMC 2025-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında mühafizə xidməti göstərmiş, həmin xidmətin müqbilində Şəxs MMC tərəfindən "xxxx" MMC-yə ödənişlər edilmişdir. "xxxx" MMC onların işçisi olan mühafizəçilərdən əlavə başqa işçiləri də işə cəlb etmişdir. Həmin işçilərdən biri də Şahid3 olmuşdur. Şahid3 Şəxs MMC-nin işçisi olmamış, "xxxx" MMC tərəfindən işə cəlb edilmişdir. Şahid3 2024-cü ilin fevral ayına kimi Şəxs MMC-də işləmiş, həmin tarixdə isə öz xahişi ilə işdən çıxmışdır. Şahid3 2025-ci ildə yenidən işə qəbul ediləndə özü də hansı şirkətin əməkdaşı olduğunu bilməmişdir. Şəxs MMC bütün işçiləri ilə əmək müqaviləsi bağlamış və işçilər əmək haqqlarını bank kartı vasitəsi ilə almışlar. 2025-ci ilin iyun ayında onlara məlum olmuşdur ki, "xxxx" MMC işçilərlə əmək müqaviləsi bağlamadan onları işlərin görülməsinə cəlb etmişdir. Bundan sonra onlar "xxxx" MMC ilə aralarında bağlanmış subpodrat müqaviləsinə xitam vermişlər. "xxxx" MMC-nin işə cəlb etdiyi təxminən 40-48 nəfər işçinin əmək haqqları ödənilməmişdir. Onlar "xxxx" MMC-lə aralarında bağlanmış müqaviləyə əsasən mühafizə xidməti göstərməsi üçün həmin şirkətə xidmət haqqını ödəmələrinə baxmayaraq əmək haqqı ödənilməyən işçilərin ailə vəziyyətlərini, maddi imkanlarını nəzərə alaraq onların əmək haqqlarını ödəmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - əmək müqaviləsinə xitam verilməsi barədə 16 fevral 2024-cü il tarixli 20 nömrəli əmrdən görünür ki, Şəxs MMC-də mühafizəçi vəzifəsində işləyən Şahid3 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 16 fevral 2024-cü il tarixdən xitam verilmişdir. - 06 yanvar 2025-ci il tarixli 01/2025 saylı mühafizə xidmətinin göstərilməsi barədə subpodrat müqaviləsindən görünür ki, həmin müqavilə Şəxs MMC-nin direktoru X7 (podratçı) ilə "xxxx" MMC-nin direktoru X8 (subpodratçı) arasında bağlanmışdır. Müqaviləyə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə Şəxs MMC arasında obyektlərin mühafizəsini nəzərdə tutan müqaviləyə subpodrat müqavilə əsasında "xxxx" MMC tərəfindən göstəriləcək xidmətlər və şərtlər rəsmiləşdirilmişdir. Müqavilə şətlərinə görə “Subpodratçı” hazırki müqaviləyə 1 saylı əlavədə qeyd edilən qiymətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin balansında olan obyektlərin bir qisminin mühafizəsini təşkil etmişdir. Müqavilə üzrə ödəniş hər ay əlavə 1də göstərilmiş obyektlərə göstərilən mühafizə xidməti üzrə tərəflər arasında tərtib edilmiş təhvil-təsim aktı əsasında “subpodratçı”-nın hesablaşma hesabına ödəniş tapşırığı əsasında həyata keçirilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Şəxs MMC-nin subpodratçısı olan "xxxx" MMC ilə arasında olan xidmətlərin göstərilməsi haqqında müqaviləni, Şahid3 həmin xidmətlərin göstərilməsi haqqında müqavilə əsasında "xxxx" MMC tərəfindən işə cəlb edilməsini nəzərə almamış, işin bu hallarını aydınlaşdırmamışdır. İnzibati xəta haqqında işin materiallarından aydın görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Protokol tərtib edilən zaman Şəxs MMC-nin subpodratçısı olan "xxxx" MMC ilə arasında olan xidmətlərin göstərilməsi haqqında müqaviləyə, Şahid3 həmin xidmətlərin göstərilməsi haqqında müqavilə əsasında "xxxx" MMC tərəfindən işə cəlb edilməsinə və Şahid3 "xxxx" MMC ilə əmək müqaviləsinin mövcud olub-olmamasına hüquqi qiymət verilməmiş, Şəxs MMC və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı təmin edilməmiş, onların izahatları alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əmək və mülki hüquqi münasibətlərin fərqi müəyyən edilmişdir. Qərardakı hüquqi mövqeyə görə: “Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir... Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülkihüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur.” İşin hallarından göründüyü kimi hazırki iş üzrə Şəxs MMC aralarında olan müqaviləyə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin balansında olan obyektlərin mühafizəsini təşkil etmişdir. Qeyd olunan xidmətlərin göstərilməsi üçün Şəxs MMC ilə subpodratçısı olan "xxxx" MMC arasında olan “mühafizə xidmətinin göstərilməsi barədə” xx.xx.2025-ci il tarixli 01/2025 saylı müqaviləyə əsasən "xxxx" MMC Şahid3 işçi qüvvəsi kimi S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına göndərmişdir. Bununla da Şəxs MMC yalnız mülki müqavilə üzrə öhdəliyini icra etmişdir. İşçi Şahid3 ilə əmək müqaviləsinin bağlanması vəzifəsi isə işəgötürən "xxxx" MMC-nin üzərinə düşür. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında vurğulanır ki, “Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir”. İşin faktiki hallarından da göründüyü kimi ("xxxx" MMC) əsas fəaliyyət sahəsi mühafizə xidmətinin göstərilməsidir. Buna görə də həmin sahə ilə bağlı yaranan münasibətlər yuxarıda qeyd olunan hüquqi mövqeyə görə əmək münasibətləri hesab olunur. Göründüyü kimi Şahid3 əmək münasibətləri Şəxs MMC ilə yaranmadığından MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yaranmadığından və barəsində vəzifəli şəxs tərəfindən İXM-nin 53-cü maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməli olduğu halda protokol lazımi araşdırma aparmadan həmin MMC barəsində tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, yuxarıda qeyd olunan iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, Şəxs MMC tərəfindən vətəndaş Şahid3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmçinin məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC-yə göndərilmiş 3-17-5/2-71618/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub və həmin məktubun MMC-nin ünvanına çatdırılmasını sübut edən sənəd protokola əlavə edilməmişdir. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməlidir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlir ki, Şəxs MMC barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə qeyd edir ki, Şahid3 Şəxs tərəfindən hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC-yə 3-17-5/2-71618/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubun göndərilməsi və həmin məktubun MMC-nin səlahiyyətli şəxsi tərəfindən qəbul olunması mötəbər sübutlarla təsdiq olunmur. Bununla da hüquqi şəxs Şəxs təqsirliliyini sübut edən heç bir dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə vəziyyətdə natamam sübutlarla iş üzrə yekun nəticəyə gəlinməsi mümkün deyil və materialın inzibati orqana qaytarılması üçün əsas yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati araşdırma düzgün aparılmadığından, qeyd edilən ziddiyyətli məqamlara aydınlıq gətirilməsi məqsədilə inzibati xəta haqqında materiala səlahiyyətli orqan tərəfindən yenidən baxılmalı, inzibati araşdırmanın gedişatından asılı olaraq qanuna uyğun qərar qəbul edilməlidir. Çünki hazırkı halda iş materiallarında olan sübutlar işin faktiki hallarını tam göstərmədiyi üçün konkret olaraq yekun nəticəyə gəlinməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 118 və 134.1.4-сü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4274/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4274/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver