Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4282/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin direktoru X2 məhkəməyə etiraz ərizəsi göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN Nizami rayon Polis İdarəsi tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biz aşağıda göstərilənlərə əsasən həmin protokolu əsassız hesab edirik. Belə ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında İXP ******* saylı protokolda "Lada Granta" markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 347 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmiş və baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami rayon Polis İdarəsi tərəfindən 14 iyul 2025-ci il tarixdə "xxxx" MMC-nin balansında olan ümumilikdə 151 ədəd avtomobili əhatə edən siyahı və sorğu daxil olmuşdur. Siyahıya əlavə olunmuş nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatlar dərhal tərəflərindən tərtib edilərək 15 iyul 2025-ci il tarixdə "Azari Express" sürətli poçt xidməti vastəsilə 972339 saylı poçt xəbərnaməsi ilə göndərilmiş və 16 iyul 2025-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən "Əliyeva" soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Nizami RPİ işi hərtərəfli araşdırmadan tələsik inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Göründüyü kimi Nizami rayon Polis İdarəsi inzibati xəta haqqında protokol tərtib edərkən “Azərmaş Auto" MMC-nin nümayəndəsinin iştirakını təmin etməmiş, hüquq və vəzifələrini izah etməmiş, həmçinin tərtib edilmiş protokolun surətinin şirkətə təqdim edilməsini və ya göndərilməsini təmin etməmişdir. Bununla da "xxxx" MMC sübutları təqdim etməklə öz müdaifə hüququnun qurulmasından məhrum edilmişdir. “Azərmaş Auto" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək Şəxs MMC-nin barəsində inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:58-də Şəxs MMC-nin mülkiyyətində olan “Lada Granta” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs X7 yolunda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - Şəxs MMC tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun göndərildiyi zərfin surətindən görünür ki, məktub xx.xx.2025-ci il tarixdə Əliyeva soyadlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu əsasında Şəxs MMC tərəfindən Bakı şəhəri Nizami RPİ-yə MMC-nin balansında olan nəqliyyat vasitələrini idarə etmiş şəxslər barədə məlumatlar təqdim edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4282/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4282/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver