Məhkəmə qərarları › İş №3(007)-4284/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4284/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4284/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Quba rayonunun Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi ev 50, mənzil 66-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Şəxs ondan Zərərçəkmiş şəxs xeyrinə, 23 yanvar 2017-ci il təvəllüdlü X4 və 27 may 2020-ci il təvəllüdlü X1 üçün 12 avqust 2023cü il tarixdən başlayaraq, hər uşağa hər ay 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(007)-113/2024 nömrəli və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(007)-204/2024 nömrəli icra sənədləri üzrə tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməyərək, ümumilikdə qalan 3638 manat məbləğində aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əvvəl 400 manat məbləğində aliment olmuş, son iki ayda isə aliment hər üşaq üçün 235 manat məbləğində təyin edilmişdir. İcra şöbəsi alimenti onun əmək haqqına yönəltmişdir. Əmək haqqından 70% pul tutulur. O, “№1” çörək zavodunda işləyir. 898 manat əmək haqqıdır, 98 manat məcburi tutulmalara çıxıldıqdan sonra ona 800 manat əmək haqqı qalır. Həmin əmək haqqından 471 manat aliment pulu çıxılır. O, buna etiraz etməmişdir. Amma tələbkar borcun tam olaraq ödənilməsini istəyir. Məhkəmə əvvəl 1 aylıq 400 manat məbləğində aliment kəsmiş və o da həmin məbləği ödəmişdir. Bundan 11 ay sonra qərara düzəliş edilmişdir və bu səbəbdən 4000 manat borcu yaranmışdır. Hazırda işdən çıxmışdır. Başqa bir şirkətdə sınaq müddəti ilə işləyir. Sınaq müddəti bitdikdən sonra rəsmi işçi olaraq işləyəcəkdir. O, alimenti 2 dəfə əlbəəl ödəmişdir. Qalan vaxt alimenti karta otuzdurmuşdur. Ödənişlər iş materiallarında da vardır. 128 manat alimentin ödənilməsi ilə bağlı da ödəniş qəbzi vermişdir. 300 manat məbləğində pulu isə götürüb icra şöbəsinə getmişdir. Tələbkar hələ onunla evli olduqları vaxt bilirdi ki, onun 4 yerə krediti vardır. O, aylıq müəyyən olunmuş alimenti hər ay ödəyir, lakin yığılmış borcu tam ödəməyə imkanı yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, aliment 2 uşaq üçün müəyyən edilmişdir. Məhkəmənin ilkin qərardadına düzəliş edilmiş və ilk aydan ödəniş edilməli olması müəyyən edilmişdir. 1 aylıq aliment olmur. Onların boşanması ilə bağlı ərizəsi məhkəməyə 2023-cü ilin avqust ayında daxil olmuşdur. 11 ay əvvəl iş qəyyumluğa göndərilmişdir. Borclu vaxtlı-vaxtında aliment ödənişini etmədyi üçün şikayət etmişdir. İlk ay 400 manat, daha sonra 500 manat ödəniş etmişdir. 3-cü ay alimenti ödəmişdir, lakin yığılmış aliment borcunu ödəməmişdir. Aliment borcu yığılıb qalmışdır. Borclu həmin borcunu ödəmək istəmir. Şikayət verdikdən sonra isə ödəniş etmişdir. 128 manat pulu keçən ay şirkət ödəmişdir. Hazırda aliment borcu 3638 manat təşkil edir. Borclu 1000 manat məbləğində inzibati cərimə olunsa da və ya inzibati qaydada həbs edilsə də onun üçün xeyri vardır. Borcun tam ödənilməsini tələb edir. Qanuna müvafiq ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar