Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4286/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonunda günlük kirayə evlərdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs xx.xx.2024-cü il tarixdə C.Naxçıvanski küçəsi 55 ünvanında tanışı X5 ilə mübahisə edərək ictimai asayişi pozmuşdur”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X6 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda araba çəkib fəhləlik edir. 17 sentyabr 2024-cü il tarixdə gecə saatlarında C.Naxçıvanski küçəsi 55 ünvanında yerləşən kafedə tanışı İlkinlə oturub pivə içmişlər. Bu zaman kafedə olan tanımadığı 2 nəfər şəxslə onun mübahisəsi düşmüş və kafedən çölə çıxmışlar. Həmin şəxslərin onunla əl-qolla danışdıqlarını görən İlkin yaxınlaşıb onları ayırmağa çalışmışdır. Bu zaman yaxınlıqda olan çevik polis alayının əməkdaşları onlara yaxınlaşaraq asayişi pozduqlarını bildirmiş, xidməti avtomobillərinə əyləşdirərək 24-cü polis şöbəsinə aparmışlar. O, xuliqanlıq etməmiş və ictimai asayişi pozmamışdır. Buna baxmayaraq, onunla mübahisə edən tanımadığı şəxslərə görə əsassız olaraq 24-cü polis şöbəsinə aparılmış, onunla mübahisə edən şəxsləri saxlayan isə olmamışdır. İnzibati xəta törətmədiyinə görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X11 Alayının patrul bölüyünün polis nəfəri X7 izahatında göstərmişdir ki, 2 nəfər şəxsin ünvan 1 ünvansız nalayiq küçə ifadələri işlətdiyini görmüş və həmin şəxslərə yaxınlaşmış, onları 24-cü polis şöbəsinə aparmağı təmin etmişlər. Raport yazmaqla onların barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Şəxs və X2r. Əlavə olaraq bildirmişdir ki, hadisə yerində olan digər şəxslərin kim olmasını müəyyən etməmişlər. Həmin yerdə müşahidə kameraları olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin xırda xuliqanlıq etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi, yəni ictimai qaydanı pozan hərəkətlərə yol verərək xırda xuliqanlıq etməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, hazırkı icraata münasibətdə Şəxs əməlinin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə törədilən xırda xuliqanlığın təsiri altına düşməsi barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur, həmin şəxsin əməlində istinad olunan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati qaydada tutulmuş Şəxs dərhal tutulmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal tutulmadan azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4286/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4286/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver