Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4291/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala şəhəri, N.Nərimanov küçəsi ev 34, mənzil 1də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 78B, mənzil 7-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 13 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 13 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində “VAZ 2106” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən yol polisi onu saxlamışdır. Əvvəl ona demişlər ki, avtoxuliqanlıq etmişdir, buna etirazını bildirmiş, sonra DİN-nin 102 xidmətinə zəng etmişdir. Ona deyilmişdir ki, onu azad etməli, avtomobilini də buraxmalıdılar. Bunu yol polisi əməkdaşına demiş, lakin onlar razı olmamışlar, bu dəfə isə demişlər ki, o, içkilidir. Bundan sonra onun fikrini deməsinə imkan vermədən post-patrul əməkdaşlarını çağırmışlar, onlar gələndən sonra YPX əməkdaşı onun hər hansı söz deməsinə imkan vermədən kəmərindən tutub maşına basmaq istəmişdir. O, buna imkan vermək istəməyəndə həmin polis üzünə gözyaşardıcı sprey sıxmış, baş nahiyəsinə isə yumruq vurmuşdur. Bundan sonra iki YPX əməkdaşı və PPX əməkdaşları onu birlikdə döymüş, yerlə sürümüş və məcburla maşına mindirib polis şöbəsinə aparmışlar. Oradan isə həkim müayinəsinə aparılmış, müayinə zamanı “patı”, “marixuana” çəkdiyini demişlər. O, etiraz edərək ancaq “mariuxuana”dan istifadə etməsi ilə razılaşmışdır, lakin onu da həmin gün istifadə etməmiş, ayıq olmuşdur. Ümumiyyətlə o polislərin heç birinə qarşı tabesizlik göstərməmişdir. Çıxışının sonunda isə Şəxs təqsirini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru X5 izahatında göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində Heydər Əliyev prospektində xidmətdə olarkən “VAZ 2106” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması tərəflərindən müşahidə olunaraq saxlanılmışdır. Ünsiyyət zamanı sürücü Şəxs sərxoşluq əlamətləri müşahidə edilmiş, o, özündə olmamış, özünü idarə edə bilməmiş, qeyri-adi hərəkətlərə yol vermiş, tərləmişdir. Buna görə qanunvericiliyin tələbinə əsasən sürücü həkim müayinəsinə dəvət edilmiş, eyni zamanda izah edilmişdir ki, nəqliyyat vasitəsi duracağa təmin edilməlidir. Lakin sürücü Şəxs kobud davranaraq nəqliyyat vasitəsinin duracağa aparılmasına etiraz etmiş, heç bir əsas olmadığı halda səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb etməyə çalışmış, eyni zamanda həkim müayinəsinə getməkdən imtina etmişdir. Qanunvericiliyin tələblərini təkrarən həmin şəxsə izah etmişlər, buna baxmayaraq sürücü yenə də onların qanuni tələblərinə tabe olmamışdır. Ona görə efir vasitəsi ilə polis naryadını köməyə çağırmışlar, bundan sonra Nizami RPİ-nin PPXBnün polis nəfərləri gəlmiş, həmin əməkdaşların da qanuni tələbləri Şəxs tərəfindən yerinə yetirilməmişdir. Buna görə sürücü Şəxs avtopatrula əyləşdirilərək ərazi üzrə 23-cü PB-nə aparılmışdır. Raport yazmaqla həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, həmin şəxsin istinad olunan xətanı törətməsi, həmin xətada onun təqsirli olması təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, o, sonda özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu bildirmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İşdə olan 14 avqust 2023-cü il tarixli 1/4197 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs həmin tarixdə saat 01:05-də keçirilən tibbi müayinəsi zamanı onda “Amfetamin, marixuana qəbulu nəticəsində yaranmış sərxoşluq müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 13 avqust 2023-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur, lakin bunun ardınca sərxoşluq vəziyyəti yoxlanılaraq onda narkotik vasitədən istifadə nəticəsində alkoqol sərxoşluğu müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablana bilməz, işin məhkəmə iclasında baxıldığı vaxtdan, 14 avqust 2023-cü il saat 12:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 14 avqust 2023-cü il saat 12:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4291/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4291/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver