Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4292/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PBnin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1965-ci il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Türkmənistan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvansız günlük evlərdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 05 iyun 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində “Araz” marketin yaxınlığında X1 “Ford Transit yük” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq vəziyyətdə olmasından istifadə edərək avtomobilin salonundan həmin şəxsə məxsus, özgə əmlakı olan 450 manat dəyərində “Samsung A31” markalı mobil telefonu gizli yolla oğurlayıb zərərçəkmiş şəxs Cahil Məlikova xırda talama yolu ilə 450 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 3 ildir ki, Türkmənistandan Azərbaycana gəlmişdir, Bakı şəhərində yaşayır, daimi yaşayış yeri yoxdur, çöllərdə, günlük ucuz evlərdə yaşayır. Pula ehtiyacı olduğundan 05 iyun 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində “Ford” markalı yük avtomobilinin kabinəsinin açıq olmasından istifadə edib orada olan 01 ədəd mobil telefonu oğurlamışdır. Sonra həmin mobil telefonu tanımadığı şəxsə 40 manata satmış, pulunu öz ehtiyaclarına xərcləmişdir. Maddi imkanı olmadığına görə dəymiş ziyanı ödəyə bilməmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, “Ford Transit yük” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlamış, qapısı açıq vəziyyətdə olmuşdur. 05 iyun 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində özünün olmadığı vaxt ona məxsus “Samsung A31” markalı mobil telefon avtomobilindən oğurlanmışdır. Bu barədə bilən kimi DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, 25-ci polis şöbəsinə şikayət yazmışdır. Oğurluq nəticəsində ona 450 manat ziyan dəymişdir. Polislərin araşdırması ilə oğurluğu edən şəxsin Şəxs olması müəyyən edilmişdir. Lakin həmin şəxs ona dəyən ziyanı ödəməmişdir. Buna görə Şəxs ilə barışmamışdır, ondan şikayətçidir və pulunu ödəməsini tələb edir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə əlavə edilmiş diveo görüntülərə baxış zamanı yuxarıda qeyd edilənlərin öz təsdiqini tapdığı müəyyən İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin təhqiqatçısının 15 iyun 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 25-ci PŞ-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının 14 avqust 2023-cü il tarixli raportlarından görünür ki, sözügedən material üzrə oğurluq əməlini törətmiş Şəxs müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı inzibati qaydada tutulmamışdır, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı materialın məhkəməyə təqdim edildiyi 14 avqust 2023-cü il saat 14:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 14 avqust 2023-cü il saat 14:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4292/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4292/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver