Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-43/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 15 dekabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 15 dekabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15.12.2021-ci il tarixdə işi ilə əlaqədar Nizami rayonu, Qara Qarayev prospekti ünvanında (Dakar meydanı yaxınlığında) “LC Waikiki” adlı ictimai iaşə obyektinin qarşısında etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq getmişdir. Daha sonra elə həmin tarixdə ona “Sms Radar” elektron sistemi vasitəsilə məlumat verilmişdir ki, barəsində “Bakı Nəqliyyat Agentliyi” tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə BNA ******* saylı protokol tərtib edilərək, 20 manat məbləğində cərimə edilmişdir. Ona təqdim edilən məlumatlar əsasında elə həmin tarixdə elektron poçt vasitəsilə Bakı Nəqliyyat Agentliyinə müraciət etmiş və inzibati xəta haqqında protokolun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın elektron formasının ona təqdim edilməsini xahiş etmişdir. Müvafiq qərarda da qeyd olunmuşdur ki, o, həqiqətən, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hesab edir ki, müvafiq hüquq normalarına əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsində İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası müəyyən edilmişdir. Bakı Nəqliyyat Agentliyi ilə şifahi telefon danışığı zamanı ona bildirilmişdir ki, barəsində tərtib edilən qanunsuz protokolun hüquqi əsası kimi Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsinin deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələrinin pozulması faktını əsas gətirsin. Bu barədə hüquqi mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikası İXM-nin 124.5-ci maddəsində deyilir: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin maddənin qeyd hissəsində isə maddədə qeyd olunan “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” anlayışına tərif verilərək qeyd edilir ki, bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Lakin təqdim edilən foto çəkilişlərə baxdıqda məlum olur ki, “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar”dan söhbət belə gedə bilməz. Bundan əlavə, müvafiq inzibati xəta üzrə icraat zamanı təqsirliliyin sübuta yetirilməsində qanuna zidd əldə edilmiş sübutlardan istifadə edilmişdir və buna görə də iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş BNA ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş X2 məhkəmə iclaslarında iştirak etməmiş, onunla telefon əlaqəsi zamanı işə onun iştirakı olmadan baxılmasına dair ərizəni poçt vasitəsilə göndərdiyini bildirmiş, həmin ərizənin nəzərə alınmasını, habelə şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, qərardan şikayət vermiş X2 idarə etdiyi “Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 dekabr 2021-ci il tarixdə saat 17:02-dən 17:06-a qədər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 5.9 nişanının təsir dairəsində saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9 nişanı ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Bununla yanaşı, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəflərindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni İXM-nin 122.1-ci maddəsi həmin Məcəllənin digər maddələri üzrə inzibati xəta hadisələrinin aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəinki 122.1-ci maddədə göstərilən inzibati xətalar məcəlləsinin xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən İXM-nin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki Məcəllənin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Bakı Nəqliyyat Agentliyinin 15 dekabr 2021-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 15 dekabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkilə əsasən Nizami rayonu, Qara Qarayev prospekti (Dakar meydanı) yaxınlığında 15 dekabr 2021-ci il tarixdə saat 17:06:43-də dayanmadurma qaydalarını pozduğuna görə, “Toyota Corolla minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X1 idarə etdiyi “Toyota Corolla minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 dekabr 2021-ci il tarixdə saat 17:06 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti (Dakar meydanı) yaxınlığında 5.9 yol nişanının təsir dairəsində saxlaması işdə olan “Hikvision” markalı, DS-2DF8236İX- AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. 5.9 yol nişanının tələbinə əsasən həmin nişan marşrut nəqliyyat vasitələri üçün zolağı nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 istifadəsində olan “Toyota Corolla minik” markalı **-BT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni 15 dekabr 2021-ci il tarixdə saat 17:06:43-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində (Dakar meydanı) yaxınlığında 5.9 yol nişanının təsir dairəsində nəqliyyat vasitəsini dayandırmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. X1 irəli sürdüyü dəlillər isə qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, İXMnin 124.5 və 124.6-cı maddələri üzrə aparılır, bu baxımdan Bakı şəhəri ərazisində quraşdırılmış və sözügedən Agentlik tərəfindən nəzarət olunan müşahidə kameraları ilə qeydə alınmış dayanma və durma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin həmin kameralar vasitəsi ilə aşkar olunması, inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunmasını təsdiq edən haldır, ona görə də belə xətalara dair işlərin icraatı Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsi əsasında aparılmır, həmin işlərin icraatı həmin Məcəllənin 124-cü maddəsinin tələbləri əsasında aparılır ki, hazırkı iş üzrə inzibati araşdırma da həmin qaydada aparılmışdır, ona görə qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər qeyd olunan hissədə də əsassızdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 15 dekabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 15 dekabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-43/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-43/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver