Məhkəmə qərarları › İş №3(007)-4303/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4303/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4303/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin sahə inspektoru Ceyhun Həmidovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil və iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, "xxxx" MMC-də müdir müavini vəzifəsində işləyən, Lerik rayonu, Bilkə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ 25-ci PŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 11 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən Şəxs 11 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında YPX əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru Ceyhun Həmidov protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Şəxs xırda xuliqanlıq etməsi tərtib olunmuş raportla sübuta yetirilir, həmin hadisənin videogörüntüləri də mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 11 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında YPX əməkdaşları tərəfindən avtomobildə konstruksiya dəyişikliyi etməsi səbəbindən saxlanılmış, avtomobilin duracağa aparılması bildirilmiş, lakin o, bildirmişdir ki, avtomobili sonra özü gətirəcikdir. Bütün hadisə bundan ibarət olmuş, avtomobili duracaga aparılmasından imtina etdiyindən tabesizlik etmiş, lakin ictimai qaydanı pozmamış, səs-küy salmamış, təhqiredici ifadələrdən istifadə etməmişdir. Polis əməkdaşlarına qarşı tabesizlilk etdiyinə görə əməlindən çox peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai asayişi pozmamış, xırda xüuliqanlıq hərəkətləri etməmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün isə əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq, onun barəsində İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, İXM-nin 535.1-ci maddəsi ilə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BBPİnin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX baş inspektoru,, polis baş leytenantı X1 bildirdi ki, 11 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün tərəflərindən saxlanılmış, ona qayda pozuntusu izah edilərək nəqliyyat vasitəsinin duracağa aparılmalı olması bildirilmiş, lakin sürücü duracağa getməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. Sürücü tərəfindən səs-küy salması, onlara qarşı təhqiredici ifadələr işlətməsi, əl-qol hərəkətləri etməsi halları olmamış, sürücü sadəcə sakit halda nəqliyyat vasitəsini duracağa aparılmasından imtina etmiş, onların qanuni tələblərinə məhəl qoymamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polisin qanuni tələblərinə tabe olmama kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Lakin məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, raportda və protokolda qeyd olunan İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanın şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, inzibati xətanın törədilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, onun əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsaslanaraq onun əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 510-cu maddəsinin tərkibini yaratmır. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclası zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 535.1-ci maddəsi ilə isə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 21:10-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar