Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4309/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon polis idarəsindən daxil olmuş 19 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 04 avqust 2024-cü il tarixdə saat 15:39-da “Toyota Prius (Hibrid) minik” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, əməlin Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin təsiri altına düşməsi, həmin maddə ilə tövsif edilməsi üçün, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmamalı, bundan sonra isə nəticə etibarı ilə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməli və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmalıdır. Şəxs əməlinin həmin maddə ilə tövsif edilməsinə, onun 04 avqust 2024-cü il tarixdə saat 15:15-də “Toyota Prius (Hibrid) minik” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 327.7-ci maddələri ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə elektron qərar qəbul edilməsi əsas olmuşdur. Şəxs isə bundan təxminən 24-25 dəqiqə sonra, saat 15:39-da həmin avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə olan halda, Şəxs saat 15:39-da nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən bundan təxminən 24-25 dəqiqə əvvəl nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsimdən məlumatsız olması realdır, inzibati orqan belə qərarın qəbul edildiyi anda sürücünün elektron kabinetinə yerləşdirilməsi, sms göndərilməklə onun məlumatlandırılması barədə sübutunu təqdim etməmişdir. Xüsusən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 327.7-ci maddələri ilə nəzərdə tutulan xətalar yol hərəkəti qaydaları əleyhinə olmaqla, belə qərarlardan İXM-nin 126.1-ci maddəsində göstərilən qaydada qərarın rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində şikayət verilə bilər. Bundan başqa, inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın törədilmə yeri və mahiyyəti göstərilməməklə, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4309/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4309/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver