Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4310/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş Bıter Lokman XXX vəkili-4 saylı Bakı “ASAN xidmət” mərkəzində fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, Biter Lokman XXX Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biter Lokman XXX Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bundan başqa, Biter Lokman XXX şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair yazılı vəsatət vermiş, eyni zamanda Biter Lokman XXX inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, mübahisələndirilən qərara mahiyyəti üzrə baxılması üçün şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məlum olmayan səbəbdən “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialının direktoru olaraq AR ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimə edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, ilk başdan sözügedən qərarla bağlı heç nə aydın olmasa da sonradan müəyyən etmişlər ki, qərarda adları göstərilən vətəndaşlar X3 və X7 direktoru olduğu şirkətin əməkdaşları olmamış, X6 Xidməti “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” informasiya sistemindən əldə etdiyi məlumatlara əsasən qərar qəbul etmişdir. Bununla bağlı X6 Xidməti direktoru olduğu şirkətin barəsində MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Həmin məhkəmənin 3(008)-5003/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və digər sənədlər geri qaytarılmışdır. Göründüyü kimi eyni mahiyyətli işə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən, barəsində əsassız və qanunsuz qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Bıter Lokman XXX vəkili X5 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 15 may 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək X3 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialının rəhbəri, vəzifəli şəxs qismində Biter Lokman XXX barəsində 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və səlahiyyətli orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə (hazırda mübahisələndirilən) Biter Lokman XXX Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən eyni xəta ilə bağlı “Makro 2000 X2 Taahhüt İç ve X11”nin barəsində 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 12 avqust 2024-cü il tarixli 3(008)-5003/2024 nömrəli qərardadı ilə “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Göründüyü kimi, dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırmanın tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. X6 Xidməti isə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əmək fəaliyyətinə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X3 və X4 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxsin rəhbəri tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. X6 Xidməti tərəfindən isə “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialının rəhbərinin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və inzibati qaydada tənbeh olunması ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sözügedən 12 avqust 2024-cü il tarixli qərardadına əsasən “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 15 may 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək X3 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi”ndən ibarət ehtimal olunan inzibati xətanın törədilməsi hərtərəfli, tam və obyektiv araşdırılma aparılmadığından, yenidən araşdırılma aparılması üçün inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında porotokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxsin rəhbəri, vəzifəli şəxs qismində Biter Lokman XXX ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə qərarın qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. “Makro 2000 X2 Taahhüt İç ve X11”nin Azərbaycan Respublikasındakı filialı ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmamışdır, vəzifəli şəxs Biter Lokman XXX münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Biter Lokman XXX tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra vəzifəli şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Biter Lokman XXX şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, Biter Lokman XXX barəsindəki 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Biter Lokman XXX barəsindəki 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4310/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4310/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver